Ermənistanda polis qıtlığı yaranıb - Rəsmi

  • 17 Apr - 2019

Ermənistan hökuməti əmək bazarında tələbatın daha çox olduğu sahələr üzrə mütəxəssislərin hazırlanmasına istiqamətlənən qərar qəbul etmək niyyətindədir.

Bu barədə Ermənistanın nüfuzlu “Jamanak” qəzeti hökumətin bu qərar layihəsinə əlavə edilən izahat sənədinə əsasən yazıb.

Sənəddən məlum olur ki, hazırda Ermənistanın hüquq-mühafizə orqanlarında, xüsusən də, polis idarələrində ciddi kadr çatışmazlığı var.

“Hökumətin müvafiq qərar layihəsinə əlavə edilən izahat vərəqindən belə aydın olur ki, hazırda Ermənistanda ən çox tələb olunan peşə “polis işi”dir. Hökumət bu qərarı ilə 200 nəfərin ödənişsiz əsasda polis təhsili almasına və tələbatın çoxaldığı bu peşəyə yiyələnməsinə vəsait ayıracaq” – qəzet yazıb.

Həmçinin vurğulanıb ki, Ermənistanda polis çatışmazlığının başlıca səbəbi polis birliklərinin (keçmiş daxili qoşunlar) ölkə sərhədlərində döyüş növbəsi və sərhəd-nəzarət işinə cəlb olunması ilə əlaqədardır. Belə ki, 2018-ci ilin yayında verilən qərarla baş nazir Nikol Paşinyan Ermənistan ordusunun say tərkibinin qənaətbəxş olmadığını nəzərə alaraq, işə yaramayan və daha çox təhdid-təzyiq funksiyasını icra edən polis qüvvələrini Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərində döyüş vəzifələrinin həyata keçirilməsi işinə cəlb edib.

Nəticədə, ortaya çıxan polis qıtlığı üzündən ictimai asayişin qorunmasında bir çox problemlər yaranıb və ölkədə kriminal vəziyyət kəskinləşib.

Ekpertlərin fikrincə, Paşinyanın polis qüvvələrinin say tərkibini yenidən çoxaltmaq istəyi son zamanlar əhalinin etiraz aksiyalarının mütəmadiləşməsi ilə əlaqədardır. Belə ki, seçkiqabağı verdiyi vədləri hələ də yerinə yetirmədiyinə görə Paşinyan gələcəkdə ona qarşı başladılacaq kütləvi etirazlardan ehtiyat edərək aksiyaları güc vasitəsilə boğmaq barədə indidən tədbir görür.

Azvision.az xatırladır ki, Ermənistanda 26 il əvvəl formalaşdırılan polis qüvvələrinin (keçmiş daxili qoşunlar) funksiyası dövlət və ictimai təhlükəsizliyin təmin edilməsidir.


Oxunma sayı: 396

Oxşar yazılar