Deputat qaza və işığa qoyulan limitin ləğvindən yazdı – Foto

  • 26 Apr - 2019

Milli Məclisin deputatı Fəzail Ağamalı qaza və işığa qoyulan limitin ləğvi ilə bağlı məqalə yazıb. Avropa.info həmin məqaləni təqdim edir:

2018-ci il seçkilərində xalqımızın yüksək etimadını qazanan ölkə prezidenti, cənab İlham Əliyev son on beş ildə davamlı xarakter daşıyan islahatların dərinləşməsi prosesinə start verdi. Bu islahatlar cəmiyyətimizin bütün tərəflərini əhatə etməkdə, sistemli, davamlı və kompleks mahiyyət daşımaqdadı.

Şəhid ailələrinə illərdən bəri gözlənilən sığorta pulunun verilməsi, minimum əmək haqqının və pensiyanın, tələbə təqaüdlərinin, bütün kateqoriyadan olan əlillərə verilən pensiyaların, şəhid ailələrinin aldıqları prezident təqaüdlərinin artırılması, problemli kreditlərin həllilə bağlı analoqu olmayan qərarın verilməsi, idarəçilik sisteminin təkmilləşdirilməsinə, onun çevik və operativliyinin təmin olunmasına xidmət edən struktur islahatlarının aparılması, məhkəmə-hüquq sistemində özünü göstərən neqativ halların aradan qaldırılmasına və məhkəmələrin tam müstəqilliyinin təmin olunmasına xidmət edən sərəncam və Fərmanların imzalanması və bütün bunların həyata keçirilməsinə birbaşa nəzarət ölkə prezidentinin xalqımıza olan dərin sevgisinin ifadəsidi, dövlət xadimi kimi onun yüksək keyfiyyətlərinin göstəricisidir.

Belə bir tarixi dönəmdə, xalqımızın həyat səviyyəsinin daha da yaxşılaşmasına yönələn ciddi islahatların dərinləşməsinin geniş xarakter daşıdığı zaman kəsiyində əlində qələm tutan, ictimai rəyə az-çox təsir göstərə bilən ziyalılarımız, jurnalistlərimiz, səlahyyət sahibi olan məmurlarımız, millət vəkillərimiz dövlətimizlə, prezidentimizlə bərabər olmalı, onun atdığı addımların əhəmiyyətli və effektiv nəticələri ictimai rəyə təqdim edilməlidir. Bu həm də hər birimizin vətəndaşlıq borcudu.

Son vaxtlar ölkəmizdə qaz və elektrik enerjisinə qoyulan limitin ləğv edilməsi və hər iki enerji daşıyıcısının qiymətlərinin əvvəlki səviyyəsinə qaytarılmasılə bağlı geniş və ardıcıl xarakter daşıyan təkliflər kifayət qədər aktuallaşıb. Bu müzakirələrdə istifadə olunan doğal qazın və elektrik enerjisinin parasını ödəyə bilməyən çox minli sadə vətəndaşlarımızla bərabər, iqtisadçılarımızın, millət vəkillərimizin də rəyləri sosial şəbəkələrdə və KİV-də geniş miqyas almaqdadı.

Etiraf edim ki, müzakirələrdə iştirak edən peşəkar iqtisadçılarımızın və millət vəkillərinin mütləq əksəriyyəti haqlı olaraq limitin ləğv olunmasının tərafdarıdı. Deputat Fazil Mustafa və Vahid Əhmədov istisna olunmaqla.

Onların Milli Məclisin plenar yığıncağında və mətbuatda doğal qaz və elektrik enerjisinin qiymətilə bağlı söylədiyi dozalı fikirlər əsassız və ölkə prezidentinin həyata keçirdiyi islahatların mahiyyətilə zidiyyət təşkil edən konyuktur mövqedi. Yetərincə savadlı və məlumatı olan hörmətli həmkarlarım ən azı “Kombi” sistemini işlədən şəhərlərimizdən, Abşeron, Quba və ölkəmizin digər rayon və kəndlərində “Ceyran peçi”lə qızdırılan evlərin 6-7 ayda qaz və elektrik enerjisinə sərf olunan maliyyə tutumunu deputat seçildikləri rayonun əhalisindən öyrənə, daha ədalətli və obyektiv mövqeyini ortaya qoya bilərdilər.

Bir daha çalışacağam ki, lakonik şəkildə doğal qaz və elektrik enerjisinə tətbiq edilən limitin bütövlükdə ləğv olunmasının zəruriliyini konkret arqumentlərlə əsaslandırım.

