Azərbaycanlı iş adamını girov götürüb, 7 il kölə kimi işlətdilər – Dəhşətli faktlar

  • 12:59 - 07 May

Bu gün ömrünün yeddi ilini çeçen əsirliyində keçirmiş azərbaycanlı haqqında danışacağıq. Ötən əsrin 90-cı illərində insanların girov götürülməsi bəziləri üçün gəlirli “biznes”ə çevrilmişdi. Xüsusilə belə qara əməllər Şimali Qafqazda geniş vüsət alırdı. Orada təkcə Rusiyadan yox, eyni zamanda, Azərbaycandan kölələrin “idxal”ını həyata keçirirdilər.

Avropa.info Oxu.Az-a istinadən xəxəbər verir ki, 1995-ci ildə 30 yaşlı qubalı iş adamı T.Məmmədxanov dağıstanlı quldurlar tərəfindən oğurlanır. Məmməxanov kiçik sahibkarlıqla məşğul idi. Onun hekayəsi 1995-ci ilin may ayından başlayır.  Mayın əvvəllərində Məmmədxanov onun mağazasına gələn üç Dağıstan avarı ilə tanış olur.

Həmin dəstənin başçısı Maqomed Xudiyamaqomedov, üzvləri Yunus və Rəcəb olub.

Dağıstanlılar qubalı sahibkara gəlirli təklif irəli sürüb: onun müvəqqəti olaraq öz anbarına 25 ton şəkər tozu qəbul etməsini istəyirlər. Geri döndükdən sonra malın saxlanılmasının “xəcalət”indən çıxacaqlarına əmin ediblər. Azərbaycanlı bununla razılaşıb.

Həmin vaxt, yəni mayın 4-də Məmmədyarov öz ad gününü qeyd edirdi. Doğum günü şənliyinə yeni “dost”larını da dəvət etmişdi. Şənlik başa çatandan sonra dağıstanlılar çıxıb gedirlər. Beş aydan sonra qayıdırlar. Qayıdıb, biznesmendən pul tələb edirlər. Çaşqın vəziyyətə düşən sahibkar, əslində, onların malın saxlanılmasına görə ona 15 milyon rubl verməli olduğunu bildirir (həmin vaxtın məzənnəsi ilə təxminən üç min dollara yaxın olub).

Ancaq dağıstanlılar pul ödəmək əvəzinə, əslində, sahibkara şəkər tozunu satdıqlarını və ödəniş vaxtının çatdığını deyiblər. “Dostlar” özlərini çox “yuxarı”dan aparıb, aqressiv davranıblar. Məmmədxanov anlayıb ki, onlardan qurtula bilməyəcək. Ona görə tələb olunan məbləği onlara verib.

“Xatırlayıram ki, əvvəl onlara 15 milyon rubl verdim. Ancaq sonra yenə geri döndülər. Növbəti dəfə məndən 25 milyon rubl aldılar. Münaqişə vəziyyəti yaranmışdı, vəziyyət getdikcə daha da gərginləşirdi”, - deyə Məmmədxanov 2002-ci ildə yeddi illik əsirlikdən qurtulduqdan sonra verdiyi ifadədə bildirmişdi.

1995-ci ilin noyabr ayınının ortalarında T.Məmmədxanovun mağazasına mavi və göy rənglərində iki “09” yaxınlaşır. Maşından 10 nəfər, o cümlədən, ona çox yaxşı tanış olan üç “sima” çıxır. Məmmədxanova hücum edərək, onu döyürlər. Yumruq və təpiklərə fasilə verib, bıçağı işə salıblar. Qaça bilməməsi üçün hər iki ayağını bıçaqlayıblar. Quldurlar onu avtomobilə oturdaraq, yüksək sürətlə ərazidən uzaqlaşıblar. Avtomobildə girov huşunu itirib. Yalnız Mahaçqalaya çatanda özünə gəlib.

Yol boyu quldurları nə Azərbaycan, nə də Dağıstan sərhəd buraxılış məntəqəsində saxlayan olub. Maşınlar şəhərkənarı qəsəbələrin birində dayanıb. Quldurlar orada gecələmək qərarına gəlib.

T.Məmmədxanovu əlindən isitmə sisteminin batareyasına qandallayıb, yenidən döyməyə başlayırlar. Girovun bütün ön dişlərini sındırırlar. Onu belə vəziyyətdə kamera ilə çəkirlər. Lentə alınmış video azərbaycanlının əzizləri üçün nəzərdə tutulurdu. Videoda onun qohumlarına müraciət etməsini və azad edilməsi üçün iki yüz min dollar girov pulu istəməsini tələb ediblər. Əks təqdirdə onu öldürəcəkləri ilə hədələyiblər.

