Alman müəllim və tələbələr “Ulduz” şokolad fabrikində – Fotolar

  • 19 Apr - 2019

Ulduz Şokolad Fabrikində “Açıq qapı” siyasəti həyata keçirilir və maraqlanan hər kəs, fərdi və ya qrup şəklində fabrikə səfər edə, istehsalat prosesini yaxından izləyə bilər.

Almaniyanın  Siegen Universitetinin müəllim və tələbə heyəti Azərbaycanda kiçik və orta sahibkarlıq mövzusunun araşdırılması məqsədilə Ulduz Şokolad Fabrikinə səfər edib. Fabrikdə baş tutan görüşün məqsədi  Azərbaycan Dövlət İqtisad Universiteti ilə Siegen Universiteti arasında  tələbə və təhsil təcrübəsinin  mübadiləsini nəzərdə tutan “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” (EE-KEY-AZ Entrepreneurship Education: a Key to Job Creation and Employability in Azerbaijan) layihəsinə dəstək göstərmək olub. 

Tədbirin açılışını edən “Ulduz” Şokolad Fabrikinin İctimaiyyətlə Əlaqələr bölməsinin müdiri Afaq İbrahimova qonaqları salamlayaraq, onlara və İqtisad Universitetinin nümayəndələrinə sözügedən mövzunun araşdırılması üçün məhz Ulduz Şokolad Fabrikini seçdiklərinə görə təşəkkürlərini bildirib. Ardınca fabrikin tarixi, fabrikdə istehsal olunan məhsullar və s. haqqında qonaqlara ətraflı məlumat verilib, daha sonra isə onlara istehsalat sahəsi göstərilib. 

Görüşün davamında Siegen Universitetinin Ailə Biznesi və Sahibkarlıq Kafedrasının müdiri Petra Mug, həmçinin ADİU-nun Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici Əlaqələr Şöbəsinin müdiri vəzifəsini icra edən Afət Ələkbərova fabrikə  universitet və tələbələr adından təşəkkürlərini bildirib, məlumatlandırma tədbirinin yüksək səviyyədə təşkil olunduğuna görə xüsusi minnətdarlıqlarını ifadə ediblər.

Sonda qonaqlarla birlikdə xatirə şəkli çəkdirilib, onlara Ulduz Şokolad Fabriki adından hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Ulduz Şokolad Fabrikində “Açıq qapı” siyasəti həyata keçirilir və maraqlanan hər kəs, fərdi və ya qrup şəklində fabrikə səfər edə, istehsalat prosesini yaxından izləyə bilər.


Oxunma sayı: 231

Oxşar yazılar