“Azərbaycan dilinin Orfoqrafiya Normaları”: Səhvlər aradan qaldırıldımı? – Mövqe

  • 12:41 - 24 Aprel

Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutunun müəllifi olduğu “Azərbaycan dilinin Orfoqrafiya Normaları” Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Yeni orfoqrafiya qaydalarının təsdiq edilməsi bu ilin sonuna kimi yeni orfoqrafiya lüğətinin çap olunması üçün əsas şərtlərdən biridir. Sonuncu orforafiya lüğətinin nəşrindən artıq 15 il keçir və ayrı-ayrı məsul şəxslərin məsuliyyətsizliyi və səriştəsizliyi üzündən qanunvericiliyə zidd olaraq orfoqrafiya lüğəti yenilənmirdi.

Təəssüf ki, “səriştəsiz” və “məsuliyyətsiz” sözlərini çox əminliklə deməli oluruq. Nə dərəcədə haqlı olduğumuza özünüz qiymət verin:

– Növbəti orfoqrafiya lüğəti 2009-cu ildə nəşr edilməli olsa da, buna 2012-ci ildə cəhd göstərilib. Amma çoxsaylı nöqsanlara görə təqdim olunan lüğət Prezident Administrasiyasında qəbul edilməyib. “Kitabdakı ciddi qüsurlara görə” AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib, lüğətin 2012-ci il nəşrinin 6500 nüsxəlik tirajının ləğvi və satışdan yığışdırılmasına göstəriş verilib.

– 2013-cü ildə Dilçilik İnstitutunun hazırladığı növbəti lüğət “40 minə qədər qondarma söz əlavə edildiyi üçün” (həmin sözləri guya nəşriyyat işçiləri əlavə edib) təsdiq olunmayıb. Çox maraqlıdır ki, bu lüğət, üstəlik, qaydalara zidd olaraq, orfoqrafiya qaydaları təsdiq edilmədən çap edilib. Nəticədə bu lüğət də hüquqi qüvvəsi olmayan elan edilib.

– Nəhayət, 2018-ci ildə yeni orforqafiya qaydaları layihəsi ictimaiyyətin müzakirəsinə verildi. Bu layihənin bəzi yeni bəndləri (22, 37 və 69) də ictimaiyyətin kəskin və davamlı tənqidinə məruz qaldı. Dövlət başçısı və digər aidiyyətli strukturlara edilən müraciətlər öz nəticəsini verdi və komissiyanın cəfəng deyilə biləcək bir sıra təklifləri layihədən çıxarıldı.

“Azərbaycan dilinin Orfoqrafiya Normaları” Nazirlər Kabineti tərəfindən təsdiq ediləndən sonra cəmiyyət rahat nəfəs almalı idi. Amma yeni normalar əvvəlkinə nisbətən bir qədər yaxşı olsa da, ciddi nöqsanlardan xali deyil.

Əvvəlcə ədalət naminə deyək ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində yol verilən bir neçə səhv düzəldilib.

1. Layihədə 68-ci bənddə yanlış olaraq defis durğu işarəsi kimi verilmişdi. “Durğu işarələri (tire, defis, mötərizə, dırnaq işarələri və s.) yeni sətrə keçirilmir”. Bu elmi səhv düzəldilib.

2. Rusiya nəzəri kosmonavtikasının banisinin soyadı “SiAlkovski” yazılmışdı. Bu orfoqrafik səhv düzəldilib.

3. Mürəkkəb sözlərin yazılışı bölməsində (41-ci bənd) deyilirdi ki, eyni feil kökünün təkrarı və “a”, “ha” bitişdiricilərinin vasitəsilə yaranan mürəkkəb isimlərdə (gəlhagəl, qaçaqaç, tutatut, vurhavur və s) sözün kökü kar samitlə bitdikdə “a”, cingiltili samitlə bitdikdə isə “ha” bitişdiricisi yazılır”. “Gethaget” sözü istisnadır və bu, qeyd kimi verilib (Bu səhvləri Orfoqrafiya Komissiyasına göndərdiyimiz təkliflərdə qeyd etmişdik).

Amma “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda yenə ciddi nöqsanlar qalır. Ötəri nəzər saldıqda belə bunu asanlıqla sezmək olar. Beləliklə, bəzi qeydlərimizi bildirməyin faydalı olacağını düşünürük.

1. Yeni normalara baxanda aydın olur ki, komissiyanın üzvləri hələ də bir sıra dilçilik terminləri ilə bağlı ortaq məxrəcə gələ biməyib. 2018-ci ildə müzakirəyə çıxarılan layihədə işlənən “əsl Azərbaycan sözləri” və eyni mənada işlənən “milli sözlər” “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda “Azərbaycan mənşəli sözlər”lə əvəz edilib. Görəsən, orfoqrafiya komissiyasının sədr müavini, layihəni yazan professorlar terminlərdə sinonim dubletliyin yolverilməz olduğunu bilmirlər? Bu terminoloji anarxiyanın təhsil sahəsinə də ayrıca zərbə vuracağı şəksizdir.

