109 yaşlı “Ər və arvad”la həmyaşıd Akademik Musiqili Teatr

  • 14:33 - 24 May

109 il bundan öncə  - 24 may 1910-cu ildə Üzeyir Hacıbəylinin ölməz səhnə əsəri - “Ər və arvad” musiqili komediyası ilə şərqdə ilk operetta janrı təşəkkül tapdı və Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan həmin tamaşa ölkəmizdə Musiqili Teatrın gələcək inkişafına zəmin yaratdı. 

May ayının 26-da saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrınında oynanılacaq “Ər və arvad” tamaşasının növbəti nümayişi də bu əlamətdar günə həsr olunub.

Bir əsrdən çox müddətdə repertuardan düşməyən, tamaşaçılar tərəfindən böyük sevgi və maraqla qarşılanan bu səhnə əsəri nəinki ölkəmizdə, həm də onun hüdudlarından kənarda da daim uğurla nümayiş olunur, çox böyük maraq və coşquyla qarşılanır. 

16 oktyabr 2010-cu ildə son quruluşda təqdim olunan tamaşanın rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Əməkdar rəssam Eldar Qurbanov, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır. Rollarda Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov, Ağaxan Şərifov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Fərid Rzayev və Ruslan Mürsəlov ifa edirlər. 

Teatr həftəsonunu əyləncəli keçirmək istəyən hər kəsi əsrlərə meydan oxuyan, heç vaxt aktullığını itirməyən və hamıya xoş ovqat bəxş edən böyük Üzeyir bəyin musiqisinə, “Ər və arvad” tamaşasına baxmağa dəvət edir. 

6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.


Oxunma sayı: 8569

Oxşar yazılar