Konqoda Ebola virusuna qarşı mübarizəyə kömək edən DST əməkdaşı qətlə yetirilib

  • 16:10 - 20 Aprel

Konqo Demokratik Respublikasında (KDR) xəstəxanaya hücum nəticəsində epidemioloq həkim Riçard Valeri Muzoko Kibunq həlak olub. Bu şəxs Ebola virusunun yayılmasının qarşısını almaqda yerli həkimlərə kömək edirdi. BMT-nin və Dünya Səhiyyə Təşkilatının (DST) rəhbərləri bu hücum faktını pisləyiblər. 
 

Təşkilatın Baş katibi Antonio Quterreş KDR-in hakimiyyət orqanlarına müraciətlə təqsirkarların tapılıb məsuliyyətə cəlb olunması üçün tədbirlər görməyə çağırıb. 

DST-nin epidemioloqu doktor Riçard Valeri Muzoko Kibunq Butembo şəhərindəki universitet xəstəxanasına hücum nəticəsində həlak olub. Onun iki həmkarı yaralanıb, lakin onların vəziyyəti sabitdir. 

DST-nin baş direktoru doktor Tedros Qebreyesus deyib: “Həmkarımız və məsləkdaşımız doktor Muzokonu itirdiyimizə görə hamımız kədərlənirik. Doktor Muzoko başqa insanları xilas etməyə çalışarkən onun özünün təhlükəsizliyinə qəsd edilib”. Doktor Qebreyesus və BMT-nin Baş katibi Antonio Quterreş həlak olmuş həkimin yaxınlarına başsağlığı veriblər. Qeyd edək ki, bu ilin əvvəlindən KDR-də silahlı qruplar bir neçə tibb mərkəzinə hücum ediblər. 

“Bu faciə bir daha xatırladır ki, həkimlər başqalarının sağlamlığını və həyatını qoruyarkən özləri təhlükəyə məruz qalır”, - deyən DST rəhbəri vurğulayıb ki, tibb işçiləri və tibb müəssisələri heç bir halda cinayətkarların hədəfinə çevrilməməlidirlər. Doktor Qebreyesus bildirib ki, DST ölkədə yaranmış vəziyyəti həm pasiyentlərin, həm də Ebolaya qarşı mübarizədə iştirak edən tibbi heyətin və digər əməkdaşların təhlükəsizliyi baxımından qiymətləndirəcək. 

DST-nin baş direktoru deyib: “Bununla belə, biz Ebola virusunun yayılmasının qarşısını mümkün qədər tezliklə almaq üçün KDR Səhiyyə Nazirliyinə bundan sonra da dəstək vermək əzmindəyik”. 

BMT-nin rəhbəri KDR hakimiyyət orqanlarına müraciətlə bu hücumu törədənləri tapmaq və onları məsuliyyətə cəlb etmək üçün mümkün olan bütün tədbirləri görməyə çağırıb. BMT-nin bəyanatında deyilir: “Baş katib Konqo Demokratik Respublikası xalqı və hökuməti ilə həmrəy olduğunu bildirir və bir daha təsdiq edir ki, BMT sisteminə daxil olan bütün müəssisələr Konqo hakimiyyət orqanları ilə əməkdaşlıq əzmindədirlər”. 

DST mütəxəssislərinin fikrincə, budəfəki Ebola epidemiyası KDR tarixində ən genişmiqyaslı epidemiyadır.


Oxunma sayı: 7623

Oxşar yazılar