Eynulla Fətullayevin "dağıdılır" çağırışına nazirlikdən cavab – Foto

  • 14:10 - 18 Aprel

Tanınmış jurnalist Eynulla Fətullayev ictimaiyyətə və mediaya həyəcanlı müraciət edib.

Avropa.info xəbər verir ki, Fətullayev sosial şəbəkə hesabında bir foto paylaşaraq, tarixi abidə aşkar edildiyini bildirib.

"Təzə Pir məscidinin yanında fundament qazılan zaman nadir tarixi abidə aşkar edilib. Həmin abidəni dağıtmaq istəyirlər!! Dəstək verin, heç olmasa bu abidələri qoruyub-saxlayaq".

Jurnalistin bu çağırışı ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Report-un sorğusuna cavab olaraq bildirib ki, həmin tikili tarixi abidə siyahısında olmayıb.

F.Hüseynov qeyd edib ki, həmin tikili şəxsi mülkdə olan hamamın külxanasıdır:

“Təxminən, 12 il əvvəl orada tikinti işləri görülüb və yaxınlıqda avtomobil dayanacağı da olub. Tikinti işləri gedən zaman da həmin hamam sökülüb, yerin alt hissəsində isə külxanası qalıb. Çünki külxanalar həmişə tikili özülünün aşağısında olub. Bu cür hamamlar şəxsi mülkə aid olsa da, abidə sayıla bilər, lakin həmin tikili tarixi abidə siyahısında olmayıb”.

Yasamal Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, bu məsələ ilə Mədəniyyət Nazirliyi məşğul olur.


Oxunma sayı: 3817

Oxşar yazılar