Ziya Səfərbəyov : Son kitabda çoxlu sarkazm və qəribə fikirlər var

  • 20 May - 2019

“Gecələr şeytan sənin Allaha xəyanət bacarığına heyran olmaq üçün hüzuruna gəlirdi...”.

Məşğul olduğumuz şeylərin mənası varmı? Xoşbəxtlik nədədir? Harmoniyaya necə çatmaq olar? Gənc yazıçı Ziya Səfərbəyov son beş ildə bu sualların cavabını axtarır.

Aprel ayında Azərbaycanda yazıçının növbəti “47-ci xromosom” adlı kitabı işıq üzü gördü. Soydaşımızın ilk kitabı “Мой проклятый мир” (“Mənim lənətlənmiş dünyam”) Amerika, İtaliya, Fransa, İspaniya, Almaniyada da nəşr olunmuşdu. Yazıçı Oxu.Az-a müsahibəsində kitablarının hamısının özünüaxtarışların nəticəsi olduğunu bildirib.

- İlk öncə, özünüz haqda məlumat verin.


- Aşağı sinif uşaqlarının anketlərindəki kimi cavab verəcəyəm. Adım Ziya Səfərbəyovdur. 1991-ci ildə Bakıda anadan olmuşam. Sevdiyim rəng qaradır.

 

- Nə ilə məşğulsunuz?


- Hazırda ixtisasım üzrə işləyirəm. Avropada magistratura təhsilimi bitirmişəm, Litvanın Kaunas şəhərində yerləşən Böyük Vitovt Universitetində oxumuşam. Sonra isə Buxarestdə Rumın-Amerikan Universitetində marketinq sahəsi üzrə təhsil almışam. Kitablarımı daha yaxşı sata bilmək üçün (gülür). 2017-ci ildə Azərbaycana qayıtmışam.


- Sizi yazıçılıq fəaliyyətinə başlamağa nə təhrik etdi?


- Bilmirəm. Xüsusi təhriketmə, ya da mütləq kitab yazmalı olduğum barədə yuxu olmadı. Sadəcə gec, ya tez bu baş verəcəkdi. Kitablar olmasaydı da fikirlərim kağız üzərində əksini tapacaqdı. 

 

- “Qullar” kitabınızı oxudum, çox bəyəndim.

 

-“Tələyə bilet” və “Melanxoniya” adlı iki nəşr olunmayan kitabım var. Onlar Azərbaycan dilinə tərcümə olunub, redaktə olunub və onları elə sabah çapa vermək olar. Amma elə alındı ki, onları çap etdirməyə zamanım yetmədi və təhsil almağa yola düşdüm.


Qayıdıb onları təkrar oxuyanda isə başa düşdüm ki, orada yazdığım bir çox düşüncə və ideyalarımla artıq razı deyiləm. Buna görə də onlar nəşr olunmamış halda kənarda qalır. Çap olunandan sonra heç bir kitabımı heç vaxt oxumamışam. Yəni kitablarımı bəyənib bəyənmədiyimi özüm də bilmirəm, amma əlbəttə ki, “Qullar” kitabımı bəyənməyiniz məni sevindirir. Minnətdaram!

 

- Sonuncu kitabınız - “47-ci xromosom” nə haqqındadır?


- Kitabın məzmunu cəmi bir cümlə ilə ifadə olunmuşdur. Cümləni oxuduqda insan ya kitabla maraqlanır, ya da yox. Amma sizə onun nə haqda olması barədə bir az danışacağam. O insan şüuruna təsir edir. Kitab insanın düşüncələri və divanda əyləşərək öz şüuruna edə biləcəyi ağılasığmaz səyahətlər haqqındadır. 


