Şeyxülislam: "Prezidentin gerçəkləşdirdiyi islahatlar əsl liderə xas əzəmət və siyasi qüdrət nümunəsidir"

  • 21:30 - 24 May

"Peyğəmbərimiz Məhəmməd Salavatullahın hədisində buyurulur ki, insanların ən xeyirlisi xalq üçün daha faydalı olanıdır. Zati-aliləri, Azərbaycanın iqtisadi qüdrətinin artırılması yönündə səyləriniz, beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrində fəal iştirakınız, sosial layihələrə verdiyiniz dəstək xalqımızın rifahına, dövlətimizin mənafelərinə xidmət edir. Siz və Mehriban xanım bütün vətəndaşlara həyatın ən çətin məqamlarında - təbii fəlakətlərdə, yanğınlarda, baş verən faciələrdə yüksək insani dəyər verir, onların problemlərinə diqqətlə yanaşırsınız. Dünyanın inkişaf etmiş dövlətlərinin miqrant böhranını aradan qaldıra bilmədiyi bir dövrdə Siz, möhtərəm cənab Prezident, Azərbaycanın qaçqın və məcburi köçkünləri üçün böyük qayıdış planları həyata keçirirsiniz. Cocuq Mərcanlıda Zati-alinizin inşa etdirdiyi məscidin, aparılan quruculuq işlərinin mənəvi önəmi xalqımız üçün sözlə ifadə olunmayacaq qədər böyükdür".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində deyib.

O bildirib ki, Prezidentin ölkədə həyatın bütün sahələrində gerçəkləşdirdiyi islahatlar əsl liderə xas əzəmət və siyasi qüdrət nümunəsidir:

"Zati-aliləri, qədirbilən xalqımız Sizin siyasətinizin dövlətimizin uğurlu gələcəyinə xidmət etdiyindən əmindir. Lakin bizi istəməyən, gözü götürməyən bədxah qüvvələr Azərbaycanı bu qədər inkişaf etmiş gördükcə böhtan və iftiralarla xalq-dövlət birliyini pozmağa çalışırlar. Təəssüf ki, bədxah qüvvələr Azərbaycana qarşı mübarizələrində bəzən soydaşlarımızdan da istifadə etməyə çalışırlar. Şeyxülislam olaraq bildirmək istəyirəm ki, doğru yola qədəm qoysunlar, xalqımızın, dövlətimizin mənafelərini hər şeydən uca tutsunlar.

Bu yaxınlarda 10 milyonuncu vətəndaşımızın dünyaya gəlməsi gündən-günə geriləyən, maddi və mənəvi iflasa uğrayan, demoqrafik böhran yaşayan Ermənistan üçün ağır zərbədir. Ordumuzun artan qüdrəti, insanlarımızın Sizə sədaqəti bədxahları narahat edir, hətta dini zəmində qarşıdurma yaratmaq, məzhəb ayrı-seçkiliyi salmaq niyyətində olan daxili və xarici qüvvələr də yox deyildir. Lakin bu cür insanlar heç nəyə nail olmayacaqlar. Allahın köməyi və Azərbaycan xalqının dəstəyi həmişə Sizinlədir, möhtərəm cənab Prezident! Sizi əmin etmək istəyirəm ki, apardığınız siyasi xəttin qələbəsi yolunda hər zaman Sizin yanınızdayıq. Biz dindarlar Sizi dövlət rəhbəri kimi Məkkədə – müqəddəs məkanda seçmişik, xeyir-dualar vermişik və seçimimizə sadiqik. Allah-Təala hər zaman haqqın tərəfindədir.

Zati-aliləri, 70 illik yubileyim və Şeyxülislamlıq fəaliyyətimin 40 illiyi münasibətilə verdiyiniz ali qərar və sərəncamınızla cənabınıza xas olan böyüklük nümayiş etdirərək, şəxsimə, Azərbaycan xalqı, dövlətçiliyimiz, müqəddəs dinimiz yolunda xidmətlərimə böyük dəyər verdiniz. Şeyxülislam olaraq 40 il ərzində dini mərkəzimizi ulu öndər Heydər Əliyevin xeyir-duası ilə onun əmanəti kimi saxlamağa, cənab Prezident, Sizin dəstəyinizlə dünyanın tanınmış dini təşkilatı səviyyəsinə qaldırmağa nail olmuşuq. Bu illər ərzində idarəmizə, şəxsimə olan hörmət və diqqətiniz, özəl münasibətiniz, fəaliyyətim barədə dəyərli fikirləriniz mənim üçün ən qiymətli hədiyyə olubdur. Zati-alinizin məni dost, qardaş adlandırmasını özüm üçün ən böyük mükafat hesab edirəm və bu yüksək etimadınızla fəxr edirəm. Hər zaman, hər yerdə qürurla deyirəm ki, harada dövlət və din birliyi varsa, orada dövlətin və xalqın siyasi, iqtisadi və mənəvi rifahı üçün təminat vardır, Heydər Əliyev yolunun davamı və Uca Yaradanımızın xeyir-duası vardır.

Möhtərəm cənab Prezident, bizim yeganə problemimiz, ağrılı yerimiz Dağlıq Qarabağ münaqişəsidir ki, onun da tezliklə Allahın köməyi və Ali Baş Komandanımızın əzmi, qətiyyəti sayəsində həllini tapacağına, torpaqlarımızın azad olunacağına əminik. Bu əziz gündə Vətən uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik. Allah-Təala Sizin rəhbərliyinizlə müzəffər ordumuzun əzəli torpaqlarımıza zəfər bayrağı sancmasını görməyi bizlərə nəsib etsin, İnşallah! Bu müqəddəs və mübarək Ramazan ayında Zati-alinizə və möhtərəm ailənizə ən gözəl arzularımızı yetiririk. Uca Allah hər zaman Sizi qorusun, yardımçınız olsun".

 

report


Oxunma sayı: 4763

Oxşar yazılar