“Erməni separatçıları çevriliş planı hazırlayır” – Elxan Şahinoğlu

  • 17 May - 2019

“Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında fikir ayrılığı getdikcə dərinləşir”.

Avropa.info xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Qarabağ separatçılarının təmsilçiləri ilə Ermənistanın baş naziri Nikol Paşinyan bir-birlərini kəskin tənqid edirlər:

“Bu proses dayanmır. Paşinyan separatçıların lideri Bako Saakyanı xəbərdar etsə də, Saakyanın yaxın ətrafındakılar Paşinyana və Ermənistan hakimiyyətinin digər üzvlərinə qarşı tənqidlərini dayandırmırlar. Paşinyan bunu separatçıların Ermənistanın daxili işlərinə qarışması kimi qiymətləndirir.

Nikol Paşinyan “Qarabağ klanı”nı Ermənistanda bütün vəzifələrdən uzaqlaşdırıb, bir qismi isə həbs olunub. Hazırda Qarabağ separatçılarının iki tanınmış nümayəndəsi var - eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyan. Nikol Paşinyan Serj Sərkisyanı hakimiyyətdən uzaqlaşdırıb və onun qohumlarına qarşı korrupsiya ittihamları ilə bağlı cinayət işləri açılıb. Robert Köçəryan isə həbsdədir və onun üzərində məhkəmə prosesi davam edir. Ancaq məhkəmə prosesinin özü də Paşinyanı narahat edir. Çünki, birincisi, bir neçə hakim Köçəryanın məhkəməsini aparmaqdan imtina edib. Aydındır ki, həmin hakimlər “Qarabağ klanı”nın intiqamından qorxduqlarına görə çəkiliblər kənara. İkincisi, Köçəryan üzərindəki məhkəmə “Qarabağ klanı”nı canlandırıb. Onlar məhkəmə salonunda belə keçmiş prezidentin hər gəlişini alqışlarla qarşılayırlar”.

Görüntünün olası içeriği: 1 kişi, sakal, yakın çekim ve açık hava

Paşinyanı Qarabağ separatçılarının açıqlamalarının narahat etdiyini deyən Elxan Şahinoğlunun qeyd edib ki, eparatçılar Robert Köçəryanın həbsdən azad olunmasını tələb edirlər:

“Paşinyan bununla razılaşa bilməz. Paşinyanın separatçılara mesajı belədir: “Ermənistanın daxili işlərinə qarışmayın”. Buna baxmayaraq, separatçıların keçmiş və hazırki lideri Köçəryanın məhkəməsinə gedərək yenidən Paşinyanı narahat edən açıqlama veriblər: “Eks-prezidenti azad edin!”

Paşinyanın daima Qarabağa səfərləri də nəticə vermir. O düşünürdü ki, Xankəndinə səfərləri ilə separatçıların lideri Bako Saakyan üzərində nəzarəti gücləndirəcək. Bu alınmadı. Saakyan Köçəryan və Sərkisyanın təsiri altındadır və onlara xidmət edir. Serj Sərkisyanın tez-tez Dağlıq Qarabağa gəlişləri də bundan xəbər verir. Paşinyan “Qarabağ klanını” Ermənistanda hakimiyyətdən uzaqlaşdırdıqdan sonra Qarabağdakı separatçılar Moskvanın nəzarəti altına keçiblər. Xankəndinə təlimatlar daha İrəvandan deyil, Moskvadan gəlir”.

Görüntünün olası içeriği: 1 kişi, yakın çekim


Ekspert sözlərinə əlavə edib ki, 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək “prezident seçkisi”nə Bako Saakyan namizəd olmayacağını bildirib:

“Deməli, “prezidentlik” uğrunda iki qüvvə arasında mübarizənin gedəcəyini proqnozlaşdırmaq olar. Paşinyan öz adamının Dağlıq Qarabağda “prezident seçilməsini” istəyir. Ancaq problem ondadır ki, Dağlıq Qarabağda Paşinyanın siyasətini qəbul edənlər zəifdirlər. İkinci qüvvə Qarabağ klanı ilə Rusiyanın nəzarətindəki siyasətçilərdir. Onlardan birinin Dağlıq Qarabağın “prezidenti” seçiləcəyini söyləmək mümkündür. Bu isə o deməkdir ki, Paşinyanla separatçılar arasında fikir ayrılığı gələcək illərdə də davam edəcək. Hətta mümkündür ki, separatçılar Dağlıq Qarabağın “prezidentliyinə” Robert Köçəryanı və ya Serj Sərkisyanı gətirməyə çalışsınlar.

 


Bu arada, son məlumatlara görə, Ermənistan Dağlıq Qarabağla sərhəddə hərbi postların sayını artırıb, gəlib-gedənlərin kimliyi yoxlanılır. Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının Ermənistandakı tərəfdarları vasitəsilə İrəvanda çevriliş cəhdindən ehtiyat edir. Əgər Dağlıq Qarabağ separatçıları və İrəvandakı “Qarabağ klanı” Paşinyana qarşı çevriliş planını həyata keçirmək istəsə bu Moskvanın razılığı ilə baş verəcək. Dağlıq Qarabağ separatçıları bir dəfə Ermənistanda çevriliş ediblər, 1997-ci ildə prezident Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırıblar. Ona görə “Qarabağ klanının” çevriliş etmək təcrübəsi var. Klan Paşinyanın mövqelərinin zəifləməsini və hansısa səhv addım atmasını gözləyir”.


Oxunma sayı: 616

Oxşar yazılar