Rusiya Xarici İşlər Nazirliyi Ermənistanı pislədi, Azərbaycanı təriflədi

  • 18:21 - 16 May

Ermənistanda nasizmin və neonasist əhval-ruhiyyələrin bərpasına açıq cəhdlər qeydə alınmasa da, Ermənistanın keçmiş hakim Respublika Partiyası “ifrat millətçi” kimi tanınan və barəsində Üçüncü reyxlə əməkdaşlıq haqda informasiya olan Qaregin Njde kimi ziddiyyətli siyasətçinin xatirəsini əbədiləşdirmək üçün addımlar atıb. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin "Nasizmin qəhrəmanlıq səviyyəsinə qaldırılması, nasizmin, neo-nasizmin və irqçiliyin, irqçi ayrı-seçkiliyin, ksenofobiya və əlaqəli dözümsüzlüklərin artımına kömək edən digər praktikaların yayılması ilə bağlı vəziyyət haqqında" hesabatında belə deyilir.

Məruzədə dəqiqləşdirilir ki, Ermənistanın millətçi oriyentasiyalı siyasi təşkilatları arasında keçən ilin payızında siyasi partiya kimi qeydiyyatdan keçmiş “Sasna Tsrer" də var. Onun ideologiyasının əsasında "cinayətkar rus-türk sövdələşməsindən törənmiş" (Moskva müqaviləsi, 1921-ci il) Ermənistan Respublikasının tanınmasından imtina və "yeni dövlətin yaradılması" uğrunda mübarizə durur.

“Partiyanın elan etdiyi məqsədlər ölkənin mövcud ərazisi və Dağlıq Qarabağ da daxil olmaqla, "yeni bir Ermənistan yaradılması" və milli referendum yolu ilə vətəndən kənarda yaşayan ermənilərin birləşdirilməsidir. Partiyanın proqram sənədlərində "rus müstəmləkəçiliyi tərəfindən pozulduğu" iddia edilən hüquqların bərpası, “Naxçıvanın və Axuryan çayının qərbinin" erməni idarəçiliyinə qaytarılması məsələsi vurğulanır”, - deyə Rusiya XİN qeyd edir.

 

Nazirlik xatırladır ki, bu partiyanın tərəfdarları 2016-cı ilin iyulunda PPS polisinin Yerevan şəhərindəki binasına silahlı hücum edib, onu ələ keçirib və nəticədə iki polis öldürülüb. Ötən ilin dekabr ayında keçirilmiş parlament seçkilərində bu partiya 1,82% səs qazanıb.

Hesabatın Azərbaycana həsr olunmuş bölməsində isə deyilir ki, Azərbaycan Respublikasında neo-nasizmin, irqçiliyin, irqçi ayrı-seçkiliyin və ksenofobiyanın təzahürləri praktik olaraq yoxdur. Azərbaycan rəhbərliyi ölkəni "müxtəlif millətlərin və dinlərin nümayəndələrinin tolerant dövləti" kimi tanıdıb.

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində vurğulayırlar ki, nasizm üzərində qələbədə sovet xalqının rolu haqqında tarixi yaddaşın saxlanılması, eləcə də İkinci Dünya müharibəsinin tarixinin saxtalaşdırması və nasizmin qəhrəmanlaşdırılması cəhdlərinə qarşı mübarizə məsələlərində Azərbaycan, Rusiyanın yanaşmalarını bölüşür. Ötən il Azərbaycan BMT Baş Assambleyasının "Nasizmin qəhrəmanlıq səviyyəsinə qaldırılmasına, müasir dövrün irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və əlaqəli dözümsüzlüklərin artmasına kömək edən digər praktikalara qarşı mübarizə" adlı qətnaməsini bəyənib.

Rusiya Xarici İşlər Nazirliyi belə bir məqama da diqqət çəkir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq milli, irqi və dini nifrət səbəbləri ilə cinayət törətmək, cəza seçilərkən ağırlaşdırırıcı hal hesab olunur.

 

virtualaz.org


Oxunma sayı: 4796

Oxşar yazılar