Qüds: Ümmətin sızlayan yarası – Yaxın Şərqdə sabitliyin təminatı bu torpaqlara ədalətli sülhdən keçir

  • 11:19 - 13 May

Qarabağ dərdini yaşayan bir millət üçün Qüdsü anlamaq o qədər də çətin deyil. Hər iki yara müsəlmanların bağrında açılmış ən dərin yaradır. Ədalətsiz dünyanın gözü önündə baş verən faciələrə laqeyd qalanlar haqlını haqsızdan ayırmaq əvəzinə, işğalçının yanında qərar tutur, ona dəstək olurlar. 

Qüds peyğəmbərlər şəhəridir. Qurani-Kərimdə adı keçən peyğəmbərlərin bir çoxu bu şəhərdə yaşamışdır. Bəşəriyyəti tövhidə dəvət edən peyğəmbərlərin məbədləri də bu şəhərdədir. Bəşəriyyət, dinlər və peyğəmbərlər tarixinin izlərini də bu şəhərdə axtara bilərik. Bu şəhərdə peyğəmbərlər tarixinə baxdıqca onların çətin mücadilələri, məşəqqətləri və dinlərini yaymaq üçün yaşadıqları həyatları gözlərimiz önündən keçər.

Hz.İbrahim (ə), Hz.İsmail (ə), Hz.Yaqub (ə), Hz.Davud (ə), Hz.Musa (ə), Hz.Harun (ə), Hz.İsa (ə) kimi neçə peyğəmbərin yolu Qüdsdə kəsişmişdir. Onları hamısı həqiqət uğrunda mücadiləsini bu şəhərdə yaşamışdır. Hz.Adəm (ə) yer üzünün ikinci məbədini burada inşa etmişdir.

Qüdsdəki Məscidi-Əqsa müsəlmanların ilk qibləsidir. Risalətin Mədinə dövründən başlayaraq, üzünü Kəbəyə döndərsələr də, müsəlmanların qəlbi Qüdslə çırpınar. 

Fələstinin yəhudilərə “vətən” edilməsi layihəsi

Əslində, göz görə-görə və uzun bir müddətə gerçəkləşən Fələstinin yəhudilərə “vətən” edilməsi layihəsinin əsası I Dünya müharibəsi zamanında qoyulub. 2 noyabr 1917-ci ildə "Balfour Bəyannaməsi" qəbul edildi. Bundan bir qədər sonra, 2 dekabr 1917-ci ildə ingilis işğalı ilə bu torpaqlarda İsrail dövlətinin qurulmasına zəmin hazırlandı. Bu işğala qarşı fələstinlilərin üsyanları baş versə də, hər dəfə bu üsyanlar xüsusi amansızlıqla yatırıldı. Qeyd edək ki, Böyük Britaniya Krallığı Fələstin torpaqlarında  İsrail yaradılmasını nəzərdə tutan layihəyə  dəstək verən ilk böyük dövlətdir.

Fələstin torpaqlarına yəhudilərin köçürülməsi hələ 19-cu əsrdən başlamışdı. Həmin əsrin ikinci yarısında təxminən 11 minə yaxın olan Qüds əhalisinin 6 mini müsəlman, 3,5 mini xristian və 1800-ü yəhudilərdən ibarət idi. Əsrin sonlarında isə 45 minə yaxınlaşan Qüds əhalisinin 30 min nəfərinin Avropa ölkələrinin pasportunu daşıyan yəhudilərdən olduğu hesabatlara düşmüşdü. 

İyirminci əsrin əvvəlində əhalinin 10 mini müsəlman, 10 mini xristian olduğu halda, yəhudilərin sayı 35 minə çatmışdı. Avropa ölkələrindən gətirilən yəhudilərin Qüdsdə məskunlaşdırılması hesabına bu ərazini yəhudi şəhərinə çevirmək siyasəti açıq-aşkar görünürdü. 

İkinci Dünya müharibəsində nasist Almaniyası tərəfindən soyqırıma məruz qalan yəhudilərə təzminat isə artıq Fələstinin işğalının rəsmiləşdirilməsiylə verildi. Hələ o zaman yeni yaradılan BMT 1947-ci ilin noyabrında ingilis mandatı altında olan Qüdsü ərəb və yəhudi bölgələrinə ayıraraq, Qüdsün qərbindəki işğalı rəsmiləşdirdi.

