NATO-nun 70 illiyi: üzvlər arasında ziddiyyətlərin yeni mərhələsi

  • 18:00 - 08 Aprel

Avropa.info newtimes.az-ın yazısını təqdim edir:

Amerikanın paytaxtında Şimali Atlantika Alyansının 70 illik yubileyi təntənə ilə qeyd edilib. Yubiley tədbirləri hay-küylü bəyanatların fonunda baş tutub. Üzv dövlətlər arasında fikir ayrılığı çərçivəsində bir sıra hadisələr baş verib ki, ekspertlər onların əsasında analiz aparır və proqnozlar verirlər. O cümlədən ABŞ-Türkiyə münasibətlərinin dinamikasına işıq salmağa çalışırlar. Ancaq burada bir başlıca məqam nədənsə unudulur. Məsələ ondan ibarətdir ki, Amerika, ümumiyyətlə, NATO üzvləri ilə ziddiyyətə girib. Fransa və Almaniyanın müstəqil Avropa ordusu yaratmaq ideyasını irəli sürməsi məhz bu aspektlə bağlıdır. Bunun fonunda da Amerikanın Türkiyəyə qarşı əsassız iddialarının morfologiyasını anlamaq olar. Digər tərəfdən, burada Rusiya faktorunun rolunu unutmaq olmaz. Bütün bu məqamların işığında Alyansın 70 illik yubileyi kontekstində böyük dövlətlər arasında geosiyasi münasibətlərin bəzi mühüm aspektləri üzərində geniş dayanmağa ehtiyac görürük.

Hamıya hücum: Vaşinqton Şimali Atlantika Alyansını parçalayır?

Vaşinqtonda NATO-nun yaradılmasının 70-ci ildönümü ilə bağlı üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı keçirilib. NATO dünyanın ən nüfuzlu hərbi bloku sayılır. Orada ABŞ ən güclü orduya malikdir. Sonrakı yerdə Türkiyədir. Lakin indi NATO-nun məhz bu iki üzvü arasında müəyyən anlaşılmazlıq mövcuddur. Bu məsələ o dərəcədə qabarıb ki, təşkilatın 70 illik yubileyi ərəfəsində ciddi surətdə söz atışmaları özünü göstərib. Bu məqamdan bir sıra ölkələrin siyasi və ekspert dairələri istifadə etməyə çalışaraq, iki dövlət arasında münasibətləri daha da gərginləşdirməyə cəhd edirlər. Əslində, problemin mahiyyəti ciddi faktorlarla bağlıdır.

Donald Tramp prezident seçildikdən sonra ABŞ-ın bütövlükdə hər bir NATO üzvünə etirazı meydana çıxdı. Amerika prezidenti açıq bəyan etdi ki, təşkilatın üzvləri Vaşinqtonun pulunu xərcləyir, lakin lazımi məqamda ona dəstək vermirlər. Bu səbəbdən NATO üzvləri təşkilata daha çox pul ayırmalıdırlar. Ancaq ABŞ-ın bu tələbinə onun ənənəvi müttəfiqləri olan Avropa dövlətləri ehtiyatla yanaşdılar. Bu cür yanaşma indi də müşahidə edilir. Fransa və Almaniya kimi böyük dövlətlər büdcədən NATO üçün 2 faiz ayırmağa elə də isti yanaşmırlar.

Bundan əlavə, Fransa və Almaniya Avropanın Amerikadan asılı olmayan öz ordusunu yaratmaq ideyasını irəli sürüblər. Bu məsələni daha çox Fransa prezidenti Emmanuel Makron gündəmə gətirir. Həmin səbəbdən də Fransada etiraz hərəkatı başlayıb. Prezident Donald Tramp açıq deyir ki, fransızlar onu daha çox sevirlər. Almaniyanın kansleri Angela Merkel də Vaşinqtonun hərbi çətirindən qurtulmağın tərəfdarıdır. Həmin səbəbdən Berlin-Vaşinqton xəttində soyuq küləklər əsməkdədir.

