"Heç bir küçəyə qadağa qoyulmayacaq" – AFFA-dan yayılan xəbərlərə reaksiya
- 16:58 - 21 May
"Avropa Liqasının final qarşılaşması ilə bağlı paytaxtın bəzi küçələrində məhdudiyyət qoyulması ilə bağlı informasiya doğru deyil".
Bu sözləri matc.az saytına açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.
Assosiasiya rəsmisi bildirib ki, mayın 25-dən 31-dək Bakının bəzi mərkəzi küçə və meydanlarında vətəndaşların sıx hərəkətinə məhdudiyyət qoyulmayacaq: "Final oyunu ərəfəsində Bakı şəhərinin hər hansı ərazisində vətəndaşların hərəkətinə məhdudiyyət qoyulması ilə bağlı nə oyunun yerli Təşkilat Komitəsinin, nə də UEFA-nın belə bir istəyi və ya tələbi olub. Bu məlumatın hardan qaynaqlandığı barədə informasiyamız yoxdu".
Xatırladaq ki, bu gün Ona.az saytı mayın 25-dən 31-dək "Tarqovı", İstiqlaliyyət küçəsi və Fəvvarələr meydanına vətəndaşların girişi məhdudlaşdırılacağı barədə xəbər yayıb.
Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Həlledici qarşılaşmada İngiltərənin iki təmsilçisi - "Arsenal"la "Çelsi" üz-üzə gələcək.