Azərbaycan ölkə prezidentinin dediyi kimi, neft-qaz ölkəsidir və bu Azərbaycan xalqının milli sərvətidi. Bu reallıq və reallıqdan doğan məntiq neft-qaz məhsullarının əhalimizə adekvat qiymətlərlə satılmasını tələb edir. Doğal qazın nisbi satış qiymət əmsalı Azərbaycanda qaz idxal edən Avropadan orta əmək haqqı və orta pensiya məbləğinə nisbətdə yüksəkdir. Başqa sözlə desək Avropalı əmək haqqının 1-2 faizini, soydaşlarımız bunun 15-20 faizini ödəməli olur.

Bakı və respublikanın digər şəhərlərində, rayon mərkəzlərində tam mərkəzləşdirilmiş istilik sistemi olmadığına görə əhalimizin mütləq əksəriyyəti “Kombi” deyilən lokal istilikdən istifadə edir. Araşdırmamız göstərir ki, bu tip istilik sistemindən istifadə edən ortalama 5 nəfərlik ailənin 90-100 m2 mənzili qızdırmaq üçün limitli aylıq xərci 80-90 manat (bu vur-tut 1-1,5 aya kifayət edir), limitsiz 160-180 manatdı. Elektrik enerjisi qış aylarında 30-40 manat, isti aylarda 60-80 manat təşkil edir.

Respublikanın kənd və qəsəbələrində, xüsusilə qışın sərt keçdiyi bölgələrdə isə bu baxımdan vəziyyət daha kəskindi. Bir qayda olaraq kənd yerlərində “Ceyran peçi” deyilən istilikdən istifadə olunur. 70-80 m2-lik mənzili 25-27 dərəcə qızdırmaq üçün “Ceyran peçi”nin aylıq qaz sərfiyyatının maliyyə tutumu 110-120 manat civarındadı. Bura 20-30 manat elektrik xərcini də əlavə etsək, mənzərə aydın olar.

Deməli, bu vəziyyət ölkə prezidentinin həyata keçirdiyi və xalqımız tərəfindən yüksək dəyələndirilən sosial islahatlarla uzlaşmır.

Digər tərəfdən aparılan islahatlar insanlarımızın həyat səviyyəsinin yüksəldilməsilə bərabər, istehsalın stimullaşdırılmasılə ölkəmizdə istehsal olunan məhsulların maya dəyərinin aşağı olunmasını da önə şəkir.

Qazın tətbiq edildiyi sənaye və kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı olması həm daxili bazarda onun alıcılıq imkanlarını artırar, həm də ixrac edilən ölkələrdə rəqabət səviyyəsini dayanıqlı edərdi.

Limitin saxlanılması və qaz və elektrik enerjisinin qiymətinin yüksək olaraq qalmasının ekologiyaya vurduğu zərər bu bahalıqdan alınan “gəlirdən” qat-qat çoxdur. Hesablamalar göstərir ki, qaz və elektrikə limitin tətbiq olunması meşə massivlərinin qırılması və odundan istifadəni ən azı 30% artırmışdır. Meşələrin kütləvi şəkildə qırılması ekoloji katastrofdu və içməli su böhranının daha da dərinləşməsidir, içməli su resurslarının kəskin azalmasıdır, hava kütləsinin zəhərlənməsidir, bütövlükdə ölkədə aparılan ekoloji siyasətə zərbədir.

Göründüyü kimi, bütün iqtisadi, siyasi, sosial, psixoloji amillər qaz və elektrik enerjisinin limitinin aradan qaldırılmasını zəruri edir. Bütövlükdə, limitlərin aradan qaldırılması konkret sahələrin mənafeyinə gətirdiyi “zərər” ölkə maraqlarına verə biləcəyi səmərədən və əhəmiyyətli nəticədən qat-qat aşağıdır və hər iki sahədə limitin ləğv edilməsi mahiyyət etibarilə aparılan dərin islahatların tərkib hissəsi kimi qəbul edilməlidir.

Ölkə prezidentinin həyata keçirdiyi dərin islahatlar iqtisadi inkişafımızın və sosial-siyasi sabitliyimizin təminatı, dövlətimizin güclənməsi, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsinin ən vacib amilidir.

Fəzail Ağamalı
Milli Məclisin deputatı


Oxunma sayı: 77

Oxşar yazılar