Hərbi ekspert, yoxsa?

  • 18:09 - 17 May

Bəzən söz düşəndə deyirik ki,  ömrümüzün davamlı qabiliyyət imkanlarını artırmaq üçün baş və beyin aqilliyi çox gərəklidir, ürəyin müdrikliyi olmadan isə həyatda nəyəsə nail olmaq çətindir. Bu fikrin dəyərini dərk edənlər öz fəaliyyətində az səhvə yol verirlər. Axı, qoca dünyanın gərdişi belə tələb edir. Sözün açığı, doğma yurdunu, milli dövlətçiliyini, təmsil etdiyi xalqını və bu mühüm müqəddəs dəyərləri qorumaq istəməyənlərin ürək sarıdan dərdi çox böyük olur. İnanın ki, o xəstə ürəklər müalicə olunmasa, çox bəlalarla üz-üzə qalmalı olacağıq

Əfsus ki, doğma Dağlıq Qarabağımızın işğal problemi içimizi yara etdiyi bir dövrdə məmləkətimizin müdafiə missiyasını qəhrəmancasına yerinə yetirən qüdrətli ordumuza və onun mübariz rəhbərlərinə qarşı sosial şəbəkədə yönəldilmiş qarayaxma kampaniyası bizi çox məyus etməkdədir. Açıq-aydın görünür ki, bu istiqamətdə əlini-qolunu çırmayıb bəd əməl törədənlər elə söylənilən həmin murdar hərəkət və işlərin əsl sahibi olmuşlar. Onlar ürəyinə qurd düşənlərdir.

Sual verilə bilər: Ordumuz barədə bu qənaətimi niyə belə inam və qətiyyətlə yazıram. Səbəbi çox anlaşılandır. Mən Azərbaycan Ordusunun keşməkeşli quruculuğunda siyasi müstəqillik tariximizin ilk günlərindən etibarən şəxsən iştirak etmişəm. Ordumuzun inkişaf tarixini  günbəgün  yaşamışam. Çünki Silahlı Qüvvələrimizin ilk təməl daşını qoyan ilk motoatıcı briqadanın zabiti olmuşam. Qəhrəman və cəsur döyüşçü yoldaşlarımızla birgə xain və murdar erməni quldurlarına ötən döyüşlərdə ibrətli savaş dərsləri vermişik. Xalqımıza yaxşı məlumdur ki, biz şərəfli savaş həyatı sürmüşük. Ermənilər kimi arxasında duran nəhəng ağ ayıların hünərinə şərəfsiz qələbə çalmamışıq. Ehtimal ki, ötən tarixi təhrif edənlər axırda öz səhvini anlayacaqlar. Bu günlərdə Şuşanın işğalı ilə bağlı olaraq Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın sosial şəbəkədə bəyan etdiyi şok etirafını yada salmaq istəyirəm. Azərbaycan çörəyi ilə adamlaşan bu erməni gədəsi açıq şəkildə boynuna alır ki, Şuşa işğal olunmazdan üç ay əvvəl Azərbaycan Ordusu uğurlu həmlə nəticəsində ermənilərin ən güclü taborunu məhv etmişdir. Düşmənin bu açıq etirafını kim dana bilər?!

Bəs, bizi  məyus edən nədir?!  Ötən inkişaf tariximizin bütün mərhələlərində yalnız ordu daxilində rahat postlarda oturaraq min bir oyunlardan çıxan bəzi üzdəniraq zabitlər indi “hərbi ekspert” adı altında öz şəxsi mənafeyinə uyaraq müzəffər ordumuzu və onun ədalətli rəhbərlərinin üzərinə çamır atmağa cəhd edirlər. Bu utancaqlıq verən cəhalətin mənbəyi bizə tanış mənbədir. Biz o ürəyi çirklənmiş saxta hərbçiləri əl içi kimi yaxşı tanıyırıq. Onlar əslində heç vaxt yurd eşqinə xidmət etməmiş, yalnız havayı pul qazanmışlar.  Azərbaycan əsgərinə namuskeş və fədakar vətən oğlu kimi deyil, gəlir mənbəyi kimi baxmış və yerli-yersiz olaraq onları istismar etmişlər. Onların əkdiyi toxumların kökü bu gün kəsilməkdədir. Bəziləri hərbi xidməti yüngül həyat tərzinə çevirməklə yanaşı təkcə ordu daxilində deyil, həm də öz ailəsində milli əxlaqi pozuntulara yol vermiş və müqəddəs zabit şərəfini ləkələmişlər. Yəni onların çirkin həyatı heç kimə gizli deyil. Adları çəkilən yerdə daim onların ünvanına lənət oxunulur. Sadəcə olaraq milli mənəvi etiketlərimizin pozulmamasından ötrü o nadürüstlərin adlarını sadalamaq istəmirik. Amma gerçəklik hamıya yaxşı bəllidir. İnşallah, hər kəsin qiyməti ayrılıqda veriləcəkdir. Onlar dənizdə yalniz bir damcı ölçüsündədir.

Ordumuzun inkişaf tarixini qısaca vərəqləmək istəyirəm. Vaxt vardı ki, qaniçən erməniləri susdurmaq üçün adi silah tapa bilmirdik. Bir müddət isə əlahiddə taborlarımız siyasiləşmişdi. Vahid komandanlıq deyilən normal tələb bəzi başıpozuq hərbi qüvvələr tərəfindən qəbul edilmirdi. Ordumuzda əksər komandir heyətinin qeyri-peşəkarlığı bizə böyük əngəllər yaradırdı. Bəzən hər hansı hərbi əməliyyat zamanı bir bacarıqlı istehkamçı əsgər tapa bilmirdik ki, döyüş yolunu minalardan təmizləyək. Hər sahədə böhran içində qalmışdıq. Maddi-texniki təminatın zəifliyi ucbatından neçə-neçə ağır bəlalara tuş gəlmişik. Bunlar ötən milli hərb tariximizdə rastlaşdığımız obyektiv gerçəkliklərdir.

