UEFA açıqladı: AFFA erməniyə görə zəmanət verib

  • 14:02 - 10 May

AFFA UEFA-nı əmin edib ki, mayın 29-da Bakıda keçiriləcək Avropa Liqası finalında “Çelsi” klubu ilə qarşılaşacaq “Arsenal” klubunun yarımmüdafiəçisi Henrik Mxitaryanın ölkəyə daxil olmaqla bağlı problemi olmayacaq.

Avropa.info xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti informasiya yayıb.

“UEFA-nın himayəsi altında oyunlarda iştirak etmək üçün oyunçulara viza verilməsi ilə bağlı digər ölkələrin futbol federasiyaları, klub və səfirliklərinə məktub göndərilməsi təşkilat üçün standart prosedurdur. Bu baxımdan UEFA və “Arsenal” təsdiq tələb etmiş, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası isə sözügedən oyunçunun ölkəyə girişi və qalması ilə bağlı problem olmayacağını və bütün zəruri təhlükəsizlik tədbirlərinin görüləcəyini təsdiq edib”, - UEFA-dan bildirilib.

Xatırladaq ki, rəsmi Bakı Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiyi üçün Ermənistan vətəndaşı olan Henrix Mxitaryanın ölkəmizə girişinə qadağa qoyub. Bu səbəbdən o, 2015-ci ildə “Borussiya”da (Dortmund) oynayarkən Bakıda “Qəbələ”, 2018-ci ildə “Arsenal”la “Qarabağ” oyununa gələ bilməyib.


Oxunma sayı: 12760

Oxşar yazılar