Milli Məclis daha iki qanuna dəyişiklik etdi

  • 14:20 - 17 May

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, bununla  qanunun 12-ci maddəsinə (yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi) əlavə edilən yeni bəndə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Qanuna dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.


***

Azərbaycanın ərazisinə enəcək və ərazini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatları müvafiq icra hakimiyyəti orqanlarına ötürməyən daşıyıcılar cərimələnəcəklər.

Bununla bağlı məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Bu dəyişikliklərə əsasən, aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə daşıyıcılar Azərbaycanın ərazisinə enəcək və ərazini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə verilməli olan məlumatların siyahısını biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək elektron formada müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Təqdim olunan qanun layihəsində həmin tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur.

Sərnişinlər və ekipaj üzvləri barədə barədə müvafiq icra hakimiyyəti oqranına məlumatların verilməməsinə görə vəzifəli şəxslər 1500 manat, hüquqi şəxslər 3000 manat məbləğində cərimə ediləcəklər.

Qanuna dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.


Oxunma sayı: 8426

Oxşar yazılar