Kənd təsərrüfatı naziri Lənkəranda AMAL-çı gənclərlə görüşüb

  • 30 May - 2019

Kənd təsərrüfatı naziri İnam Kərimov Lənkəranda Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) iştirakçısı olan gənclərlə görüşüb.

Bu barədə Avropa.info-ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Heydər Əliyev Mərkəzində keçirilən görüşə layihəyə Neftçala, Lənkəran və Masallı rayonlarından qoşulmuş 200-dən artıq gənc iştirak edib. Nazir ölkə başçısının Kənd Təsərrüfatı Nazirliyi qarşısında qoyduğu əsas vəzifələrin fermerlərlə daimi ünsiyyət, aqrar sahədə düzgün idarəçilik və fəaliyyətdə müasir yanaşma olduğunu bildirib: “Bütün bu vəzifələrin icrasında bizim ən böyük gözləntilərimiz gənclərdəndir. Hər hansı sahədə yeniliklərin, müasir texnologiyaların və yanaşmaların tətbiqi o sahəyə məhz gənclərin gəlişi ilə bağlıdır. Gənclərin aqrar sahəyə cəlb olunması onların məşğulluğunun təmin edilməsi ilə yanaşı, bu sahənin yenilənməsi, yeni sürətlə inkişafı üçün vacibdir”. 

Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov region gənclərinin belə bir layihəyə cəlb edildiyi üçün kənd təsərrüfatı nazirinə təşəkkürünü bildirib. İcra başçısı gənclərin imkan və bacarıqlarını düzgün istiqamətə yönəltmək baxımından belə bir layihənin çox əhəmiyyətli olduğunu əlavə edib və AMAL-ın geniş hərəkata çevriləcəyinə əminliyini vurğulayıb.

AMAL-ı həyata keçirən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev tədbir iştirakçılarına layihə barədə geniş məlumat verib. 2018-ci ilin noyabrında elan edilmiş layihəyə ilkin mərhələdə 1 000 nəfər seçildiyini, daha sonra isə 400 nəfərin növbəti mərhələyə keçdiyini qeyd edən agentlik sədri Neftçalada AMAL-ın “Gənc Fermerlər Proqramı”nın təlimini başa vurduqlarını deyib. Təlimdə iştirak etmiş gənclər biznes planlarını hazırlayaraq, seçim üçün təqdim ediblər. M.Əliyev Lənkərandan olan AMAL-çıların sitrus meyvələrin yetişdirilməsi ilə bağlı pilot layihəyə başladıqlarını da bildirib.


Oxunma sayı: 187

Oxşar yazılar