"Avroviziya-2019"-un nəticələri dəyişdirildi – Azərbaycan bir pillə gerilədi (Rəsmi)

  • 10:54 - 23 May

İsrailin baş şəhəri Tel-Əvivdə keçirilmiş “Avroviziya 2019” mahnı müsabiqəsinin təşkilatçıları tamaşaçılardan və münsiflərdən gələn səslərdə dəqiqləşdirmə aparıb. Novator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Çingiz Mustafayevin xalı 297-dən 302-yə yüksəlsə də, o, sıralamada yeddinci yerdən səkkizinci yerə düşüb.

“Avroviziya 2019”a mayın 18-i finalla nöqtə qoyulub. Yarışmada niderlandlı Dunkan Laurens qalib gəlib.

İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyi “Avroviziya” yarışını 1956-cı ildən keçirir. Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır və bir dəfə – 2011-ci ildə Nigar Camal və Eldar Qasımovla 1-ci yeri götürüb.

Ölkə daha dörd iştirakda ilk beşlikdə qərar tutub. 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci olub.

Digər nəticələr belə sıralanır: 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yer, 2015-ci ildə Elnur Hüseynov 12-ci yer, 2017-ci ildə Diana Hacıyeva 14-cü yer, 2016-cı ildə Səmra Rəhimli 17-ci yer, 2014-cü ildə Dilarə Kazımova 22-ci yer.

“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova 26 nəfərlik finala çıxa bilməyib. Yarımfinalda topladığı xalları nəzərə alanda o, bütövlükdə yarışın 43 iştirakçısı arasında 30-cu yerdə qərarlaşıb.


Oxunma sayı: 5643

Oxşar yazılar