XİN mətbuat katibi: "Bütün məsuliyyəti Ermənistan tərəfinin üzərinə düşür"

  • 10 İyn - 2019

“Fikrimizcə, düşmən qüvvələrin düşərgəsində kim kimi idarə edir məsələsində böyük qarışıqlıq mövcuddur. Aydındır ki, Ermənistan rəhbərliyi yalan bəyanatlar verməklə məsuliyyətdən yayınmağa çalışır”. 

Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katib Leyla Abdullayeva bildirib.

O, qeyd edib ki, Ermənistanın müdafiə naziri isə Azərbaycan hərbi qulluqçusunu məhv etmək əmrini yerinə yetirənləri şəxsən mükafatlandırmaqla ölkəsinin işğalçı dövlət olduğunu etiraf etmiş olur: “Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında bilavasitə iştirak etdiyinin bariz sübutudur. Ermənistan müdafiə nazirinin bu hərəkəti, həmçinin bu ölkənin beynəlxalq vasitəçiləri aldatdığını və onlara hörmətsizlik etdiyini açıq şəkildə nümayiş etdirir”. 

L.Abdullayeva xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri snayper atəşi ilə qanlı təxribat törədib və bölgə səfəri ilə bağlı həmsədrlərin bəyanatından bir-neçə gün sonra Ermənistan yenidən qanlı cinayətə əl atıb: “Təəssüflə qeyd etmək istərdik ki, məhz Ermənistanın məsuliyyətsiz davranışı nəticəsində bölgə yüksələn gərginlik astanasındadır. Ermənistanda müharibə tərəfdarlarının törətdiyi bu təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqların mahiyyətinə zərbə vurmaq cəhdidir. Bir daha vurğulayırıq ki, hadisələrin bu istiqamətdə inkişafının bütün məsuliyyəti Ermənistan tərəfinin üzərinə düşür”.


Oxşar yazılar