Tərtərdə PQ-7 raketinin mühərrik hissəsi aşkarlanıb

  • 20:02 - 23 May

Mayın 23-də saat 09:59-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonunun Əskipara kəndində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Avropa.info-ya bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları ərazidə bir evə və həyətyanı sahəyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində PQ-7 raketinin mühərrik hissəsi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin tapıldığı yerin ətrafında 200 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Oxunma sayı: 4048

Oxşar yazılar