Mehriban Əliyevadan Orxan Camalın oğlu ilə bağlı göstəriş – Heydər Əliyev Fondu jurnalistin oğlunun bütün təhsil haqlarını öz üzərinə götürdü

  • 11:30 - 17 Aprel

Heydər Əliyev Fondu Azərbaycan əsilli rusiyalı yazıçı-politoloq Heydər Camalın qızı Kausar Camalın və jurnalist Orxan Camalın oğlu Mansur Camalın bütün təhsil haqlarını öz üzərinə götürüb.

Bu barədə Trend-ə Heydər Camalın həyat yoldaşı Gülnar Camal məlumat verib.

Qeyd edək ki, son günlərdə müxtəlif saytlarda 2018-ci ildə Mərkəzi Afrika Respublikasında film çəkilişləri zamanı qətlə yetirilən tədqiqatçı-jurnalist Orxan Camalın oğlu Mansur Camalın bəzi iş adamları tərəfindən "himayəyə götürülməsi" barədə məlumatlar yayılıb. Bununla bağlı məsələyə aydınlıq gətirən Gülnar Camal bildirib ki, həyat yoldaşı Heydər Camalın ölümündən və oğlunun qətlindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ailəyə başsağlıqlarını çatdırıb: “2018-ci ildə Bakıda Mehriban xanım Əliyeva ilə görüşümüz oldu. Elə həmin görüşdə Mehriban xanım bizim ailəyə Heydər Əliyev Fondu tərəfindən istənilən köməyi göstərməyə hazır olduğunu bildirdi. Hazırda Heydər Əliyev Fondu Heydər Camalın qızı Kausar və Orxan Camalın oğlu Mansurun təhsilində bizə dəstək göstərir. Bu dəstəyə görə öz dərin minnətdarlığımızı bildiririk və hiss edirik ki, Azərbaycan bizim ikinci Vətənimizdir!”.

Heydər Əliyev Fondu göstərdiyi dəstək və yardımla bağlı məlumatların ictimailəşdirilməsinin tərəfdarı olmadığını bildirib və bununla yanaşı Gülnar Camalın verdiyi məlumatı təsdiqləyib. Qeyd olunub ki, Fond Heydər Camal və Orxan Camalın ailəsi ilə müntəzəm əlaqədədir və azərbaycanlı ziyalıların övladları Fondun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fondun himayəsinə götürülüb.


Oxunma sayı: 7172

Oxşar yazılar