Azərbaycan-NATO: əməkdaşlıq perspektivləri və geosiyasi reallıqlar

  • 10:09 - 26 Aprel

Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Vaşinqtonda təşkilatın 70 illiyinə həsr edilmiş yubiley tədbirlərində Azərbaycanla bağlı maraqlı fikirlər ifadə edib. Onları təhlil edən ekspertlər NATO-nun Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətinin olduğu qənaətinə gəlirlər. Doğrudan da, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-NATO əməkdaşlığı olduqca səmərəli inkişaf edir. Bu proses hər iki tərəfi qane edir. Regionun böyük dövlətlərinin maraqlarına toxunmur. Digər Cənubi Qafqaz dövlətlərindən fərqli olaraq, Azərbaycanın NATO istiqamətində atdığı heç bir addım qonşularda qıcıq yaratmır. Ancaq Ermənistan bu məsələdən də süni yararlanmağa çalışır. Ermənistan hakimiyyəti Azərbaycanın NATO ilə əməkdaşlıq etdiyinə görə bu təşkilatla əlaqə qurduğunu deyir. Bu, bir daha təsdiq edir ki, Ermənistan müstəqil siyasət yeridə bilmir. Daim başqalarının hərəkətlərinə "alternativ" olaraq səbatsız addımlar atır. Bu kimi məqamların fonunda Azərbaycan-NATO əlaqələrinin bir sıra aspektləri üzərində geniş dayanmaq lazım gəlir.

Cənubi Qafqaz siyasətinin formalaşması: Şimali Atlantika Alyansı və üç dövlət

Cənubi Qafqaz ölkələrinin NATO siyasəti bir sıra parametrlərinə görə bir-birindən ciddi surətdə fərqlənir. Bu, artıq bir neçə ildir ki, açıq surətdə görünür. Müstəqilliyin ilk illərində fərqlər elə də gözə çarpmırdı. Çünki həm sovetlər yenicə dağılmışdı, həm də NATO-nun özünün konkret kursu yox idi. Region ölkələri də hələlik hərbi sahədə götürəcəkləri istiqaməti dəqiqləşdirməmişdilər. Bu aspektdə Azərbaycan üçün yaranmış situasiya daha mürəkkəb idi.

Havadarlarının köməyi və ciddi hərbi dəstəyi ilə forpost Ermənistan Azərbaycana hücumlarını davam etdirirdi. Öz ordusu və hərbi doktrinası olmayan Azərbaycanın NATO ilə real əlaqələr qurmaq imkanı minimum idi. Hətta o dövrdə Azərbaycana rəhbərlik edənlərdən özümüzün ordumuzun olmasına ehtiyac görməyənlər də vardı. Onlar hələ də rus ordusunun himayəsinə sığınmağa çalışırdılar. Lakin Ulu öndərin hakimiyyətə qayıdışı ilə hər şey kökündən dəyişməyə başladı. Heydər Əliyev 1994-cü ilin may ayının 4-də Azərbaycan ilə NATO arasında tərəfdaşlığın əsasını qoyan sazişi imzaladı. Bu, "Sülh Naminə Tərəfdaşlıq" (SNT) Çərçivə Sənədi idi. Azərbaycan SNT proqramının prinsiplərinə əsaslanmaqla, sülhü dəstəkləmə əməliyyatlarında iştirak edir və meydana gələn təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparır. Burada təhlükəsizlik və müdafiə islahatlarına vurğu edən geniş spektrli məsələlər üzrə siyasi dialoq və praktiki əməkdaşlıq da nəzərdə tutulub.

Qeyd edilən sazişi 1994-cü ilin fevralın 23-də Gürcüstan, həmin ilin oktyabrın 5-də isə Ermənistan imzaladı. Beləliklə, Cənubi Qafqazın hər üç ölkəsi Şimali Atlantika Alyansının tədbirlərində eyni proqram üzrə iştirak etməyə başladılar. Ancaq təcrübə göstərdi ki, onların hər birinin bu cür əməkdaşlıq barədə öz mövqeləri vardır. Doğrudur, Əfqanıstanda, Kosovoda onlar eyni dərəcədə iştirakçıdırlar. Əsas məsələ NATO ilə əməkdaşlığın strategiyası və konkret kursu ilə bağlıdır. Bu aspektdə region dövlətləri eyni yolu seçmədilər.