Bu işğal planının rədd edilməsi ilə, eynilə bu gün olduğu kimi, fələstinli müsəlmanların cəzalandırılmasına başlanıldı. Irgun və Haganah kimi terror qruplarının təhdidləri müsəlman əhalisinin əhəmiyyətli şəkildə azalmasına səbəb oldu. 14 may 1948-ci ildə İsrail dövlətinin qurulmasının ertəsi günü on minlərlə fələstinli öz vətənlərində qaçqın vəziyyətinə düşdülər. Bundan sonra içərisində Məscidi-Əqsanın da olduğu Şərqi Qüds İordaniyanın idarəçiliyinə verildi.

İsrail 1950-ci ildə Qərbi Qüdsü paytaxt elan edərək işğal planını həyata keçirdi. 

1980-ci ildə Qüdsü İsrailin “bölünməz və əbədi” paytaxtı elan edən İsrailin bu qərarı BMT tərəfindən tanınmadığı üçün ABŞ-ın son qərarına qədər heç bir dövlət səfirliyini Qüdsə köçürmədi. Ancaq İsrail şəhərin demoqrafiyasını dəyişdirməyə davam etdi. 

SSRİ-nin dağılmasından sonra İsrailə köçən Rusiya və Polşa yəhudiləri Qüdsə yerləşdirildi. İsrail 1995-ci ildən etibarən getdikcə artan məskunlaşmalar vasitəsilə “Böyük Qüds” qurmağa başladı. 

Əslində, ABŞ Konqresi 1995-ci ildə qəbul etdiyi qərarla səfirliyinin Qüdsə köçürülməsini təsdiq etsə də, Donald Tramp hakimiyyətə gələnə qədər bu qərar icra olunmadı. Trampın Yaxın Şərqdə davam edən münaqişə atəşinə benzin tökmə qərarı indi də yaşanan faciələrin əsas səbəbini yaratmaqdadır. 

Bölgədə yaşanan olaylara obyektiv baxışın təməl prinsiplərinə baxsaq, bunu qeyd etmək mümkündür: Qüdsdə sülhü bərqərar etmədən Yaxın Şərqə sabitlik gətirmək mümkün deyil.

Qüdslə bağlı yeni işğal planı

Lakin görünən budur ki, bəşəri prinsipləri pozmaqda davam edən ölkələr işğala dəstək verməklə başqa planları həyata keçirməkdə israrlıdır. Bu niyyətin həyata keçirilməsini təsdiq edən faktlarla bağlı bu yaxınlarda məlumat yayılıb. İsrailin baş naziri Binyamin Netanyahuya yaxınlığı ilə tanınan “İsrael HaYom” qəzeti İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı ABŞ prezidenti Donald Trampın açıqlaması gözlənilən, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirin də dəstək verdiyi “Yüzilin Anlaşması” planının hələ rəsmən elan olunmayan maddələrini dərc edib. Qəzet ABŞ prezidentinin “Əsrin müqaviləsi” adlandırdığı yeni Yaxın Şərq planının detallarını açıqlayıb. ABŞ prezidentinin məsləhətçisi və kürəkəni Cared Kuşner Donald Trampın Yaxın Şərq üzrə nizamlanma planını iyunda açıqlayacağını bildirib.

Məqalədə “Yeni Fələstin” dövlətinin yaradılması planından bəhs edilir. ABŞ, İsrail və Fələstin rəsmilərinin hələ münasibət bildirmədiyi plana görə, İsrail ilə Fələstin Qurtuluş Təşkilatı və “Həmas” arasında üçtərəfli müqavilə imzalanacaq. Müqaviləyə görə, işğal altındakı İordan çayının Qərb sahilində yerləşən yəhudi yaşayış məntəqələri xaricində Qəzza zolağında “Yeni Fələstin” adlı dövlət qurulacaq.

Bu plana baxdıqda belə bir müddəa diqqət çəkir:

Qüds, İsrail ilə Yeni Fələstin arasında bölünməyəcək və paylaşılmayacaq, ancaq hər iki dövlətin də paytaxtı sayılacaq. Qüdsdə yaşayan ərəblər Yeni Fələstin dövlətinin vətəndaşları olacaq. İsrailə məxsus Qüds bələdiyyəsi Yeni Fələstin Hökumətinin məşğul olacağı təlim məkanı xaric Qüdsün bütün sahələrinə görə məsuliyyət daşıyacaq.

Bu plana görə, Qüds, İsrail ilə Yeni Fələstin arasında bölünməyəcək və paylaşılmayacaq, ancaq hər iki dövlətin də paytaxtı sayılacaq. Qüdsdə yaşayan ərəblər Yeni Fələstin dövlətinin vətəndaşları olacaq. İsrailə məxsus Qüds bələdiyyəsi Yeni Fələstin Hökumətinin məşğul olacağı təlim məkanı xaric Qüdsün bütün sahələrinə görə məsuliyyət daşıyacaq.

