Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe istefa verib

  • 18:22 - 18 May

Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe tutduğu vəzifədən istefa verib.

Mayın 17-də vitse-kansler Haynts-Kristian Ştraxe ilə bağlı qalmaqallı videomateriallar yayıldıqdan sonra hökumətdə böhran yaranıb. Alman mətbuatı vasitəsilə ictimailəşən “İbiza videoları” nəticəsində Ştraxe mayın 18-də keçirdiyi mətbuat konfransında həm vitse-kansler vəzifəsindən, həm də Avstriya Azadlıq Partiyasının (FPÖ) sədrliyindən istefa verdiyini açıqlayıb. O, istefası ilə hazırkı koalisiyalı hökumətin dağılmayacağına ümid etdiyini söyləyib və hökumətin işini davam etdirəcəyinə inandığını vurğulayıb.

2017-ci ilin payızından Avstriya Xalq Partiyası (VPÖ) ilə koalisiyalı hökuməti təşkil edən FPÖ-də Ştraxenin vəzifəsini hazırkı Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Norbert Hoferin tutacağı ehtimal edilir.

Gün ərzində Avstriyanın Federal Kansleri, Avstriya Xalq Partiyasının sədri Sebastian Kurtsun mətbuat konfransı keçiriləcək. O, FPÖ tərəfindən təklif olunan kadr dəyişikliyinə münasibət bildirməlidir.

Mətbuata sızan məlumatlara görə, Kurts FPÖ-nün təklifini qəbul etməyə və növbədənkənar parlament seçkilərinə gedə bilər.

Qeyd edək ki, Ştraxeni çıxılmaz vəziyyətə salan qalmaqallı video 2017-ci ilin yayında o, İspaniyanın İbiza adasında tətildə olarkən gizli kamera ilə çəkilib. Videoda özünü rus oliqarxlarından birinin qohumu kimi təqdim edən şəxslə Ştraxenin söhbəti və bu söhbət zamanı partiyaların maliyyələşdirilməsi, bu maliyyələşmənin seçkilərə təsiri və əvəzində investisiya imkanlarının yaranması, aparıcı mətbuatda partiya üçün təbliğatın aparılması və digər mövzular yer alır.


Oxunma sayı: 5522

Oxşar yazılar