İlham Rəhimov: “Proqramı hakimlərə elektron köməkçi kimi yaratmışıq”

  • 14 May - 2019

Bakıda Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Məhkəmə - hüquq islahatları: Ədalət mühakiməsinin həyata keçirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Musavat.com xəbər verir ki, hüquq elmləri doktoru, Azərbaycanın Əməkdar hüquqşünası, professor İlham Rəhimovun rəhbərlik etdiyi Beynəlxalq konfransda ölkənin dövlət qurumlarının təmsilçiləri, respublikanın tanınmış hüquqşünasları, eləcə də MDB dövlətləri, Türkiyə və Avropanın nüfuzlu hüquqşünasları iştirak ediblər. Beynəlxalq konfransda hüquq elmləri doktoru, professor Xanlar Ələkbərovun müəllifi olduğu “Ədalət mühakiməsinin elektron tərəzisi” doktrinası ətrafında da müzakirələr aparılıb. Bildirilib ki, “Ədalət mühakiməsinin elektron tərəzisi” doktrinası Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının dəstəyi ilə işlənərək hazırlanıb. Məlumat üçün qeyd edək ki, layihənin rəhbəri professor İlham Rəhimovdur.

Konfransda bildirildi ki, cəzanın optimal dərəcəsinin müəyyən edilməsinin elektron sistemi dünyada analoqu olmayan unikal elmi yenilikdir.

Çıxış edən professor Xanlar Ələkbərov söylədi ki, optimal cəza tədbirinin müəyyən edilməsinin elektron sistemi hakimə-məhkəməyə törədilmiş cinayətə görə Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəza tədbirlərindən, qanuni və əsaslı olmaqla yanaşı, cinayətin ictimai təhlükəsizlik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, habelə onun cinayətdən əvvəlki və sonrakı davranışına uyğun olan ən optimalını seçməyə kömək etmək üçün nəzərdə tutulub: “Ədalət mühakiməsinin elektron tərəzisi”nin tədbiri bir çox məsələlərə imkan verəcək. Belə ki, sistem məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə, cəza təyini zamanı məhkəmə səhvlərinin sayının minimuma endirilməsinə və cəza təyini üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına şərait yaradacaq. Bundan əlavə məhkəmələrin nüfuzunun möhkəmləndirilməsi və vətəndaşların ədalət mühakiməsi sisteminə inamın artırılması da sistem sayəsində mümkün olacaq. Hakimin cinayət işinin baxışı və həlli zamanı səlahiyyət həddinin və həcminin qaydaya salınması, cəza təyini prosesində onun hədsiz diskresion səlahiyyətinin qarşısının alınması da sistemə görə mümkündür. Bundan əlavə sistemə aşağıdakılar daxildir: məhkəmələr tərəfindən ittihamedici hökmlərin çıxarılması zamanı formalaşmış ifrat cinayət repressiyasının tətbiq edilməsi kimi qüsurlu təcrübənin sındırılması, cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hakim cəmiyyətində korrupsiya və digər sui-istifadə halları səviyyəsinin aşağı salınması, məhkəmələrin konkret cinayət işləri üzrə çıxarmış olduqları əsassız sərt və yüngül hökmlərin sayının azaldılması...”

Ümumilikdə bildirilib ki, yaradılan sistem hakimi tamamilə əvəz etməsə də, ona qərar çıxarmaqda köməkçi olacaq.

Tədbirdə çıxış edən deputat Fazil Mustafa yaradılan sistemi yüksək qiymətləndirdi. O, bildirdi ki, bu sistem hakim üçün köməkçi vasitədir: “İndiyə qədər hakim bütün detalları özü müəyyən etməli idi. İndi isə elektron formada bu detalları sistemləşdirib, əldə edə bilir. Bu, hakimin qərar verməsini asanlaşdıran bir mexanizmdir. Ona görə də hesab edirəm ki, bu ideyanı dəstəkləmək, müsbət tendensiya kimi qiymətləndirmək lazımdır. Burada əsas problem ədalət mühakiməsinin effektivliliyinin, onun ədalətliliyinin cəmiyyət tərəfindən qəbul olunmasını təmin edəcək bir vasitə deyil. Azərbaycanda azadlıqdan məhrumetmə cəzalarının faizi MDB ölkələri içərisində ən yüksək faizdir. Bunu biz dəfələrlə qeyd edirik ki, ölkədə bəraət hökmünün səviyyəsi aşağıdır. Bu, siyasətin hüquq sferasına nə qədər çox daxil olmasından asılı bir məsələdir. Ona görə də düşünürəm ki, hüquqi informasiyanın sistemə hansı dildə daxil edilməsi məsələsinə də önəm vermək lazımdır. Burada çox gözəl müzakirələr aparılır və uzun müddət idi ki, belə bir diskussiya mühiti görmürdük. Gəldiyimiz nəticə budur ki, hakimin müstəqilliyini 80-90 faiz təmin edə bilən bir sistem formalaşdıra bilməsək, hakimin ən yüksək təminatlı maaşını, ömürlük seçkisi məsələsini çözməsək, bu elektron vasitələrin də qərarların ədalətli olmasına kömək edə biləcəyi şübhəli olaraq qalmaqdadır”.

