"Bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim" - Prezident

  • 15:24 - 23 Aprel

"Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim. Ölkə qarşısında duran bütün problemlər öz həllini tapmalıdır. Son illər ərzində görülmüş işlər göz qabağındadır. Azərbaycan müasirləşir, yeniləşir, hər bir yerdə, hər bir bölgədə və hər bir sahədə çox böyük quruculuq, abadlıq işləri aparılır".

Avropa.info-nun məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edərkən sakinlərlə görüşündə deyib.   

Dövlətimizin başçısı qeyd edib: "Bu gün iqtisadi inkişaf təmin edilir. Bu il iqtisadiyyatımız 3 faiz artır, əvvəlki illərə nisbətən bu artım daha böyükdür. Düzdür, bu, bizi tam qane edə bilməz. Çünki hesab edirəm ki, potensial daha böyükdür və biz iqtisadi baxımdan daha yüksək templərlə artmalıyıq. Ancaq, eyni zamanda, aparılan islahatlar və islahatların dərinləşməsi bizə əlavə imkanlar yaradır. Son illər ərzində çox böyük işlər görülüb, işlər də göz qabağındadır. Ancaq biz indi inkişafımızın yeni mərhələsindəyik. Son prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, növbəti dövr islahatlar dövrü olacaq. Çünki hər bir ölkə üçün islahatlar çox önəmlidir. İslahatlar yenilik, müasirlik, nöqsanların aradan qaldırılması, problemlərin həlli deməkdir.   

Bizdə hər bir sahə üzrə çox aydın təsəvvür və iş proqramı var. Ona görə islahatların dərinləşməsi nəticəsində əldə edilmiş nailiyyətlər əlbəttə ki, vətəndaşların rifah halını yaxşılaşdırır. Baxın, bu ilin üç ayında büdcə daxilolmaları böyük dərəcədə artıb. Yəni, vergi və gömrük orqanları plandan əlavə 200 milyon manatdan çox vəsait toplayıblar. Nəyin hesabına? İslahatlar hesabına. Nəyin hesabına? Şəffaflıq hesabına, aparılmış siyasət nəticəsində. Sahibkarlar da razıdır, çünki bu gün sahibkar da bilir ki, dövlətin vergisini ödəməlidir, tam ödəməlidir və ondan başqa heç kimə heç bir ödəniş edilməməlidir. Mən indi görürəm ki, sahibkarlarda da bu işlərə böyük inam var.   

Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik. Düzdür, infrastruktur layihələri də lazımdır, biz oraya vəsait ayırmasaydıq, belə yollar çəkilə bilməzdi. Ancaq indiki şəraitdə biz vəsaiti daha çox insanların rifah halının yaxşılaşdırılması üçün yönəldirik. Təsadüfi deyil ki, keçən ilin aprel ayında prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Şəhid ailələrinə 11 min manat ödənişin təşkil edilməsi bizim niyyətimizi göstərir və bu ödənişlər aparılır. Ondan sonra qəbul edilmiş qərarlar, imzaladığım fərmanlar da bir məqsədi güdür ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz artırılıb. Mən bu yaxınlarda demişəm, artım faiz baxımından böyük olsa da, bizi qane edə bilməz. Çünki biz daha da yüksək həddə çatmalıyıq və bunu etmək üçün daha da fəal işləməliyik. Sosial müavinətlər orta hesabla iki dəfə, köçkünlərə, şəhid ailələrinə verilən müavinət, tələbə təqaüdləri 50 faiz artıb. Bir çox önəmli fərman və sərəncamlar imzalanmışdır ki, insanların rifah halını, biznes mühitini yaxşılaşdırır və bu istiqamətdə işlər davam etdiriləcək. Çünki minimum əməkhaqqı, minimum pensiyanın qaldırılması daimi proses olmalıdır". 


Oxunma sayı: 15323

Oxşar yazılar