2. “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda deyilir: “3.1. Rus dilində tərkibində ц hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür.

3.1.1. ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s.;

Qeyd. Metso, vitse morfemləri və blits, ratsiya və s. sözlər istisnadır.

3.1.2. xüsusi isimlərdə sözün əvvəlində s (Setkin, Siolkovski və s.), sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov və s.) yazılır”.

BİZİM QEYD. Əvvəla, «царь» sözü də eyni qəbildəndir, amma indiyədək “sar” yox, “çar” kimi yazılıb. Bu barədə qeyd olmalı idi.

İkincisi, Əgər “ц” xüsusi isimlərdə sözün əvvəlində olanda “s” kimi yazılırsa, demək, “Царское Село” şəhərinin adı “Sarskoye Selo” yazılmalıdır.

Həmin “ц” xüsusi isimilərin ortasında da gələ bilər. Bu halda qaydalara əsasən, “Староцарская улица”da “царь” sözündəki “ц” xüsusi ismin ortasında gəldiyi üçün “ts” yazılmalıdır. Yəni bu söz “Starotsarskaya” kimi yazılmalıdır. Beləliklə, eyni sözdəki “ц” səsinin 3 yazılış variantı yaranmış olur və bu, doğru deyil. Əgər «царь» sözü “çar” kimi yazılırsa, o, ismin ümumi və xüsusi olmasından asılı olmayaraq hər yerə eyni yazılmalıdır. “Normalar”da bu barədə qeyd yoxdur.

3. Normalarda deyilir: “8.7. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər kiçik hərflə yazılır: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s.

Qeyd. Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır”.

BİZİM QEYD: Yenə qeyddə natamamlıq var. Bəs Sosialist Əməyi Qəhrəmanı, Fransanın Milli Qəhrəmanı və s. fəxri adları necə yazılmalıdır?

4. Normalarda deyilir: “8.4. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin (kursiv bizimdir – V.S.) ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası və s”.

BİZİM QEYD: “Trinidad və Tobaqo”, “Bosniya və Hersoqovina” kimi ölkələrin adındakı “və” də böyük hərflə yazılacaq? Təbii ki, yox. Amma bu barədə qeyd yoxdur.

5. Normalarda deyilir: “9.2. İxtisarlara əlavə edilən şəkilçilər son səsin tələffüzünə uyğun olaraq ya­zılır: AMEA-dan, MDB-nin, UNESKO-nun, İSESKO-da, BDU-ya və s”.
BİZİM QEYD: O təşkilatların adı əski orfoqrafiyada YUNESKO və İSESKO idi, ingiliscədə isə UNESCO və İSESCO-dur….

6. Normalarda mürəkkəb abbreviaturalar barədə bir kəlmə də yazılmayıb.

Dilimizdə mürəkkəb abbreviaturalar da var və onlar ayrı yazımalıdır. Nümunələr: BMT TŞ (Birləşmiş Mİllətlər Təşkilatının Təhlükəsizlik Şurası), AŞ PA (Avropa Şurasının Parlament Assambleyası), ATƏT DTİHB (ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu).

7.Normalarda deyilir: “10.5. Durğu işarələri yeni sətrə keçirilmir”.

BİZİM QEYD: 2018-ci ildə müzakirəyə təqdim edilən naqis layihədə defis də bu sıraya salınmışdı. Defisin durğu işarəsi olmadığı qeyd ediləndən sonra mötərizənin içini boşaldıb, sadəcə, “durğu işarələri” yazdılar. Qeyri-hərf orfoqrafik işarə olan defis və drob isə unuduldu. Onları da sətrin sonunda saxlamaq olmaz və bu. qeyd edilməli idi.

Akademiklərin rəhbərlik etdiyi Orfoqrafiya Komissiyasının hazırladığı və Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda sadalanan kobud səhvlər təəssüf hissi doğurur. Bu səhvlərin bəzilərini hətta orta məktəbin yuxarı sinif şagirdləri də tuta bilərdi, Bütün bunlar və son illər orfoqrafiya qaydaları və lüğəti ətrafında baş verənlər hökumət və AMEA-nın nüfuzuna ciddi xələl gətirir. Fikrimizcə, dövlət başçısı səviyyəsində bu məsələ ilə bağlı ciddi addımlar atılmasının vaxtı çatıb...

Vasif Sadıqlı
İlkxeber.org


Oxunma sayı: 31339

Oxşar yazılar