Azərbaycan-Gürcüstan sərhədində gərginlik - Canlı zəncir təşkil olundu

  • 06 May - 2019

Azərbaycan-Gürcüstan sərhədinin Keşikçidağ monastır kompleksinin yerləşdiyi hissəsində gürcü vətəndaş fəalları toplaşaraq aksiya keçirir.

Virtualaz.org “Exo Kavkaza” portalına istinadən xəbər verir ki, fəallar əl-ələ tutaraq monastır kompleksinin sərhədin Azərbaycan tərəfində qalan hissəsini canlı zəncirlə əhatəyə alıblar.

 

Fəalların bildirdiyinə görə onların məqsədi kompleksin Gürcüstanın tərkibində olduğuna dair Azərbaycana mesaj verməkdir. Aksiyada iştirak edənlər gürcü milli mahnıları oxuyublar. Onlar bir neçə kilometr piyada yol qət edərək monastır kompleksinə gəliblər.

Monastr kompleksinə aparan cığırların bəzilərində Azərbaycan sərhədçiləri dayanıb, onlar situasiyaya müdaxilə etmirlər, amma vəziyyəti izləyirlər. Perimetr boyu gürcü sərhədçiləri də dayanıb və onlar fəalların hərəkətinə nəzarət edir.

Gürcü KİV-lərinin məlumatına görə ötən gün mayın 5-də də monastır kompleksinin ətrafında bu cür aksiya olub. Toplaşanlar Gürcüstan himnini oxuyublar, Azərbaycan sərhədçiləri aksiyanı izləyib və nəzarətdə saxlayıb. Əraziyə gürcü sərhədçilərin də cəlb olunub.

Aksiyanı "Güc birlikdədir" adlı hərəkat təşkil edib. Hərəkatın rəhbəri David Katsarava bildirib ki, onlar belə aksiyaları müntəzəm olaraq təşkil edəcəklər.

Xatırladaq ki, Keşikçidağ monastır kompleksi ilə bağlı məsələ aprelin 25-də Azərbaycan sərhədçilərinin gürcü ziyarətçilərinin kompleksə ziyarətini məhdudlaşdırmasından sonra gündəmə gəlib. Daha sonra iki ölkə xarici işlər nazirlikləri məsələni yoluna qoyublar və sərhədlərin demarkasiyasına dair danışıqlara hazır olduqlarını bildiriblər.


Oxşar yazılar