Elmiri öldürdülər, meyitini öz "QAZel"ində meşəyə aparıb yandırdılar

  • 20:20 - 11 İyun

Rusiyanın Samara vilayətində azərbaycanlı gənci xüsusi amansızlıqla qətlə yetiriblər.

İyunun 9-da gecə saatlarında Poxvitnevo rayonunun Matyan qəsəbəsində “QAZel” markalı maşında 29 yaşlı Elmir Əhmədovun cəsədi aşkarlanıb. Avtomobil yandığı üçün meyit tanınmaz hala düşüb. Əvvəlcə azərbaycanlı gəncin yanğın nəticəsində öldüyü güman edilsə də, sonradan məhkəmə tibb ekspertizası tərəfindən əvvəlcə qətlə yetirildiyi, sonradansa “QAZel”ə od vurulduğu məlum olub.

Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırmalara başlanıb.

Mərhumun qardaşı Əfsunun sözlərinə görə, onların ailəsi 1999-cu ildən burada yaşayır. Dağlıq Qarabağdan məcburi köçkün düşüblər. Uzun illər Rusiyanın başqa-başqa şəhərlərində yaşayıblar. Sonda Samarada məskunlaşıblar. Kənd təsərrüfatı, təmir-tikinti işləri və yük daşımaqla məşğul olublar: “Dörd qardaşıq. İçimizdə ən fağırı, sakiti Elmir idi. İyunun 8-də gündüz vaxtı Elmir telefonda Katya adlı qızla danışırdı. Sonra qardaşımla birgə iş dalınca Poxvitnevskə getdilər. İşlərini bitirdikdən sonra Elmir qardaşıma deyib ki, sən get, mənim bir az işim var, ləngiyəcəyəm. Bundan sonra Elmirlə əlaqə kəsilib, ona zəng çatmayıb”.

Mərhumun qardaşının dediyinə görə, Elmirin telefonunda həmin qızla yazışmaları tapılıb. Katya adlı qızın adından Elmirə mesaj göndərilib, görüşə çağırıb və bıçaqlayıb öldürüblər. Ürəyindən, qarın nahiyəsindən çoxsaylı xəsarətlər yetiriblər.

“Katyanın kim olduğunu bilmirik. Qardaşımla onun hansı əlaqəsi olduğundan xəbərimiz yoxdur. Onun adını isə ilk dəfə həmin gün eşitmişik. Bəzi saytlar yazıb ki, guya qardaşımın evil qadınla əlaqəsi olub. Buna görə də, qadının əri tərəfindən cəzalandırılıb. Yalan məlumatdır. Həmin qız ailəli olmayıb. Cinayəti törədən həmin qızın əri deyil, hansısa aşnasıdır”, - deyə Əfsun əlavə edib.

Xalçaya bükdülər

Həlak olmuş şəxsin böyük qardaşının sonrakı hekayəsi əsl trilleri xatırladır. Onun sözlərinə görə, Elmirin hələ isti cəsədini xalçaya bükdülər və elə onun öz “QAZel”inə yüklədilər.

- Bu, 2008-ci ilin istehsalı olan maşın idi, həmin maşında işləyirdi. Yük daşıyırdı. İndi isə onun özünü yük kimi kuzova qoydular. Qətl Poxvistnevonun kənarındakı evdə baş vermişdi, onu bütün şəhəri keçməklə başqa tərəfə aparıb, “QAZel”i meşəliyə saldılar. Cəsədi götürüb xalçadan çıxardılar və sürücünün yerinə əyləşdirdilər. Hər şeyə elə düzüb-qoşmaq istəyirdilər ki, guya özü yanıb. Cinayətkar benzin çənindən yanacağı çıxarıb, kabinəyə töküb və od vurub. Yanğınsöndürənləri görən kimi aradan çıxıb, - Əfsun danışır.

Samara vilayəti üzrə FHN idarəsinin məlumatına görə, yanğın barədə informasiya iyunun 9-da 00:57-də daxil olub. Poxvistnevo-Nijneye Averkino yolundan 200 metr aralıda Matyan qəsəbəsində “QAZel” avtomobili yanırdı. Alovu 3 nəfər söndürüb. Saat 01:18-də yanğın tam söndürülüb, maşının içində ölmüş kişinin cəsədi tapılıb.

“Nə düşmənimiz var, nə də borcumuz”

Həlak olanın ailəsi narahatdır ki. Elmirin qətlində günahkar olanlar məsiliyyətdən yayınacaqlar.

- İş üzrə yoxlama aparılır. Əvvəlcə bizə qeyri-rəsmi bildirdilər ki. üç nəfər saxlanılıb, sonra dedilər ki, iki nəfərdir. İndi istintaq belə hesab edir ki, qızın adından sms-i hansısa oğlan yazıb. Onu da buraxmaq istəyirlər, bəlkə də artıq buraxıblar. Lakin Elmir bizim yanımızda qızla telefonla danışırdı! – böyük qardaş əsəbiləşir.

Həlak olan şəxsin həyat yoldaşı və yaşlı valideynləri qalıb. Onu vətənində - Azərbaycanda dəfn edəcəklər.

Elmirin doğmaları və yaxınları hələ də anlamırlar ki, nə baş verə bilərdi.

- Kənddə istənilən adamdan soruşun – nənədən. babadan. Uşaqdan – ailəmiz haqqında ancaq xoş sözlər deyəcəklər. Nə düşmənimiz var. Nə də borcumuz, - Əfsun deyir.

Bunu Alkino sakinləri də təsdiqləyirlər.

- Bu ailə kənddə hörmət olnanlardandır. Yaxşı adamlardır, onlara hamı hörmətlə yanaşır. Heç vaxt problem yaratmırlar və özlərini pis tərəfdən göstərməyiblər. Nə davaları olub, nə də münaqişələri. O ki qaldı Elmirə, mən onu hər gün görürdüm, qonşumdur. Nə baş verərdi, baş açmıram, - Elmirin yaxın dostu İldar Q. danışır.

- Bu oğlanlar uşaqlıqdan Alkinoda yaşayırlar. Heyvan da otarıblar, kənddə təsərrüfatlarda pul da qazanıblar. Kiçik yaşlarından işləyirlər, heç vaxt heç kimə köməkdən imtina etməyiblər, onların ailəsinə hamı hörmət edir, - daha bir həmkəndliləri Gülçaçak M. Deyir.


Oxunma sayı: 25619

Oxşar yazılar