FIDE-nın vitse-prezidenti: Naxçıvandakı şahmat məktəbləri dünyaya nümunə göstərilə biləcək səviyyədədir

  • 01 May - 2019

“Naxçıvan Open-2019” Beynəlxalq Şahmat Festivalı çox yüksək səviyyəli turnirdir. Festivalda yüksək reytinqli şahmatçıların iştirakı da bunu təsdiq edir.

Bu sözləri Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti, Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti Gülkız Tülay deyib.

İkinci dəfədir ki, muxtar respublikada keçirilən Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak etdiyini vurğulayan Gülkız Tülay qeyd edib ki, ötən il Culfa, Ordubad və Babək rayonlarında fəaliyyət göstərən uşaq-gənclər şahmat məktəblərində olub, burada dərs prosesini izləyib, turnirlərdə uğur qazanan gənc şahmatçılarla görüşüb və Naxçıvanda şahmatın inkişafının, kütləviliyinin təmin edilməsi istiqamətində böyük işlər görüldüyünün şahidi olub.

“Naxçıvandakı şahmat məktəbləri dünyaya nümunə göstərilə biləcək səviyyədədir. Türkiyədə də şahmatın inkişafına önəm verilir. Dərsdən sonra şahmata və yaxud başqa fəaliyyətlərə vaxt ayrılır. Azərbaycanda, o cümlədən muxtar respublikada isə şahmat artıq təhsilin bir hissəsinə çevrilib”, - deyən Türkiyə Şahmat Federasiyasının prezidenti bildirib ki, muxtar respublikaya hər səfərində Naxçıvanın tarixiliyi, həm də müasirliyi onu valeh edir.

Gülkız Tülay deyib: “Naxçıvan çox gözəldir. Muxtar respublikanın iqlimi Türkiyənin iqliminə çox oxşayır. Mən bütün dostlarıma gəlib Naxçıvanı görməyi tövsiyə edirəm. Bura gələcəkdə bir daha səfər etməyi düşünürəm”.

 

 

azərtac


Oxunma sayı: 506

Oxşar yazılar