Azərbaycanda qara pomidorları yaymağa hazırlıq gedir

  • 21:55 - 01 İyun

Azərbaycanda təcrübə məqsədilə qara pomidor yetişdirilir və təlabat olarsa bu sahənin genişləndirilməsi nəzərdə tutulur. İlk dəfə İsraildə bostan növlərinin yabanı növlərlə çarpazlaşdırılmasından əldə edilən qara pomidor təkcə rəngi ilə deyil, forma və dadına, eləcə də bahalığına görə digər sortlardan fərqlənir.

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev son vaxtlar fermerlərin marağını cəlb edən qara, eləcə də sarı, çəhrayı, badımcan rəngli, yaxud formasına görə badımcandan fərqlənməyən pomidor sortları ilə bağlı virtualaz.org-a danışıb.

 

E.Allahverdiyevin sözlərinə görə, qara pomidor formasına, rənginə, dad keyfiyyətlərinə görə digər sortlardan fərqlənir: “Pomidorlar tərkibində olan fiqmentlərin keyfiyyətinə görə rəng alır. İndi müxtəlif rəngli, məsələn,  qırmızı, açıq qırmızı, çəhrayı, sarı, badımcan rəngli, o cümlədən qara pomidorlar var. Qara pomidor geni dəyişdirilmiş məhsullardan deyil, çarpazlaşmış yolu ilə alınmış sortlardandır”.

Qırmızı pomidorun tərkibində  nikotin var, məhz bu da pomidora qırmızılıq verir. Digərində karotin maddəsi var, qaralıq verir, bunlar çarpazlaşdırıldığında qara rəngli pomidor alınır. Allahverdiyev deyib ki, indi müxtəlif rəngli, formalı pomidoru çarpazlaşdıranda istənilən formalı, rəngli pomidor alınır, bu selektsiyaçıların iş üslubudur. Məsələn, badımcandan fərqlənməyən pomidorlar var, yeməyənə qədər ayır etmək mümkün deyil, kokteyl formalı pomidorlar da var.

Ötənilki mövsümdə bir neçə fermer qara rəngli pomidor yetişdirdi. Hətta bu pomidorların tərkibinə görə xərçəngin dərmanı olması iddiası da irəli sürüldü. Müsahibimiz əlavə edir ki, qara pomidorun tərkibində C vitamini çoxdur, kalium ilə zəngindir, tərkibində orqanik turşular, sellüloz, mineral maddələr, karotinr və likopin, B qrupunun vitaminləri var,  antioksidantdır, görmə qabiliyyətinin artırmasına kömək edir, orqanizm üçün faydaları digərlərindən dəfələrlə çoxdur. Ümumiyyətlə pomidor xiyardan daha faydalıdır. Amma xərçəngin dərmanı olub-olmadığı bəlli deyil.

Bəllidir ki, istehsal birbaşa təlabatdan asılıdır, təlabat isə təkcə ixracla müəyyənləşdirilmir, istənilən qidanın yerli bazarlara yol tapması üçün milli mətbəxtə daxil olması vacibdir. Azərbaycanda isə əsasən qırmızı rəngli ətli pomidora üstünlük verirlər, üstəlik qeyri-ənənəvi sortlarla bağlı mənfi fikirlər mövcuddur. İnstitut direktoru isə kivini nümunə gətirir, deyir ki, yaxın keçmişdə kivi də milli mətbəxtimizdə olmayıb, indi isə bölgələrdə əkilir, təlabat da var. Yaxın gələcəkdə qara pomidorlara təlabatın olmayacağını iddia etmək mümkünsüzdür.

“Hər bir xalqın ağız, dad keyfiyyətləri var. Milli mətbəxtə daxil ola bilsə qara pomidorun populyarlığı artacaq. Qara pomidor ekzotik bitki sayılır, amma bundan da ekzotik növləri var. İnstitutda sort nümunələrini saxlayırıq, seleksiyada istifadə edirik. Pomidor növü var ki, badımcana oxşayır, yaxud badımcan sort nümunəsi var ki, qırmızı pomidordan fərqlənmir. Bu məhsullar çarpazlama yolu ilə alınır”-Allahverdiyev deyir.

Bir pomidor sortu məhsuldardır, amma görünüşü gözəl deyil, yaxud məhsuldarlıqlığı az olan, amma gözəl görünüşlü sortlar çarpazlaşdırılır. Hər ikisinin yaxşı keyfiyyətini ortaya çıxarıb yeni hibrid sortu yaradırlar. Müsahibimiz xatırladır ki, hibrid sortu insan sağlamlığına zərərli deyil, bunu dərmanlı bitkilər, yaxud GMO ilə qarışdırmaq olmaz. “Rusiya bazarında çəhrayı pomidora üstünlük verirlər, bu məhsulun 80-90 faizi ixrac olur. Qara pomidor istehsalı yalnız təlabatla bağlıdır”.

Allahverdiyev əlavə edib ki, institutun məqsədi həm də yerli sortları sərvət kimi qorumaqdır. Ənənəvi sortlar tez xarab olsa da, dad keyfiyyəti ilə digərlərindən daha üstündür. “Öz xalqımız üçün yerli sortlar əkməliyik, xarici sortlar ixrac üçün yararlıdır”.


Oxunma sayı: 6743

Oxşar yazılar