Poroşenkoya xəyanət etdilər, özü isə... – Sensasion şərh

  • 12:20 - 22 Aprel

Ukraynada demokratiya qazansa da, seçkilər Ukrayna üçün məğlubiyyətlə nəticələndi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ukraynadakı prezident seçkilərini qiymətləndirərkən deyib. O, Zelenskinin qalibiyyətinin gözlənilməz olduğunu bildirib:

“Açığı, elə hesab edirdim ki, Poroşenko birinci turda məğlub olsa da, ikinci turda digər namizədlərin elektoral bazasını özünə tərəf çəkməyi bacaracaq. Ən başlıcası isə Poroşenkonun inzibati resurslarıdır. Onun hakimiyyət orqanlarında çalışanlardan, hərbi qulluqçulardan istifadə edərək səs çoxluğuna nail olacağını düşünürdüm. Belə görünür ki, Ukraynada vəziyyət heç də bizim təsəvvür etdiyimiz kimi deyil. Poroşenkonun komandası, belə demək mümkünsə, ona xəyanət etdi. Üzdə ona müəyyən vədlər versələr də, hərbi, təhlükəsizlik, daxili işlər nazirləri və s. bunlar şəxsi heyətin Poroşenkoya səs verməsini, inzibati resursların işə salınmasını təmin etmədilər. Zelenski seçkilərdə iki dəfə qaydaları pozsa da, məhkəmələr onun hərəkətlərini cinayət tərkibli saymadı və seçkilərdə iştirakına icazə verdi”.

Politoloq bildirib ki, Poroşenkonun qalib gəlmə imkanlarını bir neçə amillə izah edirdi:

“Birincisi, onun rəqibi adi televiziya aparıcısıdır. Zelenskinin dövlət, dövlətçilik haqqında təsəvvürü yoxdur. Müharibə aparan ölkədə başçı kimi necə fəaliyyət göstərəcəyini təsəvvür edə bilmirəm. Çünki bu ağır mirasın altından hər oğul çıxa bilməz.

İkincisi, Poroşenko çox zəif tərpəndi, əlinin altında çox böyük inzibati resurslar olmasına baxmayaraq, səs toplaya bilmədi. Mənim üçün burada qəribə olan məqam ukraynalıların öz talelərinə bu qədər etinasız yanaşmasıdır. Ukraynalılar öz ölkəsinin taleyini gənc, təcrübəsiz və milli mənsubiyyəti başqa millətdən olan birinə əmanət etdilər.

Hər halda, bu seçkilərin nəticəsində demokratiya qalib gəlsə də, Ukraynanın problemlərinin həlli məsələsində hakimiyyət başına gələn şəxsin qalib rolunda olacağı qənaətində deyiləm.

Dövlət işlərində “bişməmiş”, Ukraynanın qarşısındakı problemlərə yumoristik bir tərzdə yanaşan adamın hakimiyyət başına gəlməsi ancaq Ukraynanın zərərinə ola bilər”.

Q.Hüseynlinin sözlərinə görə, seçkinin belə nəticələnməsinin səbəbləri sırasında beynəlxalq güclərin Poroşenkoya söz verib, Zelenskiyə kömək etməsini istisna etmək olmaz:

“Şoumen Zelenski əhalini sehirləyə bildi. Ukrayna əhalisi seçkiyə tamaşaya baxırmış kimi yanaşdı. Onlar Ukraynanın taleyi haqqında tam məsuliyyətlə düşünmədilər”.

Politoloq Zelenskinin qələbəsindən sonra Ukraynada vəziyyətin pisləşə biləcəyini deyib:

“Bundan sonra Ruslar Donbası, Luqanskı və s. vilayətlərin müstəqilliyini elan edə, işğalı dərinləşdirə bilərlər. Zelenskinin ordu yaratması, müdafiə sənayesi kompleksini inkişaf etdirməsi, Ukraynanı silahlandırması və s. hamısı sual altındadır.

Zelenski düşünür ki, informasiya müharibəsi ilə Donbası geri qaytaracaq. Buradan belə çıxır ki, o, güclü təbliğat quracaq, şou yaradacaq və orada yaşayan ruslar informasiya müharibəsindən məmnun qalıb hamısı könüllü surətdə Ukraynanın tərkibinə daxil olacaqlar. Bu xam xəyal kimi bir şeydir”.

Q.Hüseynli Poroşenkonun hakimiyyətdən soyuqqanlılıqla əl çəkməsinin səbəblərindən də danışıb:

“Poroşenko seçkilərin rəsmi nəticələri açıqlanmamış məğlubiyyətini bəyan etdi, hakimiyyətdən əl çəkdi.

Poroşenkonun məğlubiyyətlə belə tez barışması onu göstərir ki, o, hakimiyyətdən bezmişdi. Poroşenko ölkəni darə etməkdə çətinlik çəkməklə yanaşı, bundan sonra hakimiyyət yükünün daha da ağır olacağını başa düşürdü”.

Qeyd edək ki, Ukrayna Mərkəzi Seçki Komissiyası səslərin 90.25 faizinin sayıldığını açıqlayıb. Hazırkı nəticələrə əsasən, Vladimir Zelenski 73.18 faiz, Pyotr Poroşenko isə 24.49 faiz səs toplayıb.

Poroşenko isə ötən gün axşam saatlarında “ekzit-poll” nəticələri açıqlanan kimi rəqibini qələbə münasibəti ilə təbrik etmişdi.


Oxunma sayı: 7051

Oxşar yazılar