Bütün bunlar onu göstərir ki, Şimali Atlantika Alyansı daxilində fikir ayrılıqları az deyil və onu ancaq ABŞ-Türkiyə münasibətləri ilə məhdudlaşdırmaq olmaz. Bütövlükdə təşkilatın struktur və funksional ziddiyyətləri dərinləşməkdədir. Bu isə təbii olaraq üzv dövlətlər arasında etimadı zəiflədir. Onlar təhlükəsizliklərini təmin etmək üçün müstəqil hərəkət etməyə məcburdurlar. O da məntiqidir ki, belə gedişatda fikir ayrılıqları daha da dərinləşə bilər. Vaşinqton-Ankara xəttində müşahidə edilən gərginliyə bu prizmadan baxdıqda, maraqlı qənaətlər əldə etmək olur.

ABŞ Türkiyənin Rusiyadan "S-400" zenit-raket sistemləri almasını etirazla qarşılayıb. Vaşinqtonun fikrincə, bu sistemlər vasitəsilə Rusiya NATO-nun hərbi potensialının informasiya sahəsinə nüfuz edib, sirləri öyrənə bilər. Ancaq türk mütəxəssislər bunun əsassız olduğunu deyirlər. Çünki Yunanıstan çoxdandır ki, "S-400"lərdən istifadə edir, ancaq onların vasitəsilə NATO-ya hansısa zərərin dəydiyindən danışılmır. Bəs Türkiyəyə qarşı niyə belə mövqe tutulur?

Bunun müxtəlif səbəbləri qeyd olunur. Başlıca məqam kimi Türkiyənin müstəqil xarici siyasət yeritməsi göstərilir. Doğrudan da, Türkiyə artıq dünya miqyasında təsiri olan müstəqil mövqe nümayiş etdirir. O cümlədən Vaşinqtonun direktivlərini yerinə yetirməkdən imtina edir. Bu cür mövqe Ankaranın həm Vaşinqtonla, həm də Brüsellə əlaqələrinə mənfi təsir göstərir. Buna baxmayaraq, Ankara seçdiyi xəttdən imtina etmir. "S-400"lərlə bağlı situasiya isə daha konkret faktorlarla əlaqəlidir.

Türkiyənin "günahı": müstəqil və güclü olmaq istəyi

Məsələ ondan ibarətdir ki, Yaxın Şərqdə terror dalğası güclənəndə Türkiyə NATO-dan hava sahəsini qorumasını istədi. Öncə bir neçə "Patriot" sistemini Türkiyə ərazisində yerləşdirdilər. Ancaq bu sistemləri yalnız ABŞ və Avropa hərbçiləri işlədə bilirlər. Onlar türklərin "Patriot"ları öyrənməsini təmin etmədilər. Üstəlik, Suriyadan Türkiyəyə terrorçular raket atanda və rus qırıcıları Türkiyə sərhədi ətrafında tüğyan edəndə, NATO-dan heç bir tərpəniş olmadı. Onda Ankara anladı ki, təhlükəsizliyinin havadan təmini böyük risk altındadır. Türkiyə öncə Rusiyaya məxsus qırıcını vurdu və sübut etdi ki, onun hava sərhədini pozanlar cəzasız qalmır. Nəticədə, iki dövlət arasında ciddi narazılıq yarandı. Lakin türklər bu ziddiyyəti də həll etdilər.

Digər tərəfdən, Ankara NATO-dan hava hücumundan müdafiə sistemləri ilə təmin olunmağı tələb edirdi. Bu dəfə də təşkilat sükut etdi. Bu halda Ankara digər böyük dövlətlərə üz tutmağa məcbur oldu. Çinlə bir müqavilə imzalandı. Moskva bunu duyub, Ankara ilə işləri nizama salmağa tələsdi. Nəticədə, Rusiya ilə Türkiyə "S-400" məsələsində razılaşdı. Türkiyə Çinlə imzalanan müqavilədən imtina etdi.

İki ölkə bütün sferalarda əlaqələri daha da genişləndirərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdilər. Hazırda Rusiya və Türkiyə sürətlə əməkdaşlığı inkişaf etdirirlər. Bu məqamda Vaşinqton tələb edir ki, Türkiyə "S-400"ləri almaqdan imtina etsin. Faktiki olaraq bununla Rusiya-Türkiyə münasibətlərində çat yaratmağa çalışırlar.

