İntihar etmək istəyən şəxsin həyatı su polisi əməkdaşları tərəfindən xilas olunub

  • 22:04 - 24 Aprel

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının peşəkarlığı və ictimai asayişin keşiyində ayıq-sayıq dayanması insan ölümü ilə nəticələnə biləcək faciənin qarşısını vaxtında ala bilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, ötən gün Bakı Dəniz Vağzalında bir nəfər naməlum şəxsin özünü şübhəli aparması və qeyri-adekvat hərəkətləri ərazidə xidmətdə olan su polislərinin diqqətini cəlb edib. Həmin şəxs intihar etmək məqsədilə özünü dənizə atmaq istəyən zaman onun bu cəhdinin qarşısı alınıb. İntihara cəhd edən şəxslə su polisləri profilaktiki söhbətlər apararaq onu bu fikrindən daşındıra biliblər.

Həyatına qəsd etmək istəyən şəxsin 1982-ci il təvəllüdlü, Xəzər rayonu ərazisində yaşayan Dədəcanov Natiq İlham oğlu olduğu müəyyən edilib. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Natiq Dədəcanovla apardıqları profilaktik söhbət zamanı o, törətdiyi ağır cinayət hadisəni də etiraf edib. Məlum olub ki, həmin şəxs bir neçə gün əvvəl Xəzər rayonunun Binə qəsəbəsində yaşadığı evdə ailə münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci il təvəllüdlü Vüsalə Dədəcanova ilə mübahisə edib. Bir neçə dəfə həyat yoldaşı ilə barışmağa cəhd göstərsə də buna nail ola bilməyib. Bakı Dəniz Vağzalı ərazisinə gəlməmişdən əvvəl isə o, Mərdəkan qəsəbəsində üzərində gəzdirdiyi bıçaqla həyat yoldaşına xəsarət yetirib. Arvadını qətlə yetirdiyini zənn edən Natiq Dədəcanov intihar etmək məqsədilə dəniz kənarına gəlib. Su polisləri söhbət zamanı həmin şəxsin diqqətinə həyat yoldaşının xəsarət aldığını, amma dünyasını dəyişmədiyini bildiriblər. Natiq Dədəcanov onu intihar etmək fikrindən daşındırdıqlarına görə su polislərinə təşəkkür edib. O, törətdiyi bıçaqlanma hadisəsinin istintaqının aparılması üçün su polisləri tərəfindən ərazi üzrə Xəzər Rayon Polis İdarəsinə təhvil verilib.


Oxunma sayı: 4334

Oxşar yazılar