Paşinyan daha "İsgəndər" istəmir, amma Putindən "nəsə iri şey" almaq arzusundadır

  • 18:22 - 07 İyun

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşünün gedişində tərəflər yeni silah təchizatı məsələsini müzakirə ediblər.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, Yerevanla Moskva arasında artıq indidən “hansısa razılaşmalar” var. O, hərbi-texniki sahədə əməkdaşlığın səviyyəsinin yaxşı olduğunu xüsusi qeyd edib və belə bir fikir bildirib ki, bu sahədə iki ölkənin münasibətləri eyni tərzdə inkişaf edir.

Jurnalistlərin liderlərin Ermənistana yeni “İskəndər-M” raket komplekslərinin tədarükünü müzakirə edib-etmədikləri ilə bağlı sualına Paşinyan cavab verib ki, respublikada onların sayı kifayət qədərdir. “Lakin biz yenə nəsə almaq niyyətindəyir. Iri bir şey”, - o əlavə edib.

May ayının əvvəllərində məlum olub ki, Ermənistan Rusiyadan Su-30SM modernləşdirilmiş qırıcılarının alışı prosesinə başlayıb. Ermənistanın baş naziri o vaxt bildirmişdi ki, təyyarə tədarükü hamıya məlum olan faktdır, lakin digər növ silahların alınması ilə əlaqədar məlumatları açıqlamaqdan imtina etmişdi.

Fevral ayında isə ölkənin müdafiə naziri David Tonoyan bəyan etmişdi ki, Ermənistan hazırkı, 100 milyon dollarlıq kredit üzrə alqı prosesi başa çatdıqdan sonra Rusiyadan silah alışı üçün yeni kredit götürə bilər. Əvvəlki kredit 2017-ci ildə illik 3% dərəcəsi ilə təqdim edilib və Ermənistan bu vəsaitdən 2022-ci ilə qədər istifadə etməlidir.

“İskəndər” operativ-taktiki raket kompleksi daşıyan hərbi maşınlar Yerevanda ilk dəfə 2016-cı ilin sentyabr ayının 16-da gözə dəyiblər. O vaxt Ermənistanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş paradın məşqi keçirilirdi. 2016-2017-ci illər qışında Ermənistanın bir sıra rəsmi şəxsləri, o cümlədən o vaxtkı prezident Serj Sarkisyan respublika hərbçilərinin cəbbəxanasında bu komplekslərin mövcudluğunu rəsmən təsdiqləmişdilər.


Oxunma sayı: 4400

Oxşar yazılar