NATO-nun 70 illik yubileyi ərəfəsində də Amerikanın yüksək vəzifəli şəxsləri Türkiyəni hədələyən bəyanatlar verdilər. Onlar dedilər ki, belə getsə, Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcək, o cümlədən "F-35" qırıcılarını verməyəcəklər. Buna baxmayaraq, Ankara öz sözünü deyir. Amerikaya mesaj göndərildi ki, ya terrorçuları, ya da Türkiyəni seçsin. Vaşinqton terrorçuları seçməklə NATO-da uçurum yaratdı, təhlükəsizliyi riskə atdı. Bu səbəbdən də seçim etməli olan Vaşinqtondur. "S-400"lərə gəldikdə isə, Ankara sazişdən imtina etməyəcək. Eyni zamanda, "Patriot"ları da ala bilər.

Belə çıxır ki, Şimali Atlantika blokunun 70 illiyinin keçirildiyi bir vaxtda bu kimi problemlərin özünü göstərməsinin başlıca səbəbi Vaşinqtonun tutduğu mövqedir. Amerika özünün geosiyasi maraqları üçün istənilən müttəfiqini çətin vəziyyətə salmağa hazırdır. Almaniya, Fransa, Türkiyə bunu öz üzərlərində birbaşa hiss etdilər. Daha çox Türkiyə bu cür yanaşmadan əziyyət çəkir. Yaxın Şərqdə baş verən hadisələr fonunda bu məsələ daha aktual görünür. Hətta NATO-nun baş katibi Yens Stoltenberq etiraf edir ki, Yaxın Şərqdəki terrordan təşkilat üzvlərindən ən çox Türkiyə ziyan görüb. Çünki bu ölkə həmin regiondadır və sərhədləri boyu silahlı toqquşmalar baş verir.

Bundan başqa, məhz Amerika Türkiyəyə düşmən olan terror qruplarına yardım edir. Əsas olaraq PYD/YPG-yə hərtərəfli yardımlar edir. Düşündürücüdür ki, Vaşinqton bu mövqeyindən əl çəkmir. İndi də Yaxın Şərqdəki terror qruplarına Amerikadan silah və maliyyə yardımı davam edir. Belə bir şəraitdə Türkiyə nə etməlidir?

Əlbəttə, təhlükəsizliyini təmin etmənin qayğısına qalmalıdır. Bu yolda onu NATO-dan çıxarmaq istəsələr belə, geriyə dönüş olmamalıdır. Çünki söhbət, ümumiyyətlə, türk dövlətinin mövcudluğundan gedir. Bu baxımdan NATO-nun yubileyi ərəfəsi Vaşinqton boş yerə özünü yorub.

Ekspertlər bütün bunların fonunda Rusiya-Türkiyə münasibətlərinin daha da inkişaf edəcəyini proqnozlaşdırırlar. Doğrudur, Rusiyada bəzi ekspertlər yaranmış vəziyyəti Rusiyanın diqtəsi kimi qələmə verməyə çalışırlar. Onlar guya Moskvanın Ankaraya ultimatum verərək, özünə yaxınlaşdırdığından dəm vururlar. Ancaq reallıq ondan ibarətdir ki, Türkiyə kifayət qədər böyük dövlətdir və onunla ultimatum dilində heç kimsə danışa bilməz. Belə olsaydı, indi Amerika ofsaydda qalmazdı.

Rusiya ilə Türkiyənin əməkdaşlığı hər iki tərəfə faydalıdır. Bütövlükdə Avrasiya geosiyasi məkanı üçün sərfəlidir. Çünki bu iki böyük dövlət geniş bir ərazidə təhlükəsizliyin, əməkdaşlığın və qarşılıqlı faydalı əlaqələrin yeni səviyyəyə yüksəlməsinə ciddi təkan verə bilərlər. Bu aspektdə hazırkı proseslərə nəzər salanda, Vaşinqton və Brüsselin daha çox narahat olması nəticəsini çıxara bilərik. Çünki Türkiyə NATO-dan çıxsa, daha müstəqil və daha güclü ola bilər. NATO üzvü olmaq da Ankaraya ziyan vermir. Yeganə şərt - Türkiyənin inkişafının qarşısında durmamaqdır. Vaşinqton bu istiqamətdə mövqeyini dəyişsə, Türkiyənin timsalında Yaxın Şərqin lider dövləti ilə dostluğu davam etdirə biləcək. Amerikanın başqa seçimi yoxdur!


Oxunma sayı: 15411

Oxşar yazılar