Dünya və Avropa çempionu ispaniyalı Xavi mövsümün sonunda futbolçu karyerasını başa vuracaq

  • 03 May - 2019

İspaniya yığmasının və “Barselona” komandasının keçmiş futbolçusu Xavi Ernandes özünün peşəkar futbolçu karyerasını bitirdiyini, 2018/2019-cu il mövsümünün onun üçün sonuncu olacağını bəyan edib. Bu barədə İspaniyanın “AS” nəşri futbolçunun dediyi sözləri sitat gətirir. 

Avropa.info xəbər verir ki, Xavi 1998-ci ildən 2015-ci ilədək “Barselona”nın heyətində oynayıb. Qətərin “Əl-Sədd” klubu 39 yaşlı futbolçunun son oynadığı komandadır. Onun 2015-ci ilin iyununda imzaladığı üçillik müqavilənin müddətinin məşqçi qismində uzadıla biləcəyi nəzərdə tutulub. Beləliklə, Xavi gələn mövsümü Qətər klubunun rəhbəri qismində keçirəcək. 

“39 yaşım tamam olanadək futbol oynamaq mənim üçün şərəf idi. İndi isə mövsümü Qətər Kubokunu qazanaraq, Asiya Futbol Konfederasiyasının Çempionlar Liqasına çıxışı əldə etməklə zirvədə bitirmək istərdim. Bu, mənim oyunçu kimi son mövsümümdür. Məşqçi qismində nələrlə qarşılaşacağımı görmək fürsətini səbirsizliklə gözləyirəm”, - deyə Xavi bildirib. 

Xavi İspaniya yığmasının heyətində 2010-cu ildə dünya çempionu olub, iki dəfə Avropa Çempionatını (2008, 2012) qazanıb. Yetirməsi olduğu “Barselona”nın tərkibində dörd dəfə Çempionlar Liqasının, səkkiz dəfə İspaniya Çempionatının qalibi olub. Onun aktivində İspaniya Kubokunun üç, İspaniya Superkubokunun isə altı qələbəsi var. Xavi, həmçinin UEFA Superkubokunun ikiqat qalibi və klublararası dünya çempionatının qalibidir.


Oxşar yazılar