Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

  • 20:20 - 22 May

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib. 

Tədbirdə üzv ölkələr - Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan və Hindistanın, müşahidəçi dövlətlər - Belarus, İran, Əfqanıstan və Monqolustanın xarici işlər nazirləri iştirak ediblər. 

Tədbiri 2019-cu ildə ŞƏT-ə sədrlik edən Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov açaraq görülən işlər haqqında məlumat verib, bu ilin sonuna kimi nəzərdə tutulan planlardan danışıb. 

Görüşdə ŞƏT-in üzvü olan və müşahidəçi ölkələr arasında iqtisadi sahədə əlaqələrin dərinləşdirilməsi, təşkilatın Regional Antiterror Strukturunun fəaliyyətinin genişləndirilməsi, terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə səmərəliliyinin artırılması məsələləri müzakirə edilib. 

Tədbirdə iyunun 13-14-də ŞƏT-in Bişkekdə keçiriləcək Sammitinə hazırlıq və Zirvə görüşündə imzalanacaq sənədlərin hazırlanması istiqamətində də fikir mübadiləsi aparılıb. 

Görüşün sonunda tərəflər arasında əməkdaşlığın daha da inkişafı ilə bağlı “Yol xəritəsi” imzalanıb. 

Xatırladaq ki, Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.


Oxunma sayı: 3707

Oxşar yazılar