Fələstin hava limanı, fabriklər inşa etmək, əkinçilik və ticarət sahələri üçün Qəzza bölgəsinə yaxın olan Misirdən icarə torpaq alacaq. Ərazilərin həcmi və qiyməti müqaviləni dəstəkləyən dövlətlər tərəfindən təyin olunacaq: ABŞ, Avropa Birliyi ölkələri və Fars körfəzi. Dəstəkləyən ölkələr milli layihələrin həyata keçməsi üçün “Yeni Fələstin”ə beş il ərzində 30 milyard dollar ödəyəcək.

Layihəyə görə, Yeni Fələstin dövlətinin ordusu olmayacaq, yalnız polisin əlində yüngül silah olacaq. 

Bundan əlavə, sənədlərdə göstərilir ki, İordaniya vadisi İsrailə məxsus olacaq. “Həmas” bu müqaviləyə etiraz etdiyi təqdirdə, ABŞ Fələstinə verdiyi bütün maliyyə dəstəyini kəsəcək və digər ölkələrin də maliyyə dəstək təmin etməsini əngəlləyəcək.

May ayının əvvəlində Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanın Fələstin dövlət başçısı Mahmud Abbasa "əsrin müqaviləsini" dəstəkləməsi üçün 10 milyard dollar təklif etdiyi, Fələstin liderinin isə bu təklifi rədd etdiyi bildirilir.

Əslində, nəzərdə tutulan plan Fələstinin və Qüdsün işğal planının yeni məzmunda ortaya çıxdığını göstərir. Bu layihə barədə rəsmi mövqelər açıqlanmasa da, ədalətsizliyin başqa şəklini nümayiş etdirir. İşğal planının bu mərhələsində qeyd edilir ki, Yeni Fələstin dövlətinin qurulmasını nəzərdə tutan müqavilənin tətbiq olunması üçün maliyyə dəstəyi verəcək ölkələr başda, ABŞ olmaqla Avropa İttifaqı və neft istehsalçısı Körfəz ərəb dövlətləri olacaq.

Dəstəkləyən ölkələr Yeni Fələstindəki milli layihələr üçün 5 il ərzində 30 milyard dollarlıq büdcə təmin edəcək. 

Qüds - müsəlmanların imtahanı

Bu gün Qüds müsəlmanların imtahanı, insanlığın qürurunun sınağa çəkildiyi yerdir. Məscidi-Əqsa əsir, hüznlü... Bu hüzn, əsarətdən qurtuluşun çarəsi işğalçının ünvanını düzgün göstərib, işğala məruz qalana ədalətli yanaşmaqdan keçir. İkili standart qaldıqca Qüds işğal altında inləyəcək. Müsəlmanların Qüdsün gerçək dəyərinin anlaması ilə məzlumun zülmdən xilasına yollar tapıla biləcək. 

Qüds Allah Rəsulu Hz.Məhəmməd (s) dünyadan köçdükdən sonra Bilal Həbəşinin azan oxuduğu iki yerdən biri kimi də tanınır.Bu şəhər Allah Rəsulunun (s) ayrılığını Bilal hüznü ilə nümayiş olunduğu şəhərdir. Bir ümmət üçün mənəvi dəyəri çox yüksək olan şəhər meraca gedən yolda müsəlmanların dualarını Sidratül-Müntəhaya götürən əzəmətli körpüdür. 

Qüds müsəlmanlara qorunması borc olan ilahi bir əmanətdir. Qüds biz müsəlmanlar üçün müqəddəs bir məscid və yaralarını sarımağa borclu olduğumuz bir məzlum, bir yetimdir. 

Bu gün ümmətin hər bir fərdinin Səlahəddin Əyyubi olmaq vəzifəsi var. Müsəlman mədəniyyətinin qəhrəmanı olmaq Qüdsü ümmətin əmanətinə sahib çıxmağına ən tutarlı vasitə ola bilər.

Biz iki dərdi qoşa görürük: Bir yanda işğalda inləyən Qarabağ, o biri yanda ilahi əmanət olan Qüds. Bu məkanları dərd qardaş edib. Bu dərdlərin çarəsi işğalçıya yerini göstərməkdir. 

Rəsul Mirhəşimli
Avropa.info

Məqalə “Qələm” Yazarlar Birliyinin Qüdslə bağlı keçirdiyi müsabiqəyə təqdim olunur.


Oxunma sayı: 13673

Oxşar yazılar