Bəs, o pozgun və nadürüst “hərbi ekspertlər” nəyə diqqət çəkirlər?! Keçmiş Müdafiə naziri Səfər Əbiyevlə indiki  nazirimiz Zakir Həsənovu qarşı-qarşıya qoyurlar. Yalnız şəxsi ədavət, şəxsi paxıllıq önə çəkilir, şəxsi qərəzli mövqelər, iyrənc niyyətlər  ortaya atılır. Guya o zaman ordu həyatında heç bir kəm-kəsir olmamış və həmişə uğurlar qazanılmışdır. İndi isə yalnız geri gedirik. Çox gülünc və ikrah hissi  doğuran bir müqayisədir. Heç kim unutmasın ki, ordumuz yerində sayan ordu deyil. Amalımız inkişaf etmək və dədə-baba yurdumuzu daşnak tapdağından xilas etməkdir. Mən ehtiyatda olan bir zabit kimi subyektiv iradları qətiyyətlə inkar edirəm. Heç bir halda milli həya çərçivəsindən kənara çıxan bu biabırçı söyləmələr ictimai rəyə zorla sırına bilməz!…

Öncə onu demək istəyirəm ki, ordu çox yüksək dərəcədə öz-özünü tənzimləyən, təshih edən və müxtəlif səpgili istiqamətlərdə daim hərtərəflı təkmilləşdirilən müqəddəs bir qurumdur. O da məlum həqiqətdir ki, yer üzündə heç bir ölkədə nöqsansız hərbi qurumun mövcudluğu barədə düşünməyin özü məntiqsiz bir məna doğurur. Fəaliyyət olan yerdə nöqsan labüddür. Amma necə və nə cür mövcuddur? Ona qarşı mübarizə varmı? Açıq deməliyik ki, keçmiş Müdafiə naziri Səfər Əbiyevin dövründə yaşanılan  problemlərin ömrü tədricən kəsilmişdir. Dövlətimizlə bahəm ordumuz da güclənir. Yalnız irəli gedirik. Üstəlik ordumuzun maddi-texniki təminat səviyyəsi xeyli yüksəlmişdir.  Ermənistan ordusu qarşımızda duruş gətirə bilmir.

Ötən 6 ilin inkişaf çəkisini tərəzi gözünə qoysaq, hər şey aydınlaşar. Hərbçilərin xidmət-məişət, sanitar-gigiyenik şəraiti bu gün göz oxşayır. Hərbi qulluqçuların arasında münasibətlərin nizam-intizam çərçivəsində tənzimlənməsində əvvəlki xoşagəlməz anlara təsadüf edilmir. Aprel zəfəri mənəvi-psixoloji durumu elə bir yüksək həddə çatdırmışdır ki, vətəncanlı cəsur əsgərlərimiz hər an hücum əmri gözləyirlər. Şəxsi heyətin qida və geyim gileyi, demək olar ki, sönmüşdür. Döyüşçülərimiz səngər mühitində sanki ev yeməyi yeyirlər.Tibb xidmətinin inkişafına heyran olursan. Ordumuzun bütün bölmələrində döyüş hazırlığının və hərbi peşəkarlığın gücləndirilməsi prosesi dayanmadan sürətlənir. Düşmən bizim yeni silahlarımızın adını eşidəndə sanki başına hava gəlir, dəli bir görkəmə düşür. Düşmən varlığını lərzəyə salan 2016-cı il aprel zəfərindən sonra Naxçıvan uğuru düşməni mat vəziyyətinə salmışdır.

İndi o nadan hərbi ekspertlərdən soruşaq: Bu nailiyyətlər kimin komandanlığı altında hasilə gəlmişdir?! Bu kamil sistematik işlərin müəllifi kimdir? Əlbəttə ki, ordumuzun bu davamlı irəliləyişi möhtərəm Ali Baş Komandanımız İlham Əliyev cənablarınının müdrik siyasətinin nəticəsidir. O, həmişə zabit və əsgərlərimizin döyüş hazırlığı sahəsində qalibiyyətli fəaliyyəti ilə öyünür və ordumuzun kamil səviyyəli rəhbərlərinə nümunəvi xidmətlərinə görə böyük etimad göstərir. Biz keçmiş döyüşçülər qazanılmış uğurlara görə ordumuzun rəhbərlərindən, xüsusən çox yorulmaz fəaliyyət göstərən ədalətli Müdafiə nazirindən və zəngin döyüş təcrübəsi ilə ordumuzun döyüş qüdrətini kamilləşdirən Silahlı Qüvvələrin Baş Qərargah rəisindən çox razıyıq, həmçinin mətin Azərbaycan əsgərinin mərdanə xidməti nümunələri ilə şərəf duyuruq!

Biz məmləkətimizin indiki məsul bir dövründə əsl hərbi ekspertlərdən pozucu hərbi ekspertləri çıxdaş etməyi xahiş edirik. Müdrik bir fikir var: Ağıllı insan düşündüyü hər şeyi söyləməz, ancaq söylədiyi hər şeyi düşünər. Qərəzkarlıq və bədxahlıq isə bu mənada heç qəbul edilən deyil. Ehtimal ki, vətənini qəlbən sevənlər tərəfindən  bu narahatlığımız yaxşı anlaşılır.  Gəlin əsl hərbi ekspertləri eşidək, hərbi pozğunları yox!…

İbrahim MƏSİMOĞLU,

müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant


Oxunma sayı: 15609

Oxşar yazılar