1fec7498-435b-4612-8a0d-d41aba7c0d3f.jpg (177 KB)

Sonda layihə və ölkədə məhkəmə sistemində aparılan islahatlarla bağlı professor İlham Rəhimovun da fikrini aldıq. İ.Rəhimov bildirdi ki, layihənin məqsəd və funksiyasını sadə dillə aşağıdakı kimi ifadə etmək olar: “Ədalət tərəzisinin bir üzündə cinayət, digərində isə cəza olmalıdır. Əsas məqsəd ondan ibarətdir ki, tərəzidə bərabərlik olsun. Ancaq çox zaman görürsən ki, bu, alınmır. Cəza tərəfi ya az, ya da çox olur. Bunun müxtəlif səbəbləri var. Səbəblərdən biri ondan ibarətdir ki, hakimlərin hamısı eyni cür qərar qəbul edə bilmirlər. Yəni hakim var, hesab edir ki, törədilən cinayətə görə 5 il cəza düşür. Ayrı hakimin daxili inamı deyir ki, 5 il azdır, bu, 6 il olmalıdır. Niyə? Çünki hakim insandır, insan isə subyektdir. Subyekt olan yerdə də subyektiv fikir olur. Nəzərə alaq ki, hakimə təsirlər ola bilər. Hakim tərəzidən elə istifadə edər ki, bu, kiminsə xeyrinə işləsin. Burada isə ədalət prinsipi pozulur. Biz illərdir ki, bu proqramın üzərində işləyirik. Hazırlamaqda məqsədimiz ondan ibarət idi ki, cinayət, onun subyekti və cəza eyni olsun. Hər kəs də bilsin ki, hakim ədalətli qərar qəbul edib. Ona görə də fikrimiz belə idi ki, proqram hazırlayaq və bu, hakimin hüquqi məsləhətçisi olsun. Proqram elə şeyləri nəzərə alsın ki, bu, hakimi əvəz etməyəcək, ancaq ona köməkçi olacaq. Proqramın tamamilə mahiyyəti bundan ibarətdir. Hakimlər hərdən elə başa düşürlər ki, onları kompüterlə əvəz etməyi düşünürük. Aydın məsələdir ki, bu, mümkün olan şey deyil. Ona görə ki, heç bir texnologiya insanı tam əvəz edə bilməz. Harada ki, insanın taleyindən söhbət gedir, aydındır ki, texnologiya bunu tamamilə əvəz etməyəcək. Çünki məhkəmə prosesi tamamilə hüquqi proses deyil. Burada həm psixoloji, həm fəlsəfi, həm pedaqoji prosesdən söhbət gedir. Orada insan bir-birinin üzünə baxıb, cürbəcür fikirlər deyir. Birdən görürsən, elə məsələlər ortaya çıxır ki, hakim fikrini dəyişir. Ona görə də hakimlər elə başa düşməsinlər ki, bizim məqsədimiz onların cəza təyinetmə funksiyasını əllərindən alıb, kompüterə tapşırmaqdır. Bu, qətiyyən belə deyil. Söhbət ondan gedir ki, sadəcə olaraq, biz hakimlərə bir köməkçi hazırlamışıq. İstəyirlərsə, istifadə edə bilərlər”.

7e9fcc76-d780-48ad-8bc5-2a07408714e7.jpg (208 KB)

İ.Rəhimov bildirib ki, kompüterin müsbət cəhəti ondan ibarətdir ki, ona təsir etmək mümkün deyil: “Aydındır ki, hakimə kimsə təsir edə bilər. Onu ələ almaq da olar. Ancaq bütün bunları kompüterə qarşı etmək mümkün deyil. Cəmiyyət də bilir ki, bəzən hakimlər heç obyektiv qərar qəbul etmirlər. Təqdim etdiyimiz proqram elə bir sistemdir ki, ona heç cür təsir etmək mümkün deyil”.

Professor İlham Rəhimov ölkə prezidentinin məhkəmə islahatları ilə bağlı fərmanı barəsində də danışdı: “Əslində biz bu tədbiri fərmandan öncə planlaşdırmışdıq. Özü də tədbir indiki adında deyil, sadəcə olaraq proqramın təqdimatı formasında olmalı idi. Lakin sonra düşündük ki, doğrudan da bu, həm də fərmana uyğun gəlir.  Çünki diqqət etsəniz, fərmanda da məhkəmə sistemində texnologiyanın istifadəsindən söhbət gedir. Ona görə də fikrimizi dəyişdik ki, elə biz də prezidentin fərmanının müzakirəsi kimi bunu ortaya qoyaq”.

İlham Rəhimova jurnalistlər tərəfindən sual verildi ki, yeni proqram Azərbaycanın məhkəmə sistemində problemə çevrilən məsələnin - hakimin işi sədrə məruzə etməsinin qarşısını ala bilərmi? Professor aşağıdakıları bildirdi: “Düşünürəm ki, məhkəmədə sədr məsələsi doğru deyil. Çünki sən də hakimsən, mən də... Nə üçün sən sədr olmalısan? Sədrin funksiyası bu olmalıdır ki, o, işi hakimlər arasında doğru bölüşdürsün. Yəni ona məlumdur ki, hansı hakim, hansı işi daha yaxşı bilir. Sədrin müdaxiləsi mümkün deyil və buna qanun da imkan vermir. Proqrama gəlincə isə, hakim proqramdan istifadə edir və hansı cəzanın ədalətli olduğunu müəyyənləşdirir. Yalnız bundan sonra sədrin və ya hansısa yuxarı instansiyanın ona müdaxiləsi alınmır. Kompüter cavab verib və hakim də özü üçün cəzanı müəyyənləşdirib. Bundan başqa kiminsə müdaxiləsi mümkün deyil”.


Oxunma sayı: 627

Oxşar yazılar