Transmilli şirkətlərin ideologiyasız dünya projesi və biz - Azər Hüseynovun yazısı

  • 18:23 - 30 Aprel

Əslində məktəblərdə dinin tədris edilib edilməməyi  ilə bağlı yazmayacam! Cünki təbiidir ki, bu məsələyə münasibət ideoloji fərqlilikləri ortaya qoyur. Mən diqqəti başqa istiqamətə yönəltmək istərdim. 

Qarabağ uğrunda savaşmağı qətiyyen düşünməyən bir nəsil yetişir. Qəribəmi gəldi? Gəlməsin! Baxın Avropa İttifaqı qurulandan bu yana, hətta ikinci dünya müharibəsindən bu yana Qərbi Avropada heç bir dövlət arasında müharibə həddində bir savaş olmadı. Artıq Avropada gənclərin başından tarixi milli sərhədlər silinib. Tarixi irs ancaq bəzi alimləri, bir-iki ortalıqda qalmış siyasətçini maraqlandırır. Orada ictimai həyatın mərkəzi şüarı özünü ifadə azadlığıdır. Qlobal məkanda iş görən transmilli şirkətlərə böyük bazar və romantik milli duyğulardan məhrum olan əhali kütləsi lazımdır. 

Ona görə savaş istisnadır. Qərbi Avropa məkanı daxilində! Nə vaxt ki, transmilli şirkətlərə bunun əksi lazım olacaq, onda ideolojiler də dəyişəcək. Gələk bizə. Bizim gənclər üçün Avropa bir idealdır. Musiqisi, yazısı, korporativ yüksəlişi ilə. Duyğu ehtiyacı isə ancaq cinsi müstəvidəki sevgi ilə, mahnılar və rəqslərlə ödənir. Bu nəsil, heç bir zaman Qarabağ üçün həzzlərə son verən ölümə tərəf getməz. Mən hər şeyi inkar edən bir tipaj deyiləm. Hər halda düşünürəm ki, dövlət idarə aparatında milli duyğularla əlaqəsini saxlayan insanlar bu qorxulara qarşı dini tədrisi istəyir. 

Çünki onların içində də erməni gülləsini bədənində, təcavüzünü ürəyində daşıyanlar var. Amma bir tərəfdə də kosmopolit müxalifətçiləri görürük. Mən burada da hamısını demirəm. Amma vallahi, billahi Qərb aşiqləri üçün Qarabağ hədəf deyil! Niyə? Qarabağ bir qeyrət məsələsidir. Sizdən soruşuram milli anlam daxilində başa düşülən qeyrət izahı Avropadan gələrmi? Qarabağ bir tarix məsələsidir! Tarixi dəyərlərinizə cahillik deyənin Qarabağ dərdi olarmı? Qarabağ bir intiqam məsələsidir! Analarımızın təhqir edilmiş namusları üçün dura bilməkdir. Bu zehniyyət niyə intiqam alsın ki....?

Azər Hüseynov /Avropa.info/


Oxunma sayı: 15290

Oxşar yazılar