“İnter” klubunun keçmiş prezidenti Cahangir Hacıyevin məhkəməsində ifadə verdi

  • 13:57 - 22 Aprel

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, müttəhimlər kürsüsündə sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, “Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərləri əyləşib.

Təqsirləndirilən şəxslərə qarşı CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və “Aqrokreditbank” tanınıb.

Prosesdə şahid qismində adı keçən Rauf Xəlilovun ölkə xaricində olduğu elan olunub. Hakim qeyd edib ki, həmin şahidin həqiqətən də ölkə xaricində olub-olmaması ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu göndəriləcək.

Prosesdə şahid qismində “İnter” Futbol Klubunun (indiki "Keşlə") sabiq rəhbəri Rəşad Qasımov ifadə verib. O bildirib ki, 1994-cü ildən Beynəlxalq Bankda çalışıb. Bankın mühasibat uçotu və nəzarət departamenti direktoru olduğunu deyən şahid söyləyib ki, 2015-ci ilin dekabrında işdən ayrılıb: "Kredit Komitəsinin üzvü olmuşam, iclaslarda iştirak etməmişəm, sonda qərarlara qol çəkmişəm. Vəzifəmlə bağlı işlərim çox idi. Ona görə də, iclaslara qatılmırdım".

Məhkəmədə elan olunub ki, şahid R.Qasımov istintaqda "Buta Kichin"ə ayrılmış kredit üzrə ifadə verib. R.Qasımovun sözlərinə görə, Beynəlxalq Bankın mühasibatlığına nəzarət edib: "Mən bankdan kredit götürən şirkətlərin işi ilə bağlı maraqlanmırdım. Bu, mənim işim də deyildi. Kredit ayrılan şirkət rəhbərlərini də tanımırdım. Yenə deyirəm, bu məsələlərə Kredit Komitəsi baxırdı və qərarı da onlar verirdi".

Şahid deyib ki, "İnter" klubunun rəhbəri olduğu dövrlərdə Beynəlxalq Bankdan sosial layihə ilə bağlı kredit götürülməyib: "Mən klub prezidenti olan zaman komandanın oyunlarını gedib izləyirdim. Layihələrlə bağlı isə heç bir kredit götürülməyib".

Hakim söyləyib ki, R.Qasımov Beynəlxalq Bankda həmçinin Aktiv və Passivlər departamentinin uzun müddət rəhbəri olub. Məhkəmədə şahidin istintaqa verdiyi ifadəsi elan edilib.

Həmin ifadəsində bildirib ki, "Buta Kichin" üçün bankdan bir neçə tranş olmaqla 163 milyon dollar kreditlər açılıb: "Kredit Komitəsinin iclasında Emin Mustafayev dedi ki, bankın rəhbəri Cahangir Hacıyevin göstərişi ilə "Buta Kichin" üçün kredit ayrılmalıdır. Cahangir müəllim bildirib ki, bu kreditin açılması ilə bağlı banka heç bir ziyan dəyməyəcək".

R.Qasımov istintaqda dindirilən zaman həmçinin digər şirkətlər üçün Beynəlxalq Bankdan kreditlər ayrıldığını, Kredit Komitəsinin iclasında eştirak edib, sənədlərə imza atdığını etiraf edib: "Təminatsız kreditlərin ayrılması ilə bağlı isə heç bir məlumatım yoxdur. Veksel əməliyyatı ilə bağlı Cahangir Hacıyevin xəbəri olub. Mən bu əməliyyata müdaxilə edə bilmirdim".

R.Qasımov məhkəmədə istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib.

Daha sonra şahid qismində Fuad İslamov dindirilib. O, 1992-ci ildən Beynəlxalq Bankda çalışdığını, hazırda Korporativ Müştərilərlə İş departamentinin baş direktoru, Kredit Komtəsinin üzvü olduğunu qeyd edib. F.İslamov istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib.

Məhkəmə prosesi aprelin 29-da davam edəcək.


Oxunma sayı: 5038

Oxşar yazılar