Avstraliyada ümumi federal seçkilərdə sağ koalisiya qalib gəlib

  • 11:10 - 19 May

Avstraliya Seçki Komissiyası (AEC) ölkənin federal parlamentinə seçkilərlə əlaqədar bülletenlərin 75 faizini artıq hesablayıb.

İlkin məlumatlara görə parlamentdə yerlərin əksəriyyətini hakim Liberal-Milli Koalisiya (LMK) qazanıb.

AEC-in son məlumatına əsasən, LMK Nümayəndələr palatasının yeni tərkibində ən azı 74, Leyboristlər 66, müstəqil deputatlar 3 və “Yaşıllar”, “Mərkəz Alyansı” və Katterin Partiyası isə hərəyə bir yer əldə ediblər. Parlamentdəki daha 5 yerin taleyi ölkənin qərb dairələrindəki səslərin hesablanmasından sonra məlum olacaq. Vaxt fərqinə görə burada seçkilər qismən gec başa çatıb.

Xatırladaq ki, Avstraliyada partiyanın və ya partiyalar koalisiyasının seçkilərdə qələbəsi üçün parlamentin aşağı palatasındakı 151 yerdən 76-sını qazanmaq lazımdır. Bu nəticə həmin partiyanın liderinə Baş nazir vəzifəsini tutmaq və öz fraksiyasından olan deputatlarla hökuməti formalaşdırmaq imkanı yaradır. AEC-in məlumatına görə, bütün səslərin hesablanmasından sonra hakim LMK çox güman ki, lazım olan miqdarda mandat əldə edərək hökuməti formalaşdıracaq. Bundan sonra isə həyata keçirməyə başladığı proqramları – miqrasiya proqramının müasirləşdirilməsi, əhalinin daha az gəliri olan hissəsinin vergi yükünün azaldılması, qitənin yol infrastrukturunun inkişafı və digər layihələri davam etdirəcək.

Ekspertlərin rəyinə görə, səsvermənin nəticələrini hakim koalisiyanın, xüsusən də Baş nazir Skott Morrisonun uğuru hesab etmək olar. Məhz bir ildən az müddətdə hakimiyyətdə olan S.Morrison fövqəladə dərəcədə fəal seçki kampaniyası apararaq, seçiciləri səslərini onun partiyasına verməyə inandıra bilib.

LMK-nin əsas rəqibi hesab edilən, ölkənin böyüklüyünə görə ikinci partiyası olan Leyboristlər Partiyasının seçki kampaniyası isə uğursuz alınıb. Ekzitpolların müxalifətin qalib gələcəyi barədə verdiyi proqnozlara baxmayaraq, onlar müxalifətdə qalıblar. Bu partiyanın lideri Bil Şorten isə partiyasının seçkilərdə məğlubiyyətini etiraf edərək, səsvermənin nəticələrinin rəsmən elan edilməsindən sonra sədr vəzifəsindən istefa verəcəyini bildirib.


Oxunma sayı: 10901

Oxşar yazılar