Qətər Qəzzada humanitar layihələr həyata keçirəcək

  • 15 May - 2019

Qətər hökuməti Fələstindəki Qəzza zolağında səhra xəstəxanası inşa edəcək və yerli elektrik stansiyasını ilin sonunadək yanacaqla təchiz edəcək. Bu layihələrin məbləği 180 milyon ABŞ dollarıdır.

“Report” “The Times of İsrael”ə istinadən xəbər verir ki, ötən gün mətbuat konfransı zamanı Qətərin Fələstindəki səfiri Məhəmməd əl Əmadi yaxın altı ay ərzində Qəzza zolağında yaşayan yoxsul əhali üçün kiçik qrantlar şəklində maliyyə yardımlar göstərəcəklərini bildirib.

Bu yardımların ötən həftə Qətərdəki Qəzza Yenidənqurma Komitəsi xətti ilə birbaşa Qəzza zolağı üçün ayırdıqları 180 milyon dollarlıq vəsait hesabına maliyyələşdiriləcəyini qeyd edən diplomat sözügedən vəsaitin həmçinin yerli elektrik stansiyasının ilin sonunadək yanacaqla təchizatına və İsraildən Qəzza zolağına elektrik xəttinin tamamlanmasına və bölgənin şimalında səhra hospitalının tikintisinə sərf olunacağını diqqətə çatdırıb.

Qətərin ayırdığı maliyyə vəsaitinin İsraillə bölgədəki Həmas və “İslami Cihad” kimi terror qrupları ilə əldə edilmiş atəşkəs çərçivəsində Qəzza zolağına çatdırıldığı bildirilir.


Oxşar yazılar