Videoçəkilişdən sonra Məmmədxanovu Dağıstanın Qunib rayonunun Kuyaqa kəndinə aparıblar. Orada girov bir qədər özünə gəlib. Acından və ya susuzluqdan ölməməsi üçün ona gündə bir fal çörək və soyuq çay verirmişlər.

Quldurlar təhdid dolu videokaseti əsirin böyük qardaşına göndərirlər, cinayətkarlar onunla görüşməyi təklif edirlər. Görüş Mahaçqalanın “İnturist-Leninqrad” mehmanxanasına təyin olunur. T.Məmmədxanovun qardaşı çox düşünmədən “oğru”larla görüşə yollanır.

Bu arada, söhbət əsnasında T.Məmmədxanov dəstə üzvləri arasında avarlarla yanaşı, çeçenlərin də olduğunu anlayır.

Girovluğunun 11-ci günündə sahibkar qaçmaq qərarına gəlir. Biləyində olan qandal batareyaya o qədər də sərt bərkidilmədiyindən, azad ola bilir.  

Azad olan kimi ilk növbədə Qunib rayon Polis Bölməsinə üz tutub, orada təhlükəsizlikdə olacağını sanıb. Onun ağlına da gələ bilməzdi ki, quldurların polisdə belə öz adamları var. Ağ rəngli “07” onu təqib etməyə başlayıb. Avtomobil ona çatanda sükan arxasında U.X. adlı polis serjantının əyləşdiyini görüb. Ardınca quldur dəstəsinin üzvləri də ona çatıblar. Onlar serjantın “hörmət”ini edib, girovu geri alıblar.

Məmmədxanova qol gücünə külli miqdarda araq içiriblər. Mədəsi boş olduğundan, yəni ac olduğuna görə dərhal özündən gedir. Bunu onun yolu xatırlamaması üçün ediblər.

Geri qayıtdıqdan sonra quldur dəstəsinin üzvləri girovu qaçdığına görə cəzalandırıblar. Ayağına ağır girya atırlar, ayağının baş barmağı qopur. Onu mütəmadi olaraq döyməyə başlayırlar. Əzablı günlər iki ay çəkib.

Sonradan onu Dağıstanın Qızılyar şəhərinə aparırlar. Orada 1998-ci ilə kimi əsirlikdə qalır. Belə ki, quldurlar, T.Məmməxanova görə heç kimin pul ödəməyəcəyini anlayırlar. Bu arada, T.Məmmədxanovun qardaşı ilə mehmanxanada keçirilən görüş dəstə üzvlərinin onu da girov götürməsi ilə nəticələnir. T.Məmmədxanovdan fərqli olaraq, o, altı aydan sonra qaçmağa nail olur.

Yeddi illik əsarətdən qaçan T.Məmmədxanov sonradan öyrənib ki, quldurlar, sən demə, qardaşları bir-birinə yaxın beşmərtəbəli evin qonşu mənzillərində saxlayıb.

Azad olan T.Məmmədovun qardaşı Bakıya gələrək, Quldurluq və Terrora qarşı Mübarizə İdarəsinə (indiki Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) ərizə yazır. Həmin vaxt idarənin rəisi Sevindik Səfərov idi. Ancaq cinayətin üstü açılmır.  

Quldurlar T.Məmmədxanovun nə birinci, nə də axırıncı olduğundan dəm vursalar da, digər yandan, ona sərf olunan bu qədər zamanın heç bir gözlənilən nəticə vermədiyinə qəzəblənirdilər.

Bir dəfə T.Məmmədxanova “Jiquli” göstərib, onu elə indicə sahibkarı ilə birlikdə Azərbaycandan qaçırdıqlarını bildirirlər. Ancaq həmin “zavallı”nın kim olduğu indiyə kimi sirr olaraq qalır.

1998-ci ilin sentyabr ayında qubalının saxlanıldığı otağa Yunus daxil olur. Həmin ana qədər heç vaxt onun saxlanıldığı otağa məlum tərəfdaşları olmadan girməmişdi. Yunusun ardınca otağa bir neçə kişi daxil olur. Həmin şəxslər çeçenlər idi. Kənarda dayanıb nəyisə müzakirə edirdilər, daha sonra çeçenlər onu tutub, özləri ilə aparırlar.