Gürcüstan NATO-ya üzv olmaq kursunu götürdü. Artıq neçə illərdir ki, bu istiqamət üzrə hərəkət edir. Həm Alyans daxilində, həm də Rusiyada bu təşəbbüsə münasibət birmənalı deyil. Moskva təbii ki, Tbilisini və Brüsseli xəbərdar edir. Kreml Gürcüstanın NATO-ya üzv olmasını və təşkilatın hərbi bazasının bu ölkədə yerləşdirilməsini təhlükəsizliyinə ciddi təhdid hesab edir. Bu səbəbdən də Rusiyadan Tbilisiyə davamlı olaraq xəbərdarlıqlar gəlir. Son illər isə bu məsələdə vəziyyət daha kəskin xarakter alıb. NATO-nun Gürcüstanda hərbi təlimlər keçirməsinə Moskva sərt təpki göstərib. Onu da deyək ki, 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyaya hücum edəndə, Gürcüstana NATO yardım edə bilmədi. Belə çıxır ki, Şimali Atlantika Alyansına üzv olmaq kursunu seçmək ərazi bütövlüyünə təminat vermir.

İndi də Gürcüstan hərbi risk altındadır. Bunu ekspertlər də etiraf edirlər. Lakin Tbilisi NATO-ya üzvlük xəttindən çəkilmək fikrində deyil. Deməli, Şimali Atlantika Alyansı ilə münasibətlərin məzmunu faktiki olaraq Gürcüstanı Rusiya ilə gərginlikdə saxlayır. Bunun fonunda NATO-Ermənistan əlaqələri daha dolaşıq və perspektivsiz görünür. İrəvan KTMT-yə üzv ola-ola NATO ilə əlaqələri genişləndirməkdən bəhs edir. Ekspertlər bunu Ermənistanın eyni vaxtda iki stulda oturmaq cəhdi kimi qiymətləndirir və məntiqi olaraq, bu cəhdi uğursuz adlandırırlar.

Ermənistan rəhbərliyi nə qədər NATO ilə əməkdaşlıqdan dəm vursa da, Kremlin icazəsi olmadan və KTMT nizamnaməsindən kənarda Şimali Atlantika Alyansı ilə hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz. Bunu təsdiq edən faktlardan biri məhz Moskvanın göstərişi ilə Ermənistanın Suriyaya hərbçilər göndərməsidir. Həmin hadisə ilə bağlı hətta Qərb İrəvana xəbərdarlıq belə edib.

Perspektivli kurs: Bakının uzaqgörən və praqmatik siyasəti

Bunların fonunda Azərbaycan-NATO münasibətləri tam konstruktiv məcrada və heç bir ziddiyyət yaratmadan inkişaf edir. Belə ki, Azərbaycan 2003-cü ildən bu yana NATO-nun Əfqanıstanda həyata keçirilən əməliyyatlarına töhfə verir. Azərbaycanın 120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasının tərkibində xidmət edir. Eyni zamanda, hava və quru tranziti, müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqan Ordusu üzrə Etimad Fonduna maliyyə töhfələri ilə də dəstək həyata keçirir.

