Azərbaycana gətirilən Sakura ağacları bu il də çiçək açdı – Fotolar

  • 16:54 - 22 Aprel

Hər il olduğu kimi bu il də "Sakura" Azərbaycan-Yaponiya İctimai Birliyinin üzvləri Mərkəzi Nəbatat bağında əkilən Sakura ağaclarına baxmaq üçün sözügedən bağa gəliblər. 

Avropa.info xəbər verir ki, Sakura Azərbaycan-Yaponiya İctimai Birliyinin sədri Təranə Hüseynova və birliyin üzvü Fuad Kərimovla yanaşı, bir sıra qonaqlar da ağaclara baxmağa gəliblər. 

Burada qonaqları qarşılayan Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat bağının nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının müdiri Yusif Zeynalov onlara bu ağac haqqında geniş məlumat verib. 

Qeyd edək ki, Sakura Azərbaycan-Yaponiya İctimai Birliyinin Yaponiyadakı üzvləri tərəfindən 2008-ci ildə Azərbaycana hər iki ölkə arasında dostluq və əməkdaşlıq rəmzi olaraq Sakura ağacının tinglərini hədiyyə göndərmişdi. Gələn bu tinglərin 10 ədədi Yaponiyanın Azərbaycandakı səfirliyinin təklifi və bilavasitə iştirakı ilə Mərkəzi Nəbatat bağında, 20 ədədi isə Şirvan şəhərində yerləşən 20 nömrəli məktəbin həyətində əkilib. 

Y. Zeynalovun dediyinə görə, Sakura ağacı ilk dəfə Azərbaycana 1978-ci ildə gətirilib. O deyir ki, Nəbatat bağı ilə yanaşı, bir neçə yerdə əkilən həmin ağaclar baxımsızlıq səbəbilə yox olub getmişdi. 

Təranə Hüseynovanın sözlərinə görə, Yaponiyada meyvəsi olmayan bu ağacın çiçəklərindən bir çox sahədə geniş istifadə olunur: "Ağacın çiçəklərindən xüsusi müalicəvi çayların dəmlənməsində, yarpaq və qabığından isə dərman preparatlarının hazırlanmasında istifadə olunur. Tingləri göndərən şəxslərin ağaclar böyüdükdən sonra çiçəkləmə dövründə Azərbaycana gələrək burada yapon adət-ənənəsinə uyğun olaraq çay günü tədbiri təşkil etməsi nəzərdə tutulur". 

Ümumiyyətlə, Yaponiyada bu ağaclar dövlət səviyyəsində qorunur və satışı qadağandır. Bu ağaclar sadəcə dost ölkə və təşkilatlara dostluq simvolu olaraq verilir. Sakura (albalı) Yaponiyaya Himalaydan gətirilib və cəmi 7-10 gün çiçəkləmə dövrünə malik ağacdır. Həmin zaman yaponlar üçün çox müqəddəs sayılır. Bu dövrdə yaponlar özləri ilə suşi və şirniyyatlar götürərək, çiçəklənən təbiətin valehedici dünyasına yolanır, və burada şənlənirlər. Dövlət səviyyəsində qeyd olunan Hanami Günü (gül bayramı) deyilən bu şənlik hər il aprel ayının beşinə təsadüf edir. Hər il bu inanılmaz bitkinin gözəlliyini düşünən və çiçəklənməsinin kövrəkliyinə baxan yaponlar, gözəlliyin əbədi deyil, həyatın sürətlə və kövrək olduğunu düşünürlər. Hər il qısa bir müddət ərzində çiçək açan Sakura ağacları həyatın zəifliyini və sərtliyini simvolizə edir. Sakura ağaclarının əksəriyyəti dekorativ ağaclardır. Buna görə də onların meyvəsi olmur. 

Sakura ağaclarının 16 növü və 400-dən çox çeşidi var. Bu ağaclar digər bitkilərinin yanında çox yaxşı böyüməkdədir. Ağcların hündürlüyü onun yaşından asılıdır. Ancaq adətən təxminən 8 metrdir Mərkəzi Nəbatat bağında əkilən sakura ağacları isə artıq beş metrə yaxınlaşır. Bu il aprel ayında ölkəmizdəki qeyri-sabit hava şəraiti Sakura ağaclarının çiçəklərini tez tökməsinə səbəb olub.

Müsahibənin sonunda Sakura Azərbaycan-Yaponiya Içtimai Birliyinin sədri Təranə Hüseynova bildirib ki, birliyin, Azərbaycan və Yaponiya ölkələri arasında qarşılıqlı içtimai, mədəni və iqtisadi əlaqələrin genişlənməsi yönündə böyük planları vardır.

Vüsal Əliyev
Avropa.info

 

 

 

 


Oxunma sayı: 39820

Oxşar yazılar