TANAP yayda hazır vəziyyətə gətiriləcək

  • 23:30 - 18 Aprel

Azərbaycan 2019-cu ilin iyununda Trans-Anadolu boru kəmərini (TANAP) Avropaya sınaq qaz tədarükünün başlanması üçün hazır vəziyyətə gətirməyi planlaşdırır.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) istinadən məlumat verir.

Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qazın Avropaya ötürülməsinə və bölgənin təbii qaz təchizatına töhfə verəcək TANAP-ın Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan 2-ci fazasında son mərhələyə start verilib.

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çərçivəsində 2019-cu il aprelin 15-dən etibarən sistemə qaz verilməyə başlanıb. 2019-cu ilin iyununda sistemin istismara hazırlıq işlərinin tamamlanması və Avropaya sınaq məqsədilə qazın nəqli üçün hazır vəziyyətə gətirilməsi planlaşdırılır.

  •  

TANAP çərçivəsində yekun işlər boru kəmərinin Əskişəhərdəki Seyidqazi rayonundan Ədirnədəki İpsala rayonunadək olan hissəsini nəzərdə tutur.

TANAP hazır vəziyyətə gətirildikdən sonra Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisinin başa çatdırılması gözlənilir.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP-a birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.


Oxunma sayı: 12705

Oxşar yazılar