Bu cür əməkdaşlığın perspektivi haqqında NATO rəhbərliyi dəfələrlə fikir bildirib. Son olaraq, təşkilatın baş katibi Y.Stoltenberq deyib ki, "Bakı-Tbilisi-Qars NATO-nun Əfqanıstanda "Qətiyyətli Dəstək" missiyasının uğuruna mühüm töhfə verir". O, bu fikri 2019-cu ilin aprelin 3-4-də Vaşinqtonda NATO xarici işlər nazirlərinin növbəti iclasında ifadə edib. Fikirlərini inkişaf etdirərək Y.Stoltenberq Azərbaycanın Alyansın yaxın tərəfdaşı olduğunu, beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Etiraf etmək lazımdır ki, bu cür qiymətləndirmə Azərbaycan-NATO münasibətlərinin sağlam məzmunu ilə yanaşı, Bakının düşünülmüş siyasət yetirdiyinin də təsdiqidir. Çünki NATO tərəfindən keçmiş sovet respublikaları ilə bağlı deyilən hər bir fikrə Kreml həssaslıqla reaksiya verir. Azərbaycanla bağlı isə onun heç bir iradı yoxdur. Deməli, Azərbaycan rəhbərliyinin seçdiyi əməkdaşlıq kursu NATO ilə əlaqələri gücləndirir, onun perspektivli olmasını təmin edir və eyni zamanda, regionun böyük dövlətlərini qıcıqlandırmır. Bu özəlliyinə görə Azərbaycan-NATO münasibətləri NATO-Ermənistan və NATO-Gürcüstan münasibətlərindən keyfiyyətcə fərqlənir.

Vurğulanan məqamlar Azərbaycanın xarici siyasətinin mühüm aspektləri arasında sıx əlaqənin olduğunu göstərir. Bakı iqtisadi, ticarət, nəqliyyat dəhlizləri və logistika, enerji kimi vacib istiqamətləri hərbi-müdafiə və təhlükəsizliklə sıx əlaqələndirə bilir. Ayrıca, NATO siyasəti səmərəli çərçivədə aparılır ki, yekunda müsbət nəticəsini verir. Daha geniş aspektdə baxanda görürük ki, Azərbaycan xarici siyasətin bütün prioritet istiqamətlərini sistemli olaraq uyğunlaşdırır. NATO məsələsi isə bir sıra səbəblərdən daha həssas xarakterə malikdir.

Məsələ ondan ibarətdir ki, hazırda NATO-Rusiya münasibətləri çox həssas bir mərhələdədir. Şimali Atlantika Alyansının Şərqə doğru genişlənmək kursuna Moskva ciddi etiraz edir. Bunun fonunda Rusiya öz ərazisinə yaxın məkanlarda NATO-nun hər bir fəaliyyətinə həssaslıqla reaksiya verir. Bunu Ukraynada, Gürcüstanda, Baltikyanıda, Qara dəniz hövzəsində müşahidə etmək olar. Onda belə bir nəticə əldə edilir ki, Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda yerləşən hər bir ölkə hərbi əməkdaşlıq məsələsinə xüsusi həssaslıqla yanaşmalıdır. Məhz bu bağlılıqda Bakının NATO ilə əməkdaşlıq siyasətinin nə dərəcədə uğurlu olduğunu görürük.

Təbii ki, Azərbaycanın hərbi sferada atdığı istənilən addımın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli kontekstində də qiymətləndirilməsi vacibdir. NATO rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Qəbul etdiyi sənədlərdə də bu barədə konkret müddəa yazılıb. Şimali Atlantika Alyansı Azərbaycanın işğal edilmiş ərazilərindən təcavüzkarların çıxarılması haqqında da fikir bildirib. Lakin bundan o tərəfə hansısa konkret addım atılmayıb. Məsələn, NATO İraqa müdaxilə ilə bağlı qətiyyətli mövqe nümayiş etdirib, ümumiyyətlə, istənilən təcavüzə qarşı olduğunu bəyan edib. Ancaq məsələ Azərbaycana gəldikdə, nədənsə, bir qədər fərqli məqamlar ortaya çıxır. O cümlədən NATO təcavüzkar Ermənistanla da "sülh naminə" tərəfdaşlıq edir. Baxmayaraq ki, İran heç kimin ərazisini işğal etməyib, NATO eyni münasibəti Tehrana göstərməz. Ermənistan başqasının ərazisini işğal edibsə, o, hansı sülhdən danışa bilər? Bu kimi suallar insanları düşündürür. NATO rəhbərliyi də düşünsə, bizcə, sülh üçün faydalı olar.

Newtimes.az


Oxunma sayı: 11000

Oxşar yazılar