Mikayıl Cabbarovdan xəbərdarlıq: "Mövqeyimiz sərtləşəcək..."

  • 12:20 - 13 İyun

"Hesab edirəm ki, Azərbaycanda aparılan bir sıra islahatların nəticələri müsbətdir. Bu xüsusən də vergi yoxlamalarının və vergi yükünün azaldılmasında özünü göstərir".

Bu sözləri Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes-forumunda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir əlavə edib ki, bütün bunlara baxmayaraq vergi daxilolmaları artıb: "Biz bu tendensiyanı 5 ayda qoruyub-saxlamışıq. Bunlar daha çox yoxlamalar və sanksiyalar hesabına deyil, könüllü əməletmə hesabına olub. Vergi daxilolmaların artımı 92% könüllü əməletmə hesabına baş verib".

M.Cabbarov deyib ki, 2020-ci ildə bir sıra dəyişikliklər olacaq: "Bu dəyişikliklər ötən illər müzakirə apardığımız və növbəti ilə nəzərdə tutduğumuz dəyişikliklərdir. Bunlar əsasən texniki dəyişikliklərdir".

Nazir həmçinin qeyri-şəffaf rəqabətin mövcudluğunun vergi daxilolmalarına mənfi təsir etdiyini qeyd edib: "Xatırlayırsınızsa 2018-ci ili keçid ili elan etmişdik. 2019-cu ilin isə I yarısı sona çatır. Onu demək istəyirəm ki, vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq. Haqsız rəqabət və qanunvericiliyin pozulması hesabına vergilərin ödənilməməsi siyasətini biz dəstəkləmirik. 2019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub. Bu artımın əksəriyyəti, 66 mini qeyri-dövlət sektorunun payına düşüb". (Report)


Oxunma sayı: 12100

Oxşar yazılar