Məcburi köçkün uşaqları "Formula 1" ilə tanış olublar

  • 25 Apr - 2019

Xarici İşlər Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-prisi çərçivəsində “Racing for Peace” (Sülh Naminə Yarış) şüarı altında məcburi köçkün uşaqlar üçün yarış öncəsi pit yolu, eləcə də əyləncə zonasına gəzintilər təşkil olunub.

BŞH-dan Avropa.info-ya verilən məlumata görə, uşaqlar böyük həvəslə paytaxt Bakıda keçirilən Qran-pri yarışına hazırlıq prosesi ilə tanış olmaq, bu yarışları izləmək üçün ölkəmizə gələn peşəkar "Formula 1" komanda üzvləri, əcnəbi qonaqlar və həmyaşıdları ilə təmasda olmaq imkanı əldə ediblər və onlarda avto-idman sahəsinə xüsusi maraq yaranıb.

İcmanın üzvləri əslən Dağlıq Qarabağdan olan məcburi köçkün uşaqlar üçün təşkil olunmuş bu sosial-humanitar layihəyə görə təşəkkürünü ifadə edərək bu aksiyanın Azərbaycanın BMT-nin “Sülh və inkişaf naminə idman” proqramının məqsəd və məramlarına sadiqliyinin növbəti nümunəsi olduğunu bildiriblər.

Bundan əvvəl ölkəmizdə keçirilən beynəlxalq şahmat turniri çərçivəsində “Sülh naminə şahmat” oyununda iştirak edən uşaqlar Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edildikdən sonra doğma torpaqlarında bu gün Bakıda olduğu kimi sülh, əmin-amanlıq və multikulturalizm şəraitində avtomobil idmanı yarışlarının keçiriləcəyinə ümidvar olduqlarını ifadə ediblər.

BŞH-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai təmsil etdiyi şirkətin dostluğa və anlaşmaya xidmət etdiyini qeyd edərək korporativ sosial məsuliyyət, cəmiyyətə töhfə və uşaqlara qayğı kimi dəyərləri daim rəhbər tutduğunu bildirib.

Tədbirin sonunda BŞH tərəfindən uşaqlara "Formula 1" yarışları üçün xarakterik olan hədiyyələr və suvenirlər verilib.


Oxunma sayı: 77

Oxşar yazılar