Nazirlə QHT rəhbəri arasında görüş olub

  • 16 May - 2019

Görüş zamanı ətraf mühitin qorunması, təbiətimizin və təbii sərvətlərimizin mühafizəsi məsələlərində əməkdaşlıq imkanları müzakirə olunub

Avropa.info xəbər verir ki, mayın 15-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə “Biosfer” İctimai Birliyinin (İB) sədri Qorxmaz İbrahimli arasında görüş olub. Görüş İB sədrinin müraciəti əsasında, nazirlikdə baş tutub.

Görüş zamanı ətraf mühitin qorunması, təbiətimizin və təbii sərvətlərimizin mühafizəsi, Xəzərin çirkləndirilməsinə qarşı mübarizə məsələlərində əməkdaşlıq imkanları müzakirə olunub, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə dəstəyin təmin olunması yönündə fikir mübadiləsi aparılıb. Xüsusilə diqqət çəkilən məqamlardan biri o olub ki, cəmiyyətdə ekoloji mədəniyyətin yüksəldilməsi, vətəndaşlarda ətraf mühitimizə qarşı həssas yanaşma vərdişinin aşılanması yönündə birgə addımlar atılması mühümdür.

Q.İbrahimli nazirə təşkilatın yarandığı 2003-cü ildən indiyədək göstərdiyi fəaliyyət, icra etdiyi layihələr, yaratdığı media qurumu (www.biosfer.az), sosial şəbəkədəki fəaliyyəti və digər tədbirlər barədə məlumat verib. Qeyd edib ki, Nazirliklə İctimai Birlik arasına səmərəli əməkdaşlıq qurmaqla, ölkəmizin təbiətinin, ekologiyasının, təbii sərvətlərinin qorunması istiqamətinə olduqca faydalı işlər görmək və bu sahə üzrə həyata keçirilən dövlət siyasətinə böyük töhfə vermək olar. 

Təşkilat rəhbəri www.biosfer.az saytının və sosial şəbəkədəki “Biosfer” səhifəsinin də əməkdaşlıqda xüsusi rol oynaya biləcəyini, birgə fəaliyyətin məhsulu olacaq işlər barədə ictimaiyyətə mütəmadi, dolğun və obyektiv məlumatların çatdırılacağını vurğulayıb.

Nazir M.Babayev əməkdaşlıq ideyasını yüksək dəyərləndirib və bunun üçün xeyli imkanların olduğunu bildirib. O, rəhbərlik etdiyi dövlət qurumunun ictimai sektorla əməkdaşlıqda maraqlı olduğunu və bu mənada “Biosfer” İctimai Birliyinin üstlənmək istədiyi missiyanın dövlətimiz və cəmiyyətimiz üçün faydalı olacağını diqqətə çatdırıb.

Görüşdə daha sonra əməkdaşlığın prioritet istiqamətləri, görülə biləcək işlər və digər ayrıntılar müzakirə olunub.


Oxunma sayı: 55

Oxşar yazılar