Ehtiyac üzündən böyrəyini satan: “Heç yerdən pul tapa bilməyəndə qərara gəldim ki...”

  • 26 Apr - 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində son dövrlərin ən qalmaqallı məhkəmə işlərindən biri - “qara transplantologiya” ilə məşğul olmaqda ittiham olunan, böyrək çatışmazlığından əziyyət çəkənlərlə böyrəyini satmaq istəyənlər arasında vasitəçilik edən 62 yaşlı Ağdam rayon sakini Vahib Xudadatovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu cinayət işində bir müddət əvvəl adı orqan transplantasiyasında hallandırılan və həbs olunan, Tbilisidəki “Lanseti” klinikasının rəhbəri Fərman Ceyranlının, eləcə də müxtəlif klinikalar tərəfindən Azərbaycana dəvət edilən iranlı həkim Mohsen Tahirinin də adları keçir.

Virtualaz.org-un xəbərinə görə, prosesdə zərərçəkmiş qismində Elvin Məmmədov dindirilib. O, ifadəsində deyib ki, heç kim onu böyrəyini satmağa məcbur etməyib, pula ehtiyacı olduğundan belə bir addım atıb: "Kirayə pulunu ödəyə bilmirdim, gündəlik xərclərə pul tapa bilmirdim. İşlədiyim maşınyuma yerində hadisə baş vermişdi. Müdiriyyət ona görə tələb olunan 5 min 500 manatı mənim üstümə qoymuşdu, sənədlərimi də almışdı. Vahab əslində mənə kömək edib. Böyrəyimi pula ehtiyacım olduğundan, könüllü şəkildə satmışam”.

Zərərçəkmiş deyib ki, problemlərin həlli üçün heç yerdən pul tapa bilməyəndə böyrəyin qiymətini öyrənmək üçün internetdəki elanlara baxıb. Həmin elanlardakı telefon nömrələrindən birinə zəng vurub: "Telefonda Vahabla danışdım. Bir nəfər tanışına böyrək lazım olduğunu dedi. On min manata razılaşdıq. Sonra gedib Bakıda klinikada qan analizi verdim. Məlum oldu ki, köçürmənin mümkün olub-olmadığının müəyyənləşdirilməsi üçün İrana getməliyəm. Dedim ki, mənim sənədlərimi müdir alıb”.

 

E.Məmmədovun dediklərindən belə məlum olub ki, V.Xudadatov ona sənədlərini düzəltmək üçün 500 manat pul verib.

Digərləri kimi, E.Məmmədov böyrəyini verəcəyi şəxslə birgə İrana gedib. Orada “Xomeyni xəstəxanası”nda həkim Mohsen Tahiri transplantasiyanın mümkün olub-olmamasını yoxlayıb. Rəy müsbət olandan sonra Tbilisiyə elə həmin həkim gedib, böyrək köçürməsi əməliyyatını edib.

Əməliyyatdan dərhal sonra - o hələ Gürcüstanda olduğu vaxt V.Xudadatov aparıb Bakıda 9 min 200 manatı onun həyat yoldaşına çatdırıb.

Məhkəmədə böyrək köçürülmüş şəxslər də ifadə veriblər. Onlardan biri - Şahmar Əsədov deyib ki, mütəmadi olaraq Bakıya gəlib, burada müayinə və müalicələr edən iranlı həkim Mohsen Tahirini tanıyıb. Donorun tapılmasından tutmuş, əməliyyatın həyata keçirildiyi Düşənbə şəhərinə təyyarə biletləri, orada otel xərclərinə qədər bütün işləri də o, öz boynuna götürüb. Bundan ötrü ona 30 min dollar verib. Vahabı taksi sürücüsü kimi tanıdığını, böyrəyini ona verən şəxsin adını isə xatırlamadığını deyib.

İş materiallarından görünür ki, ona Samux rayon sakini Sərvan Məmmədovun böyrəyi köçürülüb. V.Xudadatov məhkəmədə deyib ki, bu donora əməliyyatdan sonra 7 min dollar pul verilib. Amma sonradan S.Məmmədov yenə də pul tələb edib və bir neçə dəfə ondan əlavə 500-1000 dollar alıb.

Digər şahid Nazim Axundovun həyat yoldaşına Günay Məhərrəmovanın böyrəyi köçürülüb. Gürcüstanda əməliyyat başa çatandan sonra Bakıda G.Məhərrəmovanın valideynlərinə 8 min manat pul çatdırılıb: “Zəng elədim Bakıya, oğluma. O da pulu aparıb çatdırıb”.

Məhkəmə prosesi mayın 6-da davam edəcək.

İttihama görə, Vahib Xudadatov böyrək çatışmazlığından əziyyət çəkən və orqan köçürülməsinə ehtiyacı olan xəstələrlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik edib. Buna görə hər iki tərəfdən pul alıb. Böyrəyini satanlar sosial şəbəkələrdə, xüsusən də “Facebook”da ortaq tanışlar vasitəsilə tapılıb, xəstələrlə, onların ailə üzvləri ilə görüşdürülüb. Böyrəyini satmaq istəyənlər əvvəlcə paytaxtdakı müxtəlif xəstəxanalarda qan analizi veriblər, sonra hər iki tərəf İranın Tehran şəhərinə - “Xomeyni xəstəxanası”nda çalışan cərrah-transplantoloq Mohsen Tahirinin yanına aparılıb, orada təkrar müayinə olunublar. Müayinədən sonra böyrək köçürülməsi əməliyyatı üçün Gürcüstandakı “Lanseti” klinikasına gediblər. Əməliyyatı Tbilisidə Mohsen Tahiri həyata keçirib. “Lanseti” klinikasının rəhbəri Fərman Ceyranlının həbsindən sonra klinikanın fəaliyyəti dayandırılıb. Bundan sonra əməliyyatlar Tacikistan Respublikasında Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi”ndə aparılıb. Əməliyyatları Mohsen Tahiri həyata keçirib. İranlı həkim mütəmadi olaraq özü də Bakıya gəlib, paytaxtdakı klinikalardan birində xəstələri müayinə edib.

Böyrək köçürülən xəstənin yaxınları donorla məbləği razılaşdırdıqdan sonra əməliyyat aparılan “Lanseti” klinikasının baş həkimi Fərman Ceyranlıya 8 min, iranlı həkimə isə 10 min dollar pul ödəyiblər. Xəstələrlə donorlar arasında vasitəçilik edən Vahib Xudadatova isə bu xidmətinə görə 500 manatdan 2 min manata qədər pul verilib. Bununla yanaşı, donorlarla böyrəyi alanlar arasında notarial qaydada müqavilə imzalanıb. Həmin müqavilədə göstərilib ki, guya bu adamlar yaxın qohumdurlar, biri digərinə böyrəyini verir.


Oxşar yazılar