Gürcüstan hökuməti dövlət büdcəsini təqribən iki dəfə artırmaq niyyətindədir

  • 17:21 - 20 Aprel

Gürcüstan hökumətinin 2019-2020-ci illər üçün çox ciddi, iddialı planları var. Növbəti ildə bizim konsolidə olunmuş büdcəmiz ən azı 27 milyard lari (təqribən 10 milyard ABŞ dolları) olacaq.

Bu sözləri Gürcüstanın Baş naziri Mamuka Baxtadze hökumətdəki son kadr dəyişikliyini şərh edərkən söyləyib. O deyib ki, ölkənin iqtisadi inkişafı ilə bağlı hazırlanan planları həyata keçirmək üçün operativ hərəkət mexanizmi lazımdır. Bizə cəmiyyətin və iş adamlarının maraqlarını qoruyan operativ qərarlar qəbul edən ciddi rejim lazımdır. Əvvəlki nazir Qiorgi Kobulia çox yaxşı nazir idi. Onun Gürcüstanın inkişafı ilə bağlı hazırladığı layihələrdən gələcəkdə istifadə edəcəyik. “Düşünürəm ki, yeni iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava və onun komandası bunun öhdəsindən gələcək. İnanıram ki, onun sosial reallıqlarla bağlı daha düzgün və dolğun baxışları var”, - deyə Baxtadze vurğulayıb.

Baş nazir hökumətin də yeni nazirə dəstək olacağını bildirib. Onun sözlərinə görə, mövcud resurslar qarşıya qoyulan məqsədlərə tam nail olmaq üçün azdır. Bununla belə hökumət konkret addımlar atmaq barədə qərar qəbul edib.

Hazırda 2019-cu ilin dövlət büdcəsi 12,8 milyard lari (təqribən 4,8 milyard dollar) təşkil edir. Bu rəqəmi təqribən iki dəfə artırmaq və 27 milyard lariyə çatdırmaq üçün büdcədə əsas diqqət ölkəyə genişmiqyaslı investisiyaların cəlb olunmasına, səmərəli sosial proqramların həyata keçirilməsinə, təhsil, tikinti sahələrinin inkişafına yönəldiləcək.

Məlumat üçün qeyd edək ki, M.Baxtadze Baş nazir təyin olunduqdan sonra iqtisadiyyat nazirinin başqası ilə əvəzlənməsi hökumətdə ilk kadr dəyişikliyi idi. Bəzi analitiklərin fikrincə, Gürcüstan hökuməti qarşıya qoyulan məqsədlərə çatmaq üçün çox güman ki, yeni kadr dəyişiklikləri edəcək. Bəzi nazirlər yeniləri ilə əvəzlənəcək.


Oxunma sayı: 6567

Oxşar yazılar