Amma suala qısa cavab vermək lazımdırsa, deyə bilərəm ki, kitab gənc, həyatda təcrübələrini yaşayan ailə haqqındadır. Onlar bərabər LSD, ekstazi, marixuana kimi narkotik vasitələri sınayırlar. Kitabın mövzusu gənclərin həyatı başqa cür qəbul etmələri, bu vaxta qədər onlara tanış olmayan, sonradan sevib bir hissəsi olduqları Hippi mədəniyyəti ilə oxşar musiqi ilə tanış olmaları, bir-birlərinə olan sevgiləri, sonrakı taleləri haqdadır. Kitabda çoxlu sarkazm və qəribə fikirlər də yer alıb.


Məhkəmə psixiatriyası ilə maraqlanıram. Kitabda bu barədə hekayələr və danışmayacağım daha bir çox maraqlı məqamlar var. Kitab mağazasına gedib “47-ci xromosom”-u əldə etməyi məsləhət görürəm.


- Məzmunu xarakterizə edən cümlənin nə olduğunu deyə bilərsiniz?

 

- “Gecələr şeytan sənin Allaha xəyanət bacarığına heyran olmaq üçün hüzuruna gəlirdi...”.


- Dünyada nəyi dəyişmək istərdiniz?

 

- Bəlkə də, dünyanı dəyişə bilmərik, amma öz dünyamızı yarada biləcəyimiz dəqiqdir. Daha çox ətrafımda öz dünyamı yaratmaq haqda düşünürəm. Nəyisə doğrudan dəyişmək istəyiriksə, bu, düşüncədən hərəkətə keçir, belə olduqda, cəmiyyət, siyasət və s. kimi faktorlar səni özünə çəkə bilərlər. Mən isə heç nədən, hətta “dünyanı yaxşıya doğru dəyişmək” ideyasından da asılı olmaq istəmirəm. 

 

- Siz hələ də özünüzün və istiqamətinizin axtarışındasınız, düz başa düşdüm?


- Bəli, elədir. Qəlb rahatlığının axtarışındayam. Düşünürəm ki, buna görə çox şeylərdən uzaqlaşmaq olar. “Hər şey” sözünü işlətməməyə çalışıram. Amma çox şey doğrudan da “hər şey” sözünə yaxındır, amma yenə də axı hər şey deyil. Son beş ildir həyat tərzi haqda, məşğul olduğum işin nəsə mənası varmı deyə tez-tez düşünürəm. Ya da götür-qoy edirəm ki, insanların mənalı saydığı şeylərin həqiqətən də, mənası varmı?

Sizdə də belə hiss olur ki, hər şeyi qoyub dağlarda yaşamağa getmək istəyirsiniz? Hər kəsdən uzaqda, unudulmuş bir evdə qalmaq... Sosial şəbəkələrsiz, xəbərlərsiz, maşınsız, fast-fudsuz, öyüd-nəsihətlərsiz, dərslərsiz, riyaziyyat və kosinussuz, iş və 9-10 saatlıq rejimsiz. Onda nə edərdik? Heç nə. 

Uzaqlaşmaq istədiklərimizin dərinliyin getdikcə daha da çox batırıq. Hər şeyi qoyub getmək, məsələn, Afrikada quyu qazmaq, ya da özünü alpinistliyə həsr etmək fikri oyanır. Bəlkə də, sən dağları fəth edib zirvəyə çıxdıqda xoşbəxt olacaqsan, amma işə gecikməmək üçün hər səhər saat yeddidə oyanmalısan.

Həyat bizə öz orbitindən çıxmağa imkan vermir. Biz də hər şeyi təxirə salmaq üçün minlərlə səbəb düşünürük. Mən özüm də orbitdən çıxmaq və özümü axtarmağa yollanmaq üçün güc tapmağa çalışıram.


-Əsərlərinizin süjetlərini nədən əldə edirsiniz?


- Təxəyyül deyək və əlbəttə ki, real həyatdan. Çox vaxt real həyat, real insanlar haqqında yazıram.


- Təşəkkürlər, Ziya.

- Siz sağ olun.

 


Oxşar yazılar