Azərbaycan analitikləri: Qarabağ Avropa İttifaqı ilə Rəsmi Bakının razılaşmasında maneədir?

  • 13 Apr - 2019

Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov Brüsselə səfəri zamanı dedi ki, Bakı ilə Brüssel arasında imzalanacaq saziş 90 faiz razılaşdırılıb. Siyasi ekspertlər arasında bundan sonra belə bir sual aktualaşıb: “Görəsən, razılaşdırılmayan 10 faizdə nələr var?”

Avropa.info bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzinin növbəti təhlilində bu suala cavab axtarılıb.

Azərbaycan analitikləri bildirirlər ki, sazişdə bir çox bəndlər var: “Bunlardan Azərbaycan üçün ən vacibi enerji əməkdaşlığının genişləndirilməsidir. TANAP boru xətti 2020-ci ildə hazır olacaq. Azərbaycan bu boru xətti ilə öz qazını Avropaya çatdıracaq. Ona görə də rəsmi Bakı TANAP tikilənə qədər-elə bu il Brüssellə strateji sazişin imzalanmasında maraqlı olmalıdır.

Belə olan halda sazişin imzalanması niyə gecikir?

Bəzi xəbərlərə görə, rəsmi Bakı həmin sazişdə Azərbaycanın ərazi bütövlüyünün birmənalı vurğulanmasını istəyir. Müxtəlif məlumatlara görə, guya avropalı diplomatlar tərəddüd keçirirlər. Aydındır ki, rəsmi Bakı haqlı olaraq istəyir ki, sənəddə belə bir bənd yer alsın: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır”. Bu bəndə etiraz edəcək bir dövlət var – Ermənistan. Ancaq Ermənistan elə bir güc deyil ki, Avropa İttifaqı İrəvanın etırazına görə ərazi bütövlüyü ilə bağlı bənddən imtina etsin”.

Mərkəz əslində bu bəndin Arvopanın da maraqlarına uyğun olduğunu qeyd edib. Çünki Avropa İttifaqı Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir. Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü vurğulayan bir neçə qətnamə qəbul edib. Odur ki, eyni bəndin sazişə salınması Brüssel üçün problem olmamalıdır: “Avropa İttifaqı ilə strateji sazişin imzalanmasıyla bağlı Azərbaycanda fərqli baxış yoxdur. Başda hakimiyyət olmaqla, müxalifətin bütün spektri Bakı ilə Brüssel arasında strateji əməkdaşlıq sazişinin imzalanmasının tərəfdarıdır. Ən vacibi də budur.

Sazişin imzalanmasını əngəlləyən səbəblərdən biri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü gecikdirməsidir. Rəsmi Bakı bu üzvlüyün əleyhinə deyil. Sadəcə, rəsmi Bakı Azərbaycanda rəqabətqabiliyyətli məhsullarının istehsalı hədəfinə çatdıqdan sonra Ümumdünya Ticarət Təşkilatına üzvlük danışıqlarını intensivləşdirməyi planlaşdırır. Ancaq bu üzvlüyün gecikdirilməsi Brüssellə strateji sazişin imzalanmasına mane olmamalıdır. Bakı ilə Brüsselin imzalayacağı sazişdə bəndlərdən biri kimi Azərbaycanın qısa müddətdə Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə nail olacağı yazıla bilər.

Azərbaycanda demokatik təsisatların inkişafı bəndi də sənəddə əks olunacaq. Brüssel istəyir ki, onunla əməkdaşlıq sazişi imzalayan dövlət insan hüquqlarına və demokratik təsisatlarınn fəaliyyətinə hörmət etsin, vətəndaş cəmiyyətinin inkişafına dəstək versin. Bu bəndin varlığı Azərbaycanın özünə lazımdır ki, bu sahədə də islahatların dərinləşdirilməsi təmin edilsin”.


Oxunma sayı: 88

Oxşar yazılar