Türkiyə-Azərbaycan-Gürcüstan formatı: Uğurlu üçtərəfli əməkdaşlığın növbəti mərhələsi – Bizim şərh

  • 15:17 - 12 İyun

Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Türkiyə-Gürcüstan müdafiə nazirlərinin ikitərəfli görüşlərindən sonra nazirlərin üçtərəfli görüşü keçirilib. Azərbaycanın müdafiə naziri Zakir Həsənov üç ölkənin təhlükəsizliyi və hərbi əməkdaşlığı baxımından bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Nazir qeyd edib ki, artıq 7-ci dəfədir, bu formatda görüş keçirilir. Türkiyə və Gürcüstanın müdafiə nazirləri də əməkdaşlığın inkişafı üçün bu görüşün keçirilməsini vacib sayıblar. Üçtərəfli görüşdə hərbi qurumların rəhbərləri regional təhlükəsizlik məsələlərini, ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. 

Görüş çərçivəsində, Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planı təsdiqlənib. Planı Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Levan İzoriya imzalayıb. Əməkdaşlıq planında Müdafiə Nazirlikləri arasında müxtəlif mövzularda məsləhətləşmələrin təşkili, birgə təlimlərin keçirilməsi və digər məsələlər öz əksini tapır. 

İyunun 10-da Türkiyənin milli müdafiə naziri Hulusi Akar "Sarsılmaz qardaşlıq -2019" birgə döyüş atışlı taktiki təlimini izləmək məqsədilə Azərbaycanın Naxçıvan şəhərinə gəlib. 

Xatırladaq ki, İyunun 7-də Naxçıvanda "Sarsılmaz qardaşlıq - 2019" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb. Təlimin ssenarisinə əsasən, Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-nə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub. 

Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır. Təlimlərdən məqsəd Bakı – Ankara – Tiflis müttəfiqliyini genişləndirməkdi. Hər üç ölkənin birgə hərbi təlimlər keçirməsi Azərbaycan ordusunun inkişafı və NATO standartlarına uyğunlaşması baxımından böyük əhəmiyyətə malikdir. 

Ümumiyyətlə, Türkiyə-Azərbaycan-Gürcüstan formatı istənilən baxımdan hər üç dövlətin maraqlarına və mənafeyinə uyğun bir formatdır. Bu format xeyli vaxtdır fəaliyyətdədir. Sonuncu görüşdə isə hərbi əməkdaşlığın inkişafı istiqamətində növbəti önəmli addımlar atılıb. Konkret olaraq onu qeyd eləmək olar ki, üç ölkənin birgə hərbi təliminin keçirilməsi olduqca əhəmiyyətlidir. Türkiyə NATO-nun üzvüdür. Gürcüstan isə NATO-ya üzvlük yolunda ciddi məsafələr qət etmiş bir dövlətdir, NATO-ya inteqrasiya yolundadır. 

Azərbaycana gəldikdə isə ölkəmiz hələlik NATO-ya üzvlük kursu seçməsə də, Azərbaycanın da xarici siyasət kursu avroatlantik sturkturlara inteqrasiyaya hesablanıb. Üçtərəfli formatda hərbi təlimlərin keçirilməsi Türkiyənin Cənubi Qafqazda nüfuzunu artıra bilər. Türkiyənin Qafqazda nüfuzunun artması Azərbaycan və Gürcüstanın maraqlarına uyğundur. Həm Azərbaycanın, həm də Gürcüstanın çox ciddi təhlükəsizlik problemləri var. Hər iki ölkənin problemləri bir-birinə çox oxşardır. Bu problemləri aradan qaldırmaq hər iki dövlətin əsas məsələsidir. Təbii ki, hər iki tərəf bu məsələdə xaricdən müttəfiqlər axtarmağa bir növ məcburdur. Müttəfiq qismində də ilk növbədə bu regiona ən yaxın, eyni zamanda regionda ciddi maraqları olan dövlətlərdən biri olan Türkiyə ola bilər. 

Türkiyə-Azərbaycan münasibətləri srtateji əməkdaşlıq səviyyəsindədir. Türkiyə-Gürcüstan münasibətləri də son vaxtlar sürətlə inkişaf edir. Xüsusən Gürcüstanın NATO-ya inteqrasiyası prossesində Türkiyə ciddi rol oynayacaq. Çünki Türkiyə Gürcüstanla quru sərhədə malik yeganə NATO dövlətidir. Üç ölkənin hərbi sahədə əməkdaşlığı regional sabitliyə töhfə verə bilər. Qonşu ölkələrin hərbi-müdafiə sahəsində əməkdaşlığı regional sabitliyə xidmət edir. 

Hər üç ölkənin silahlı qüvvələrinin birgə təlimləri onların operativ uyğunluğunu artırır ki, onlar gələcəkdə bir yerdə istər sülhməramlı əməliyyat çərçivəsində, istərsə də gələcəkdə bir ittifaq daxilində olarlarsa, o ittifaq daxilində də birgə müdafiə təlimləri görmək üçün faydalı ola bilər. Azərbaycanın ticarət və nəqliyyat, eyni zamanda, enerji yolları Gürcüstan və Türkiyə üzərindən keçir. Bu baxımdan hər üç dövlətin müdafiə və hərbi sahədə əməkdaşlığı və bu əməkdaşlığın inkişaf etdirməsi gözlənilən idi. Çünki bu hər üç dövlətin marağına uyğundur. 

Avropa.info-nun ekspert qrupu


Oxunma sayı: 5665

Oxşar yazılar