Girov quldurların onu kölə kimi satdığını anlayır. “Yeni sahibləri” onu Dağıstan-Çeçenistan sərhədindən 50 km aralıda yerləşən Najavyurt rayonunun dağlı aullarıdan birinə aparırlar. Onu dərin dərəyə salırlar. Sonradan belə dərələrdə ondan başqa beş rusun saxlanıldığını öyrənir. Rusları o ki var işlədirlər, onlar mal-qaranı otarır, ən ağır işləri yerinə yetirirdilər. Onlar iş tapmaq üçün Minvoda gəlmiş, ancaq aldadılmış insanlar idilər. 32 yaşlı kölələrdən birini qaçmaq istədiyinə görə T.Məmmədxanovun gözləri qarşısında güllələyiblər.

Ruslardan fərqli olaraq, onu işləməyə məcbur etmirdilər. Ona “sahibləri” ruslarla müqayisədə nisbətən daha yumşaq davranırdılar.

Məmmədxanovun “yeni sahibi” İsmayıl əvvəllər stomatoloq işləyib. Qubalıya yazığı gələrək, onun dişlərini düzəldib. Çeçenlər onları pis yedirsələr də, hər halda orada verilən qida avarların qidasından daha yaxşı idi. Ən kiçik qaçış riskini belə aradan qaldırmaq üçün qaranlıq düşəndən sonra dərələri beton plitə ilə bağlayırdılar. Gündüz saatlarında isə kölələri yuxarı çıxarırdılar. Beləcə, illər keçirdi.

Çeçen Məmmədxanova “Quran”dan surələr oxuyurdu, ona duaları öyrədib, namaz qılmasını tələb edirdi. T.Məmmədxanov isə imtina edərək, yalnız vətəninə döndükdən sonra Tanrıya ibadət etməyə başlayacağını bildirirdi. İsmayılın buna cavabı isə soyuq və qısa olurdu: “Geriyə yol yoxdur”.

Dini tövsiyyələrindən başqa, İsmayıl azərbaycanlıya çevik döyüşçü qruplar barədə danışıb, ona “Kalaşnikov” avtomatından atəş açmağı öyrədib. “Sahibi” sərrast atıcılığı ilə seçilirdi.

“Fikrimcə, məndən döyüşçü hazırlamaq istəyirdilər. Çeçen aulunda olan hər kəsin dişə qədər silahlandığı diqqətimdən yayınmamışdı”, - deyə T.Məmmədxanov bildirib.

Bir dəfə qubalının əlinə bağça qayçısı keçir. Onunla əvvəl nə edəcəyini bilmir, ancaq çox düşünmədən, gələcəkdə lazım olar deyə, dərədəki saman altında gizlədir. Həmin qayçı dörd ay sonra onun işinə yarıyır.

26 iyul 2002-ci ildə onu nədənsə dərədən çıxaran olmur. Bundan istifadə edərək iyulun 26-dan 27-nə keçən gecə qaçmaq qərarına gəlir. Həmin qayçı ilə bir neçə saat fasiləsiz şəkildə torpağı qazmağa başlayır. Torpaq təbəqəsi yumşaq olduğundan, bir müddətdən sonra açığa çıxmağa nail olur. Ətrafa nəzər salır və iki gənc mühafizəçinin bərk yatdığını görür. Məmmədxanov yaxınlıqdan ağır əşya – idman çəkiləri taparaq, yatanların başına var gücü ilə vurur.

“Onların sağ qalıb-qalmadığını bilmirəm. Amma deyəsən, onlardan birini öldürmüşdüm. Bunu müəyyənləşdirməyə vaxt yox idi”, - deyə T.Məmmədxanov bildirib. 

Mühafizəçilərdən birinin formasını əyninə keçirir. Kamuflyajın cibində T.Məmmədxanov 2650 rubl tapır. Bu pullar onun işinə yarıyır. Belə ki, onunla taksi ilə Botlix rayonuna, oradan isə Xasavyurta çatır.

Dərbənddə olanda T.Məmmədxanov artıq qorxu hissini itirir. Axtın dağlarının dolayı yolları ilə Rusiya-Azərbaycan sərhədini keçir. Həmin vaxt bu mümkün idi, çünki sərhədlər o qədər də yüksək səviyyədə qorunmurdu. İki günə Qubaya çatır. Köləlikdən azad olmuş Məmmədxanovun qayıdışı hamını sevindirir, hətta onu uzun müddət axtardıqlarını deyən yerli polisləri belə...


Oxunma sayı: 12705

Oxşar yazılar