On minlərlə etirazçı küçələrə çıxdı - Hökumət binaları mühasirəyə alındı

  • 12 İyn - 2019

Çin Xalq Respublikasına bağlı xüsusi idarəetməyə malik Honqkonqda "deportasiya və ekstradisiya" ilə bağlı qəbul edilən qanun layihəsinə qarşı etirazlar davam edir. 

Avropa.info xəbər verir ki, cinayətkarların mühakimə olunmaq üçün Çinə ekstradisiyasına bazar günü 1 milyon adam dinc şəkildə etiraz edib. Buna baxmayaraq, layihənin bu gün qanunvericlik şurasına çıxarılmasına etiraz edən on minlərlə adam küçələrə çıxıb. 

Səhər tezdən bəziləri maska və kaska geyinmiş, əksəriyyəti tələbələrdən təşkil olunmuş etirazçılar Honqkonqun mərkəzi yollarını bağlayıb və hökumət binalarını mühasirəyə alıblar. 

Hökumət binalarına girişi bağlamağa çalışan etirazçılara gözyaşardıcı qazdan istifadə edən polis, aksiyanın dağılmaması halıdan gücdən istifadə edəcəyi ilə bağlı xəbərdarlıq edib. 

"Bu fəaliyyət dinc şəkildə toplaşmaq həddini aşıb. Dərhal dağılışmaq çağırışı edirik, əks təqdirdə münasib qüvvə tətbiq olunacaq" - Honqkonq polis təşkilatının müraciətində deyilir. 

Honqkonq hökumətinin baş katibi Metyu Çenq etirazçılara dərhal işğalı dayandırıb dağılışmağa çağırıb. 

Qara maskalı, əlcəkli etirazçılardan biri AFP-yə müsahibəsində "Onlar qanunu zibil qabına atanadək getməyəcəyik" deyib. Honqkonq Milli Cəbhəsi siyasi partiyası qanun qəbul edilməzsə, qanunvericilik şurasına hücum edib fasiləsiz akiya keçirməklə hədələyib. 

Pekin tərəfdarlarının çoxluqda təmsil olunduğu qanunvericilik şurası qanun layihəsinin oxunmasını ertələdiyini bildirib. LegCo adlanan qanun layihəsi qeyri-müəyyən müddətədək təxirə salınıb. 

1997-ci ildə Böyük Britaniya idarəçiliyindən Çinə keçən Honkonqun dövlət başçısı Karri Lam qanun layihəsindən geri addım atılmayacağını deyib.  Qanun layihəsinin 20 iyunda qəbul edilməsi gözlənilir. 

Polis Karri Lam ilə Ədliyyə Nazirliyinə qarşı səsləndirilən ölüm hədələrini araşdıracağını da deyib.


Oxşar yazılar